Real Tərəqqi

4.1. İqtisadi siyasət

REAL inanır ki, Azərbaycanın ən mühüm resursu heç də təbiətin bəxş etdiyi təbii ehtiyatlar deyil, bacarıqlı və təşəbbüskar qabiliyyətli insanlarımızdır. İnsanımız ölkəmizin tərəqqisinin mənbəyi və hərəkətverici qüvvəsidir.

Azərbaycanın dünyada “neft-qaz ölkəsi” kimi deyil, “innovasiyalar ölkəsi” kimi tanınmasına nail olunacaq. Bunun üçün ölkə iqtisadiyyatı “təhsil-elm-texnologiya-istehsal-xidmət-məhsul-bazar” zəncirini təşkil edən texnoloji və ya ərazi klasterləşmə siyasəti əsasında inkişaf etdiriləcək. Ölkə iqtisadiyyatı fərqli məhsullar istehsal edən və xidmətlər göstərən ayrı-ayrı sahələrin məcmusu deyil, əlaqəli istehsal və xidmətləri birləşdirən, yerli və dünya bazarlarında rəqabətə davamlı məhsul və xidmətlər yaradan klasterlərdən təşkil olunacaq.

Ölkə iqtisadiyyatı azad rəqabətli bazar münasibətləri və xüsusi mülkiyyətin üstünlük təşkil etdiyi model əsasında inkişaf etdiriləcək. Dövlətin iqtisadi sahədə başlıca hədəfləri ölkədə bərabər imkanların, sahibkarlıq və investisiyalar üçün münbit şəraitin yaradılması, dünya iqtisadiyyatına inteqrasiyadır.

Azərbaycanın iqtisadi diversifikasiya strategiyası işlənib hazırlanacaq və 10 il ərzində bütün iqtisadi proqramların hədəfləri həmin strategiyaya uyğunlaşdırılacaq. Cihazqayırma, tibb sənayesi, kimya sənayesi, tikinti materialları, qida və aqrar sektor yaxın 10 il üçün diversifikasiya strategiyasında prioritet sahələr elan olunacaq. Hər El coğrafi xüsusiyyətlərinə, iqtisadi potensialına və tarixi ənənələrinə görə ixtisaslaşacaq. Müvafiq sahələr üzrə ixtisaslaşmaya dünyanın tanınmış şirkətləri və elm-təhsil müəssisələrinin cəlb edilməsi üçün şərait yaradılacaq. Bu şirkətlər klasterlərin mühüm həlqələrindən birini və ya bir neçəsini öz üzərinə götürəcək, qalan həlqələr üzrə ölkədə kiçik və orta müəssisələr şəbəkəsinin formalaşmasına imkanlar yaradacaqlar. Bu həm də məhsulların dünya bazarlarına çıxarılmasında mühüm amil olacaq.

10 ildən sonra neft sektorunun ÜDM-də və ölkə ixracında yeri 25 faizi ötməyəcək, Azərbaycan xammal ölkəsindən yüksək texnoloji məhsul istehsal və ixrac edən ölkəyə çevriləcək, ixrac məhsullarının 2/3-yə qədəri hazır məhsul istehsalı sahələrinin payına düşəcək.

Yerli sahibkarların xarici bazarlarda rəqabət qabiliyyətini qiymətləndirmək üçün reytinqin hesablanması mexanizmi yaradılacaq. İldə bir dəfə ölkənin aparıcı müəssisələrinin rəqabət qabiliyyətinə dair rəsmi hesabat açıqlanacaq. Rəqabətə davamlı məhsulların xarici bazarlarda təşviqi barədə proqramlar həyata keçiriləcək.

Hökumətin sənaye siyasəti ölkədə təhsil sisteminin bazarın tələblərinə uyğunlaşdırılmasını təmin edəcək: peşə-ixtisas təhsili, ixtisasartırma və yenidən ixtisaslaşma, habelə ali təhsilin mühüm hissəsi klasterlərlə əlaqələndiriləcək. Texnoparkların, elm-sənaye və sənaye-texnologiya mərkəzlərinin, sənaye təşkili zonalarının (çoxlu sayda kiçik və orta ölçülü müəssisələrin bir ərazidə cəmləşərək ortaq infrastruktur və institusional şərtlərdən faydalandığı istehsal əraziləri) yaradılması təmin ediləcək.

Regionların balanslaşdırılmış, bir-biri ilə bağlı və qarşılıqlı inkişafını təmin edəcək ərazi xüsusiyyətlərini nəzərə alan regional və regionlararası klasterlərin yaradılması stimullaşdırılacaq.

