“Media haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri “Media haqqında” yeni qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsini keçirib.
“Report”un xəbərinə görə, onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və media orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açıb. O bildirib ki, məqsəd üçüncü oxunuşdan əvvəl qanun layihəsinin yenə də geniş müzakirəsini təşkil etməkdir.
“APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı çıxışında qeyd edib ki, bu qanun layihəsi, ümumiyyətlə, media sahəsini əhatə etmir, media subyektləri üçün hüquqi bazadır: “Qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Açığı, son illərdə hansısa qanun layihəsinin bu qədər müzakirə olunduğunu xatırlamıram. Hesab edirəm ki, sosial mediada cəmiyyətin bütün tərəfləri qanun layihəsinə fikrini bildirib, müzakirələrdə iştirak etdilər”.
“Real TV”nin rəhbəri Mirşahin Ağayev isə Əli Həsənovun yaratdığı media ənənəsindən qurtulmağı zəruri sayıb: “Media haqqında” yeni qanun layihəsi əvvəlki qanundan qat-qat liberaldır. Burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir. Bu qanun layihəsi təkcə Azərbaycan mediasının müstəqilliyini yox, Azərbaycan dövlətinin müstəqilliyini müdafiə edən bir qanun olmalıdır. Bəziləri bu qanun haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Onlar istəmirlər ki, biz güclü olaq. Onlar istəyirlər ki, köhnə mühitdə qalaq. Onlar bilirlər ki, bu qanun qəbul olunduqdan sonra meydanda at oynada bilməyəcəklər”.
Oxu.az saytının baş redaktoru Pərvin Abbasov qeyd edib ki, 77.2-ci maddənin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var: “77.2-ci maddədə mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalistin məsuliyyət daşımadığı hallar yer alıb. Düşünürəm ki, bu halların siyahısı genişləndirilməlidir. Məsələn, bəzi sənədlər Milli Məclisə daxil olur, həmin sənəd parlament müzakirəsinə çıxarılmadan onu bəzi bacarıqlı jurnalistlər əldə edərək xəbərlər hazırlayırlar. Jurnalist həmin sənəddə yer alanlara görə məsuliyyət daşıya bilməz”.
MEDİA-nın icraçı direktoru isə bu cür sənədlərin, hesabatların açıq olduğunu, jurnalistin buna görə məsuliyyətə cəlb edilə bilməyəcəyini söyləyib.
Sonra tədbirdə çıxış edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev həmkarlarının qanun layihəsi ilə bağlı çıxışları ilə həmfikir olduğunu söyləyib: “Həmkarlarım da çıxışlarında vurğuladılar ki, bu qanun layihəsinin çox geniş şəkildə müzakirəsi keçirilib. Bir çox səsləndirilən fikirlərin qanun layihəsinin yenilənmiş variantında əksini tapacağı qeyd edilib. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsinə ehtiyac var. Ancaq gələcəkdə hər hansı bir məsələlər ortaya çıxarsa, o zaman bu qanuna hər hansı dəyişiklik və ya əlavələr edilə bilər”.
Müzakirələrin gedişi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, “Media haqqında” qanunla bərabər digər normativ-hüquqi aktlara da müvafiq dəyişikliklər olmalıdır.
Çıxış edən jurnalistlərdən bəzilərinin suallarını cavablandırarkən isə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı müzakirələrin getdiyini vurğulayıb: “İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək? Bu qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq”.
Tədbir daha sonra çıxışlarla davam etdirilib.