Gec olmasın…

Köhnə, vurulmuş, işdən azad edilmiş məmurların növbəti “qırxılma” əməliyyatı gedir, ya da buna hazırlıq başlayıb. Kənardan xoş görünsə, ürəkdən tikan çıxarmaq təsiri bağışlasa da, çox təhlükəli məqamdır. Sistemin özünün “kökəltdiyi” məmurları qanuni təməl yaratmadan, yeni “oyun qaydaları” elan etmədən “ətliyə” göndərilməsi məmləkət üçün ciddi təhlükələr yarada bilər – əllərində külli miqdarda pul, imkan və hələ də böyük inzibatı güc olan məmurlar gizli-açıq müqavimətə başlasalar, özünüqoruma instinktini işə salsalar, ölkəyə böyük ziyan vurarlar.

Müxalif düşərgədə ambisiyaları ilə imkanları tərs mütənasib olan, istəkləri ilə ağılları təzad təşkil edən, prinsipsiz, son 30 ildə elə o məmurlarla sistemdaxili oyunçular olub yüz oyundan çıxanlar həmin o instinkt və küskünlüklə hərəkat edən pullu məmurlarla birləşib yenə də sistemi deyil, ismi dəyişmək işinə girişə bilərlər. Rusiya əsgərinin torpağımızda olması həmin kəsimlərə əlavə stimul verə bilər – qısası, təhlükəli vəziyyətdir.

Prezident və onun yeni komandası eyforiyaya qapılmamalıdır, neçə ildir israrla, Vətən savaşındakı qələbədən sonra isə az qala qışqıraraq deyirik ki, köhnə sistem çürüyüb, işləmir, çalışmır, miladı dolub – gecikmədən, sürətlə yeni konstitusiya yazılıb qəbul edilməsi vacibdir. Yeni ictimai saziş lazımdır, yeni təməllər atılmalı, yeni “oyun qaydaları” təsis edilməlidir. Məhz bundan sonra qanunun aliliyi şəraitində böyük maliyyə amnistiyası qəbul edilməli, ölkə sağlamlaşmalıdır. Hakimiyyət səmimi şəkildə bu işə girişsə, hər cür institutsional, intellektual dəstək verməyə hazırıq. Amma anlasınlar ki, sonra gec ola bilər, sonra demədiniz deməsinlər…

14 fevral, 2021, 11:54