Azər Qasımlı: Türkiyə demokratik olmasa, bizim də şansımız az olacaq

  • 11-08-2016

 

Ərdoğandan əvvəl Türkiyə

Ərdoğan demokratik seçkilərdən istifadə edib öz hakimiyyətini möhkəmləndirmək, hətta əbədi etmək istəyir. Hər seçkilərdə qalib gələn, özünə güvənən və siyasətdən getməyi planlaşdırmayan partiya sədri nədən parlament respublikasında baş nazir yox, məhz prezident olmaq istəsin? Cavabı aydındır: prezidentin koalisiyalarsız, yəni hər zaman təkbaşına ölkəni idarə edə biləcəyinə görə. Çünki parlament respublikasında AKP nə vaxtsa iqtidarı kiminləsə bölüşməli və ya müxalifətə keçməli olacaq. Belə bir perspektiv Ərdoğanı qane edə bilməzdi. Niyə? Bunun səbəbi isə çox uzaqlara gedir - Türkiyə Cümhuriyyətinin ilk daşı atıldığı dönəmə. Türkiyə Cümhuriyyəti bir günə dünyəvi və demokratik olmayıb. I Pyotr rus xalqını dəyişməyə girişdiyi kimi, Atatürk də Türk xalqının matritsasını dəyişməyə qərar vermişdi. Bunu etdi də. Onun dövründə Türkiyə demokratik olmasa da sekulyar olub. Sekulyarlıq da bir günə mümkün olmayıb. Onu qurmaq və saxlamaq üçün nə qədər qanlar axıdılıb, nə qədər hüquqlar pozulub... Sonucda Türkiyə dünyəvi olub. Demokratiya isə bundan sonra gəlib, Türkiyə dəyişdikdən sonra! Bu gün ölkənin böyük əksəriyyəti (təxminən 65-70%) dünyəvi Türkiyənin tərəfdarıdır. Hakimiyyətdə daima dünyəvi partiyalar olub. Elita dünyəvi olub. Dini çevrələr Türkiyədə hər zaman özlərini küncə sıxılmış hesab ediblər. Dini çevrələrin partiyaları qapadılır, liderlərinə siyasətlə məşğul olma qadağası çıxarılır (o cümlədən də Ərdoğana!). Bir sözlə Ərdoğanın bu gün etdikləri dini təbəqənin dünyəvilər üzərində revanşıdır! İllər boyu "sosyete"ye nifrət edən, geniş mənada Türkiyə elitasına daxil ola bilməyənlərin revanşı. Ərdoğan bu gün - bu revanşın liderinə və simvoluna çevrilib!

Hərbi çevriliş cəhdindən əvvəl Türkiyə

Türkiyəni dəyişmək üçün Ərdoğan demokratik prosedurdan və dünyəvi siyasi təşkilatların ideyalarından istifadə etdi. Çünki o, daha əvvəlki dini partiyalardan fərqli olaraq, Türkiyənin böyük əksəriyyətinin kamalist olduğunu və onların səsini almadan heç nəyə nail ola bilməyəcəyini anlayırdı. Ona görə o, özünü "ılımlı islam" tərəfdarı kimi göstərməyə başladı və AKP-ni yaratdı. AKP-nin isə əsas siyasi hədəfi - Türkiyə siyasi meydanında mərkəz sağ partiyaları çökdürmək idi. Buna da nail oldular. Dünən də, bu gün də AKP-nin seçkilərdə uğurunun əsas səbəbi mərkəz sağ partiyaların (DYP, ANAP kimi!) çökməsində və olmamasındadır. Ərdoğan qatıldığı birinci seçkilərdə Türkiyənin Avropa Birliyinə üzv olacağını və AB ilə danışıqları davam etdirəcəyini demişdi. Elə də etdi. O, Türkiyəni Avropada görməsə də AB üzvlüyünü iki səbəbdən dəstəklədi: 1. Özünü dünyəvi cümhuriyyət tərəfdarı kimi göstərmək və kamalistlərin səsini almaq üçün, 2. "Kopenhagen kriteriyaları"nı əldə bayraq edərək Ordunu zəiflətmək üçün. Çünki bildiyiniz kimi AB-nin Türkiyə qarşısında şərtlərindən birisi o idi ki, Ordunun siyasətə qarışma mexanizmlərı aradan qaldırılmalıdır.

Ordu hər zaman kamalistlərin əlində olub. Bir sözlə Ərdoğan seçimdən seçimə kamalistlərin əli ilə kamalistləri vurdu sonuc etibarilə. Bu işdə ona Gülən camaatı da yardım etdi. Çünki ikisinin də məqsədi eyni idi - dünyəvi elitanı darmadağın etmək. Bu arada dünyəvi elitaya yaxın media quruluşları tam olaraq Ərdoğanın nəzarətinə keçir, QHT-lər sıxışdırılır, MHP-yə seçki komissiyası vasitəsilə müdaxilələr edilir. Gülən camaatı da əsasən Ordu, polis və güc strukturlarına sızmağa başladı.

