MEDİA Agentliyi yeni qanun layihəsinin ilk müzakirəsinə münasibət bildirib
Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı bir sıra media nümayəndələri tərəfindən ifadə edilən fikirlərə münasibət bildirib.
MEDİA-dan “Report”a verilən məlumata görə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Konstitusiya qanununun 9.2-ci maddəsində normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla biləcəyi göstərilir:
“İctimai iştirakçılıq haqqında” qanununun 18.1-ci maddəsində Azərbaycan Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin Azərbaycan Milli Məclisinin Aparatı tərəfindən təşkil edildiyi təsbit olunub.
“İnformasiya əldə etmək haqqında” qanununun 29.1.10-cu maddəsində isə informasiya sahibinin normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan onları açıqlamaq vəzifəsi müəyyən edilib.
Qeyd olunan normaların məzmunundan göründüyü kimi qanun layihələrinin, o cümlədən “Media haqqında” qanunu layihəsinin ictimai müzakirəsinin təşkil edilməsi normayaratma orqanının, yəni Milli Məclisinin səlahiyyətindədir, müvafiq layihələr ya razılaşdırılmaya ya da təsdiq olunmağa göndərildiyi andan açıqlanmalı olduğundan Milli Məclis bu istiqamətdə müddəaların yerinə yetirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq “Media haqqında” qanun layihəsini açıqlamış, onu media nümayəndələrinin, ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının və bu məsələdə ictimai marağı olan digər şəxslərin müzakirəsinə təqdim edib.
Məlumat üçün bildiririk ki, hal-hazırda müvafiq qanun layihəsinin mətni ictimaiyyətin geniş müzakirəsindədir və onun ayrı-ayrı normalarının mahiyyəti, məqsədəuyğunluğu ətrafında çoxsaylı media nümayəndələri və ekspertlərini əhatə edən qarşılıqlı fikir mübadiləsi aparılmaqdadır”.