Dövlətin sahibkar kimi rolu minimuma endiriləcək. Böyük özəlləşdirmə proqramı qəbul ediləcək, dövlət sektorundakı emal və xidmət yönlü müəssisələr özəlləşdiriləcək. Şəhərdaxili nəqliyyat, eləcə də metropoliten böyük şəhər bələdiyyələrinin səlahiyyətinə veriləcək. Kommunal sektor – enerjipaylaşdırıcı və qazpaylaşdırıcı şəbəkələr, içməli su təminatı, kanalizasiya xidmətləri, məişət tullantılarının emalı sahələri mülkiyyət hüququ dövlətdə qalmaq şərtilə konsessiya müqavilələri əsasında özəl sektora uzunmüddətli idarəetməyə veriləcək. Hökumətin vəzifəsi kommunal xidmətlərin tariflərinin tənzimlənməsi, bu xidmətlərin keyfiyyətli təşkili üçün standartların işlənməsi, infrastrukturun işlək saxlanması üçün nəzarət tədbirlərinin təşkili olacaq.

Dövlət şirkətləri yenidən strukturlaşdırılacaq, bu şirkətlərdə korporativ idarəetmə tətbiq ediləcək. Onlar kommersiya prinsipləri əsasında işləyəcəklər, dövlətlə bu şirkətlər arasında münasibətlər müqavilə əsasında tənzimlənəcək. Dövlət şirkətlərinin idarə edilməsi üçün müvafiq hökumət qurumlarının təmsilçiləri, menecerləri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Müşahidə Şurası formalaşdırılacaq. Şirkətlərin xalis mənfəəti üzərində səhmdar kimi hökumət (Maliyyə Nazirliyi) sərəncam verəcək.

Dövlət maliyyəsi. Büdcə Məcəlləsi qəbul ediləcək. Respublika büdcəsi əsasən vergi və rüsumlardan formalaşacaq, milli səviyyədə dövlət xərclərinin və dövlət investisiyalarının maliyyələşməsinə yönələcək. Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər limitləşdiriləcək, fonddan ayrıca infrastruktur və s. layihələrin maliyyələşdirilməsi dayandırılacaq. Fondun gəlirlərinin qalan hissəsi isə aktivlərin artırılması məqsədilə effektiv idarə ediləcək.

Kölgə iqtisadiyyatının, uçotsuz iqtisadi əməliyyatların aradan qaldırılması üçün effektiv və şəffaf vergi siyasəti yürüdüləcək. Vergi bazasından maksimum istifadə üçün vergi uçotu genişləndiriləcək, istehsal, ticarət, xidmət sektorlarında hər bir əməliyyat uçotdan keçəcək və sənədləşdiriləcək.

Vergi dərəcələrinə yenidən baxılacaq, ƏDV-nin dərəcəsi azaldılaraq sektorlar və regionlar üzrə diferensiallaşdırılacaq, hüquqi şəxslərin məcburi sosial sığorta ayırmaları ləğv ediləcək. Hər bir vətəndaş, həmçinin dövlət qulluqçuları öz gəlirləri və əmlakı üzrə illik vergi bəyannaməsi təqdim edəcək. Vətəndaşların Şəxsiyyət Vəsiqəsinin nömrəsi avtomatik olaraq onların VÖİN-i kimi qeydə alınacaq.

Büdcə siyasəti nəticəyə yönəlik proqramlar əsasında maliyyələşməyə əsaslanacaq. Dövlət xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılması üçün dövlət qurumları özlərinin strateji planlarına əsasən inkişaf proqramları hazırlayacaq və buna əsasən də büdcədən vəsait sifariş edəcəklər.

Dövlət büdcəsinin əsas prioritetləri təhlükəsizlik, insan kapitalının inkişafı, ölkə infrastrukturunun yenidənqurulması və sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi olacaqdır.

Dövlət investisiyalarının həcmi optimallaşdırılacaq, inkişaf proqramları əsasında həyata keçiriləcək, yalnız iqtisadi və sosial faydası əsaslandırılmış layihələr maliyyələşdiriləcək. Dövlət investisiyaları milli və El səviyyəsində fiziki, sosial infrastrukturun, həmçinin insan kapitalının inkişafı üzrə layihələrə yönəldiləcək. Dövlət investisiya proqramlarının hazırlanması üçün vahid metodologiya və standartlar tətbiq ediləcək, proqramlar beynəlxalq maliyyə institutlarının siyasətləri ilə əlaqələndiriləcək.

Bakı şəhərini ölkənin Qərb, Şimal və Cənub sərhədləri ilə birləşdirən dəmir yolları yenidən qurulacaq. İstər ölkə daxilində, istərsə ölkədən xaricə tranzit olaraq sərnişin və yükdaşımalarında dəmir yollarından geniş, effektiv istifadə edilməsinə dəstək veriləcək. Ayrıca olaraq ölkəmizin iri şəhərlərini coğrafi uyğunluq əsasında birləşdirən sürətli qatar xətlərinin tikilməsinə başlanılacaq.

