İlqar Məmmədov

Həyat hekayəm yeni nəslin hekayəsidir. 1970-ci ilin yayında Bakıda bilim adamlarının ailəsində dünyaya göz açmışam. On illik təhsilimi Bakıda başa vurduqdan sonra Rusiyanın ən qocaman təhsil ocağını – Lomonosov adına Moskva Dövlət Üniversitetini bitirmişəm. Daha sonra Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi-iqtisad üzrə magistr dərəcəsinə yiyələnmişəm.

Bu arada SSRİ-nin ən soyuq ucqarlarında əsgərliyi də başa vurub Bakıya qayıtdım və ilk iş təcrübəmə Beynəlxalq Valyuta Fondunda konsultant vəzifəsində işə başladım. Nüfuzlu beynəlxalq təşkilatlarda işləmək peşə təcrübəsində mühüm şansdır. Uzun illər Black Sea Trust of the German Marshall Fund və Revenue Watch Institute təşkilatlarının İdarə Heyətinin, Avropa Şurası Siyasi Məktəbləri Şəbəkəsinin üzvüyəm və Azərbaycan üzrə direktoru vəzifəsində çalışıram. NATO, BMT, Avropa Birliyi və bir sıra digər beynəlxalq qurumların məsləhətçisi və məruzəçisi qismində çıxışlarım olub. Çoxlu sayda xarici diplomatlarla bütün rəsmi və qeyri-rəsmi görüşlərdə ən çox Qarabağ və Zəngəzur məsələsini qabartmışam.

Gəncliyimdən siyasi proseslərin içində fəal iştirak etmişəm. Siyasi fəaliyyətimin başlıca prinsipi hər zaman insanlarla sıx təmas qurmaq, problemləri məhz onların öz dilindən eşitmək olub.

İdeyalara dərin bağlılığım məni daim məcbur edib ki, şəxsi həyatım üçün yaranan maddi zənginlik imkanlarından imtina edib fəaliyyətimi yalnız siyasət, yəni ictimai maraqlar üzərində qurum. Bu illər ərzində topladığım siyasi təcrübə yeni siyasi təşkilat olan Respublikaçı Alternativin-REAL-ın sədri kimi güclü intelektual və peşəkar potensiala malik komanda yığmağa zəmin yaratdı. Həqiqi xalq hakimiyyətini yaratmaq iqtidarında olan REAL heyətilə qürur duyuram.

Ailəliyəm, on yaşlı qızım Aysel böyüyəndə “Türk polisi” olacağını deyir. Qızımın saf istəklərinə anlayışla yanaşsam da, məncə, mübarizəmiz nəticəsində Azərbaycanda polisə ehtiyac az duyulacaq və ən sevilən ixtisaslar elmi, iqtisadi, mədəni və sosial tərəqqini şərtləndirən seçimlər olacaq.


İlqar Məmmədov "Əsgər ölümlərinə son" aksiyasında



İlqar Məmmədov Avropa Şurasında



İlqar Məmmədov və Perunun Prezidenti Alejandro Toledo







Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.