Hakimiyyətin nəzarəti altında olmayan media quruluşlarına yardım etmək istəyən iş adamları sıxışdırılır, şirkətlərə yoxlamalar gəlir və xəbərdarlıqlar edilir. Ərdoğanı açıq şəkildə tənqid edənlərə qarşı məhkəmə işləri açılır, onlara qeyri rəsmi olaraq hədəqorxu gəlirlər. Hətta mitinqlərin birində Ərdoğanı tənqid edən və simvolik olaraq ayaqqabı qutusu ilə mitinqə gələn vətəndaşın evindən qumbara tapırlar... Nə qədər oxşardı bizə...

Prezident seçildikdən sonra Ərdoğan açıq şəkildə Ana Yasanı pozmağa başlayır. Davutoğlunun baş nazir vəzifəsindən kənarlaşdırılması əslində dövlət çevrilişidir. Çünki indiki Ana Yasaya görə Prezident siyasətə qarışa bilməz. Ərdoğan isə Ana Yasa gərəyi olaraq nəinki bitərəf qalmırdı, hətta AKP-nin seçki mitinqlərini aparırdı. Üstəlik universitet diplomunun olub-olmaması da ayrıca bir mövzudur. Çünki diplom mövzusu ciddi şəkildə araşdırılmadı. Halbuki üzdə faktlar və iddialar var. Bildiyiniz kimi Türkiyədə universitet diplomu olmayan şəxsin prezident seçilməsinə qadağa var.

Bir sözlə çevriliş cəhdindən əvvəl media, parlament, polis, özü də Ana Yasaya, parlament respublikasına zidd olaraq bir nəfərin nəzarəti altına keçdi. Lakin Ərdoğan dünən hoca dediyi Güləni saymamağa, özünü Atatürk`ün yerinə oturtmağa başladı. Çünki nəzarətsiz hakimliyin yolu təkhakimiyyətliliyə doğru aparır. Üstəlik Atatürkün yerini tutmaq istəyən başqa birisi də vardı. Bir sözlə hakimiyyət daxilində maraqlar toqquşdu.

Hərbi çevriliş cəhdi

"15 Temmuz Darbe" cəhdi - hakimiyyətdə olan iki dini çevrə arasında olan qarşıdurmanın nəticəsidir. Böyük ehtimal Ərdoğanın bu haqda əvvəlcədən məlumatı vardı və çevrilişə cəhd edənləri yaxşıca oyuna gətirdi. Çünki çevriliş belə olmur. Çevrilişi axşama yaxın yox, gecə, hər kəs yatdığı zaman edərlər. Çevrilişdə ilk növbədə prezidenti, baş naziri, bütün nazirləri həbs edərlər. Çevrilişdə medianı tamamilə qapadarlar. Yalnız ondan sonra tankları küçəyə çıxararlar, iş bitdikdən sonra. Səhər də vəziyyəti əhaliyə elan edərlər. Çevriliş edən yüksək rütbəli, təcrübəli, Türkiyə tarixində edilən 4 çevriliş haqqında təbii ki, bilgisi olan zabitlər belə edərdilər. Lakin görünür ki, işlər istədikləri kimi getməyib. Vaxt gələcək bunların üstü tam açılacaq, çevrilişin bütün detalları tarix kitablarına yazılacaq. Bu gün biz isə yalnız faktdan, yəni uğursuz hərbi çevriliş cəhdindən sonraki vəziyyətdən danışmalıyıq. Çevriliş cəhdindən sonra Ərdoğan`ın dini çevrədə rəqibi qalmadı. Ən əsası isə hakimiyyət daxilində, güc strukturlarında hakimiyyəti tam nəzarət altına almaq imkanı yarandı. Bunu da indi etməkdədir. Yalnız güc strukturlarında deyil, bütün sahələrdə, bütün Türkiyədə.

Cevriliş cəhdində çox önəmli bir məqam vardı. O da TRT 1-də "darbecilərin" "Yurtta Sulh Konseyi" adından verdikləri bəyanat idi. Nədir "yurtta sulh"? Özlərinin də dediyi kimi bu Atatürk`ün "Yurtta Sulh, Cihanda Sulh" prinsipidir! Bu bəyanat tamamilə dünyəvi və demokratik cümhuriyyətin prinsiplərini özündə əks etdirən, kamalist dünya görüşünə "hakimiyyət bölgüsünü" əlavə edib millətə elan olunan Ərdoğandan əvvəlki Türkiyənin bəyanı idi. Niyə gülənçilər belə etdilər? Çünki dediyim kimi Türkiyənin 65-70%-zi atatürkçüdür! Siyasətə girən istənilən qrupun atatürkçülərin səsinə, müxalif partiyaların dəstəyinə ehtiyacı var. Bunu altını çizərək qeyd etmək istəyirəm!

