Sual-cavab


Sual (İntizam): REAL hakimiyyətə gəlsə konkret olaraq atdığı ilk addım nə olacaq?

Cavab: REAL hakimiyyətə gələndə, ilk olaraq bu sistemi təməldən dəyişdirməyə başlayacaq. Mahiyyətcə yeni ana yasanın hazırlığına başlayacağıq. Milli Məclisi və Nazirlər Kabinetini dərhal buraxacağıq, məhkəmə hakimiyyətini gücləndirəcəyik, iqtisadiyyatı liberallaşdıracağıq. Maliyyə amnistiyasını həyata keçirəcəyik. Amma insan haqlarının kobud pozulmasında iştirak edənlər cəzalandırılacaq. Maliyyə amnistiyasına məruz qalanlar 10 il müddətinə siyasi fəaliyyətlə məşğul ola bilməyəcəklər (müvafiq qadağalar təyin olunacaq). Biznesi hakimiyyətdən tamamilə ayıracağıq. Media azad olacaq. 5 ildən sonra ölkə parlament respublikası formasına keçəcək.

Sual (Elçin): Binədə və İsmayıllıda baş verənlərdən və bu qədər mitinqlərdən sonra Bakının özündə prezident niyə susur?

Cavab: Prezident çoxdan susur. 2003-dən bu yana bir dəfə də olsun yerli KİV-lərə müsahibə vermədi, heç bir vacib məsələyə dair millətə səslənmədi, aydınlıq gətirmədi, hakimiyyətin yanlışqlıqlarına görə üzr istəmədi, ölən əsgərlərin ailələrinə baş sağlığı vermədi və s. Amma maşın plenkaları, yumurta qiymətləri kimi əhəmiyyətsiz, hər alda Prezident səviyyəli olmadığına şübhə olmayan məsələlərə dair uzun-uzadı danışdı, müşavirə keçirdi və s. Sistemin mahiyyəti budur, getdikcə qapanır, xalqdan uzaq düşür. Artıq böyük bir uçurumun astanasındayıq.

Sual (Cahangir): Regionlarda Yap və Müsavatdan başqa heç bir partiya tanınmır. Niyə digər ölkə müxalifətləri kimi siz də bütün ölkədən səs istəmirsiniz?

Cavab: REAL partiyalaşma qərarı verdi və regionlarda artıq dairə təşkilatlarını yaradır. REAL rəhbərliyi bölgələrə səfərlər edir, bu il daha çox edəcəyik belə səfərləri. Biz təşkilatımızı yuxarıdan-aşağıya qururduq, çünki hansı mühitdə çalışdığımızı yaxşı anlayırdıq. Üzvlərimiz və tərəfdarlaımızı indi də güdaza verməməyə çalışırıq. Bununla yanaşı partiya qərarı verdikdən sonra partiyamızı artıq aşağıdan da təşkilatlandırmağa başlamışıq.

Sual (Emin): Niyə REAL hərəkatı həmişə tısbağa kimi yavaş-yavaş hərəkət edir bütün məsələlərdə? İlqar müəllimin prezidentliyə namizəd elan olunması misalı buna əyani sübutdur.

Cavab: “Tısbağa” bənzətməsini, guman ki, mənfi mənada işlətdiniz, amma onun müsbət mənaları da var. Yox, mən Zenonun aporiyasındakı tısbağanı demirəm. Roma qoşunlarının “tısbağa” adlanan döyüş düzülüşü var idi. Bənzətmənizi REAL-a daha çox bu mənada aid edərdim.Yəni, biz tələsmədən, itki vermədən irəliləyirik, adamlarımızı və çevrəmizi qoruyuruq, onları güdaza vermirik, bütün məsuliyyəti də rəhbərlik öz üzərinə götürür.

İlqar Məmmədovun namizədliyi fevralın 9-da rəsmən elan olunacaqdı. Biz bu haqda bir ay öncə xəbər vermişdik. Onun həbsi, namizədliyinin onsuz və daha erkən elan olunmasını şərtləndirdi.