Ali Audit İnstitutunun (Hesablama Palatası) siyasi və institusional müstəqilliyi təmin ediləcək və Konstitusiyaya bununla bağlı uyğun maddələr daxil ediləcək. Ali Audit İnstitutu (Aİİ) Kollektiv Şura modeli əsasında fəaliyyət göstərəcək. INTOSAI-ın Mexiko Deklarasiyasının prinsiplərinə uyğun olaraq Aİİ-nin müstəqilliyinin (o cümlədən İnstitutunun rəhbərinin və auditorların müstəqilliyinin və toxunulmazlığının) təmin edilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Aİİ-nin sədri və auditorlar 10 illik müddətə seçiləcək.

Aİİ dövlət büdcəsinə, büdcədən kənar fondlara, səhmləri dövlətə məxsus olan dövlət şirkətlərin büdcələrinə, El büdcələrinə, Böyükşəhər bələdiyyələrinin, şəhər və qəsəbə bələdiyyələrinin büdcələrinə dövlət maliyyə nəzarətini həyata keçirəcək. INTOSAI-ın Lima Deklarasiyasına uyğun olaraq Ali Audit İnstitutunun ictimai vəsaitlərin qanunauyğun, düzgün, qənaətcil, produktiv və effektiv istifadə edilməsini yoxlamaq, dövlət proqramlarının nəticələrini, habelə hökumət qurumlarının fəaliyyətinin nəticələrini qiymətləndirmək səlahiyyətləri olacaq.

Pul-kredit və bank siyasəti. REAL stimullaşdırıcı pul-kredit siyasəti həyata keçirəcək, büdcə kəsirinin ÜDM-ə nisbətini 3%-dən aşağı səviyyədə saxlayacaq, valyuta bazarına müdaxiləni dayandıracaq və sərbəst məzənnə siyasəti yürüdəcək. Bakı Banklararası Valyuta Birjası öz statusuna uyğun olaraq xarici valyutaların manata nisbətən məzənnəsinin sərbəst şəkildə, tələb və təklif əsasında müəyyən edəcək. Ucuz kredit bazarının formalaşması Mərkəzi Bankın əsas hədəflərindən biri olacaq. Bu məqsədlə bank sektorunun kredit resurslarına olan tələbatını qarşılamaq üçün hökumət mərkəzləşdirilmiş kredit resurslarının həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Xarici bank kapitalının ölkəyə axınına əngəllər götürüləcək. Beynəlxalq Bank özəlləşdiriləcək. Sahə banklarının – İxrac Bankı, Aqrar Bank, Bələdiyyə Bankı və s. yaradılması təşviq olunacaq.

Fond bazarının inkişafına hökumət siyasi və texniki dəstək verəcək. Fond bazarının inkişafı üçün, ilk növbədə, ölkədə rəqabətə davamlı sənaye, maliyyə-sığorta və bank müəssisələrinin səhmlərinin və başqa korporativ qiymətli kağızlarının real bazarı formalaşdırılacaq; həm ölkə, həm də dünyanın fond bazarlarında fəaliyyətini quracaq investisiya fondlarının formalaşmasına şərait yaradılacaq. Azərbaycanın rəqabət qabiliyyətli və perspektiv müəssisələrinin qiymətli kağızlarının beynəlxalq fond bazarlarına çıxması təmin ediləcək.

4.2. Sahibkarlıq

Orta təbəqənin bazası olan kiçik və orta sahibkarlarla bağlı geniş təşviq siyasəti həyata keçiriləcək. Sahibkarlıq təşəbbüslərinin genişlənməsi üçün vahid proqramlar əsasında xüsusi kurslar (həm bütün maraqlananlar üçün, həm də ali və orta ixtisas məktəblərinin tələbələri üçün) təşkil ediləcək. Sahibkarlıq fəaliyyətinə təşəbbüslərin dəstəklənməsi üçün yeni işə başlayanlar çeşidli proqramlar (məsələn, biznes-inkubatorların yaradılması, güzəştli kreditlər, innovasiya layihələri üçün xərclərin bir hissəsinin dövlət hesabına ödənilməsi və s. kimi) həyata keçiriləcək. Sahibkarların hüquq və maraqlarını qoruyan Ombudsman institutu yaradılacaq.

Rəqabət Məcəlləsi qəbul ediləcək və haqsız rəqabətin bütün formaları aradan qaldırılacaq. Cəmiyyətdə rəqabət mədəniyyətinin (yəni “hər bir uğur ədalətli rəqabət və yarışma şəraitində əldə olunur” düşüncəsinin) formalaşması və inkişafına diqqət artırılacaq. Antiinhisar siyasəti müasir Avropa standartlarına uyğun qurulacaq. Lisenziyalaşdırılan iqtisadi fəaliyyətlərin sayı məhdudlaşdırılacaq, lizenziyaların əldə edilməsi vahid pəncərə (o cümlədən elektron) mexanizmi ilə həyata keçiriləcək.