Hərbi çevrilişdən sonra Türkiyə

Bu gün Türkiyə müxalifəti - ölkədə tam avtoritar rejimin formalaşmasının qarşısında təşkilatı-ideoloji baryerdir. Bunu aşandan sonra sonuncu institutsional baryer, Türkiyə Böyük Millət Məclisi bir nəfərin nəzarəti altına keçə bilər. Lakin bu gün Ərdoğanın da kamalistlərə ehtiyacı var. " Ergenekonçular"ın azadlığa buraxılması, Yenikapı Mitingi - atatürkçülüyün gücünün etirafı idi! Həm bu mitinq, həm gülənçi darbecilərin bəyanatı onu göstərdi ki, ürəklərində Atatürkə qarşı olsalar da, amma onlar hətta Atatürkün kölgəsindən belə çıxa bilməyiblər. Lakin hələ ki...

Müxalifətin qarşısında bu gün bir məsələ durur - parlament seçkilərində qalib gəlmək. Ehtimal edirəm ki, növbəti seçkilərdə artıq saxtakarlıq faktları çox olacaq. Müxalifət buna da hazır olmalıdır. Çünki əks təqdirdə Parlamentdən Prezident Respublikası çıxacaq və Ərdoğan siyasi səlahiyyəti (artıq Ana Yasanı pozmağa ehtiyac olmayacaq!) olan dövlət başçısı olacaq, formal olaraq Parlamentdən və parlament seçikilərindən asılı olmayacaq.

Nəticə

Ərdoğan sübut etdi ki, Parlament Respublikalarında da avtoritarizm mümkündür. Avtoritarzmdən nə parlamentar sistem, nə də başqanlıq sistemi sığortalanmayıb. Atatürk Türkiyənin dünyəviliyini, cümhuriyyətçiliyini sığortalamaq, qorumaq üçün Ordunu siyasilər üzərində nəzarətçi etmişdi. Bugünkü Ana Yasa əslində məhz Ordunun qələmindən çıxmış Ana Yasadır. Son 10 ilin Türkiyəsi göstərdi ki, Atatürk tam doğru düşünmüşdü. Demokratik ənənə, cümhuriyyətçilik təcrübəsinin olmadığı müsəlman ölklərində sistem üzərində proqressiv institutun önəmi böyükdür. Türkiyədə bu missiya Ordunun üzərində idi. İndi bu institut ciddi şəkildə zədələnib.

Türkiyədəki hadisələr sübut etdi ki, müsəlman ölkələrində cümhiriyyəti, demokratiyanı və dünyəviliyi qorumaq üçün yalnız sistem üzərində keşikçi proqressiv institutun olması yetərli deyil. Türkiyənin indiki vəziyyətə gəlməsinin günahını yalnız Ərdoğanda axtarmaq sadəlöhvlükdür. Türk siyasətinin ən başlıca broblemi siyasətçilərin nəyin bahasına olursa olsun siyasətdə qalmaq istəyidir. Bahçeli artıq 20 ilə yaxındır ki, MHP Başqanıdır. Kılıcdaroğlu neçə seçkidir ki, uduzur. Amma partiya sədrliyindən getmək istəmir. Ərdoğanı Ərdoğan edən bu müxalifət olub. Ordunun da günahı ondadır ki, Ana Yasada siyasətçilər üçün siyasətdə qalma məhdudiyyətini təsbit etməyiblər. Sistem nə olursa olsun, bir şəxs iki müddətdən artıq Baş Nazir, Prezident və hatta partiya sədri olmamalıdır.

Atatürk türklərin matritsasını dəyişmək istəmişdi. Bu məsələdə o, 60-70% başarılı olub. Lakin bu gün Ərdoğan sübut etmək istəyir ki, müsəlman ölkəsində demokratiya mümkün deyil. Bu isə artıq qlobal mövzudur və Türkiyə`nin sərhədlərini aşır. Türkiyə bir daha sübut etməlidir ki, müsəlman ölkəsində demokratiya mümkündür. Türkiyənin qlobal önəmi buradadır. Türkiyə demokratik olmasa bizim də demokratik olmaq şansımız az olacaq. Bölgəmizdən iki gücdən birisi, ya Türkiyə, ya Rusiya demokratik olmalıdır ki, bizim də belə bir şansımız olsun. Türkiyə ilə bizi yalnız etnik bağlar bağlamamalıdır. Bizi o cümlədən də demokratik dünyəvi cümhuriyyət dəyərləri bağlamalıdır!

Türkiyə müxalifətinə uğurlar! Yenilənsələr, məncə onlarda alınacaq, çünki Atatürk onların əvəzinə işin 70%-ni görüb!

cumhuriyyet.org

  • Paylaş:
Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.