Cümhuriyyət quruculuğuna dair yanaşmamız sürətimizdən asılı deyil. REAL-a artan ümidlərin böyüdüyünü görürük, hamı dəyişikliklərin daha tez olmasını arzulayır, amma bizim səhv etməyə haqqımız yoxdur. Biz böyük bir mənəvi məsuliyyətin altına girmişik. Biz də səhv etsək, onda bütöv bir yeni nəslin, artmaqda olan orta sinfin ümidlərini birdəfəlik qırmış olacağıq. Odur ki, nə etdiyimizi çox yaxşı anlayırıq və tərəfdarlarımızın anlayışına güvənirik.

Sual (Elçin): Azərbaycandakı dindar zümrə ilə bağlı konkret planlarınız varmı?

Cavab: Heç bir konkret planımız yoxdur! Biz dini siyasətə gətirmirik. Bizim üzvlərimiz və tərəfdarlarımız arasında inanclı insanlar az deyil, amma onların hamısı dünyəvi cümhuriyyət quruluşunun müdafiəçiləridirlər. Ümumiyyətlə, dünyəvi cümhuriyyətin tərəfdarı olmayanların REAL-da yeri yoxdur. Amma REAL, elə məhz dünyəvi cümhuriyyətin müdafiəçisi olduğuna görə, dini etiqad azadlığını da müdafiə edir. Biz bütün dinlərin bərabər hüquqlu fürsətlərdən yararlanmasının tərfdarlarıyıq. Odur ki, biz inanclı kəsimin haqlarını qorumağa hazır olduğumuzu dəfələrlə nümayiş etdirmişik. Bizim bir neçə dini icma ilə saf münasibətimiz var. Onlara hər şeyi açıq ifadə edirik, onlardan da anlayışlı münasibət görmüşük. Biz, inanclı insanlara “dini ekstremizm” damğası altında edilən basqılara və digər haqsızlıqlara qarşıyıq. Cümhuriyyətimizi bərpa edəndən sonra dini azadlıqlar da öz yerini tutacaq və hər kəs bundan faydalana biləcək.

Sual (Rüfət Abdulla): İlqar Məmmədov REAL-ın sədridir və “ən yaxşı” Azərbaycan ənənələrində məhz sədrin namizədliyinin irəli sürülməsi ağlabatandır. Halbuki, məsələn ABŞ ənənəsində namizədlər heç də partiyanın liderləri olmaya bilər. Nədən məhz İlqar Məmmədov? Alternativ partiyadaxili müzakirələr oldumu? Yoxsa onun həbsi bu seçimi alternativsiz etdi.

Cavab: İlqar Məmmədov REAL-da heç də alternativsiz namizəd deyildi. Sadəcə İlqar Məmmədov bu gün REAL-da ən hazırlıqlı, təcrübəli və tanınmış siyasətçidir. Bu, çox böyük resursdur.

Sual (Elvin): İlqar Məmmədovdan ən son nə xəbər var?

Cavab: İlqar Məmmədov Şəki təcridxanasındadır. Vəkillərdən başqa kimsə onunla görüşə bilmir. 9 yaşlı qızı var, atası üçün çox darıxır. Elə İlqar da qızına görə narahatdır. Başqa məsələlərdə isə İlqar mökhəmdir!

Sual (Cavad): Elektoratın yalnız virtual aləmdəki “follower/user”-lərdən ibarət olmadığı aydındır. Böyük bir kütlə var ki, REALlıqdan bixəbərdirlər. İndiki məhdud şəraitdə onlarla əlaqə qurmağın ən məntiqli yolunu nədə görürsünüz?

Cavab: Biz “virtual-real” bölgüsünü qəbul etmirik. Hər şey realdır və REAL da bunun üçündür. Son etirazlar, xüsusilə də əsgər ölümlərinə qarşı 12 yanvar etirazı, facebook vasitəsilə təşkil olunmadımı? Minlərlə adam gəldi, özü də necə adamlar gəlmişdi oraya. Yüksək maaş alan şirkət işçiləri, kiçik sahibkarlar, aşağı rütbəli məmurlar və s. Əvvəllər belə adamlar etirazlara çıxmaq haqqında heç düşünmürdülər. Amma, o cümlədən elə REAL-ın internet vasitəsilə qurduğu təbliğatın sayəsində, onlar fəallaşdılar. “REAL-dan bixəbər”lər məsələsi də xeyli dərəcədə uydurmadır. Bizi getdikcə daha çox adam tanıyır, o cümlədən bölgələrdə. Nə etdiyimizi, haraya getdiyimiz yaxşı bilirik.



Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.