Sahibkarların maraqlarını qoruyan birlik və assosiasiyaların formalaşması təşviq olunacaq. Hökumətin sahibkarlığın inkişafı sahəsində verdiyi mühüm qərarlar sahibkar birlikləri ilə dialoq əsasında qəbul olunacaq. Sahibkarlığa Yardım Milli Fondundan kreditlər yalnız kiçik və orta sahibkarlıq subyektlərinə veriləcək. Kiçik və orta sahibkarların kreditlərinin sığortalanması məqsədilə Kreditlərin Sığortalanması Fondu yaradılacaq.

Ölkədə elmi-texnoloji istehsalın genişlənməsini, elmi-texniki işləmələr və yüksək texnologiya ilə bağlı layihələrin investisiyalaşdırılmasını dəstəkləmək üçün Vençur fondların yaranması təşviq ediləcək. Sahibkarların innovativ təşəbbüslərini dəstəkləmək, istehsalın texnoloji səviyyəsini yüksəltmək üçün İnnovasiya Fondu yaradılacaq.

4.3. Kənd

Hökumət dövlət mülkiyyətində qalan kənd təsərrüfatına yararlı torpaqları ikinci torpaq islahatı ilə özəlləşdirəcək. Aqrar sektorda ixtisaslaşmış fermer təsərrüfatlarının, kooperativlərin, kənd təsərrüfatı assosiasiyalarının yaradılması təşviq olunacaq. Mərkəzi hökumətin aqrar siyasətinin formalaşdırılmasına kənd təsərrüfatı assosiasiyalarının təsir rıçaqları yaradılacaq.

Kəndlərə yalnız ölkənin ərzaq təminatını həyata keçirən coğrafi ərazi kimi yanaşılmayacaq, “kənd” anlayışını tənəzzülün sinonimi kimi qəbul edən ictimai baxışın dəyişməsinə nail olunacaq. Kəndlərin siyasi və iqtisadi statusunun dəyişilməsi sayəsində onlar yaşayış üçün cəlbedici məkana çevriləcək.

Kəndlərin siyasi statusunun dəyişilməsi üçün ilk növbədə bələdiyyələr vasitəsilə kəndlərə özünüidarəetmə hüququ veriləcək. Ədalətli və şəffaf bələdiyyə seçkiləri, hər bir kəndin regional özünü idarəetmədə təmsilçilik yarışında, yəni El Məclislərinə seçkilərdə iştirakı kəndlərdə ictimai-siyasi aktiv icmaların formalaşmasına imkan verəcək.

Hökumətin kənd inkişafına yönəlik xüsusi strategiyası işlənib hazırlanacaq. Kənd ərazilərinin iqtisadi potensialının artırılması, sosial və fiziki infrastrukturun yenidənqurulması, ekoloji təhlükəsizliyinin təmin edilməsi həmin strategiyanın əsas hədəfləri olacaq. Böhranlı kənd ərazilərinin inkişafına xüsusi yanaşma olacaq. Kəndlərdə qeyri-kənd təsərrüfatı sahələrinin, ilk növbədə sənaye sektorunun inkişafı təmin ediləcək. Kənd inkişafının təmin olunmasında yaradılacaq Bələdiyyə İnkişaf Fondu mühüm rol oynayacaq.

4.4. İxracat və yeni bazarlar

Azərbaycanın ixrac potensialının artırılması, ölkəmizin əlverişli coğrafi mövqeyindən tranzit üçün geniş istifadə edilməsi, təkrar ixrac və sərhədyanı bazarlarının qurulması üçün bütün imkanlardan istifadə ediləcək. İxracat qarşısındakı süni baryerlər aradan götürüləcək, ixracat təşviq ediləcək, ixracatçılarımızın xarici ölkələrdə üzləşdiyi problemlərin həllinə dəstək veriləcək. Həmçinin ixracatçılar xarici bazarlardakı proseslər, konyunktur, inkişaf meylləri və proqnozlar üzrə informasiya ilə təmin ediləcək.

İxracyönlü sahibkarlığın dəstəklənməsi əsas hədəflərdən olacaq. Bu məqsədlə İxrac Bankının yaradılması təşviq olunacaq. Eyni zamanda, sahibkarların ixrac etdiyi məhsulları nəqli və ya ixrac ölkəsində fövqəladə və gözlənilməz hallardan mühafizə etmək üçün ixracın sığortası mexanizmi yaradılacaq.

Azərbaycanın Dünya Ticarət Təşkilatına (WTO) üzv olması və Avropa Birliyi Dərin və Genişləndirilmiş Azad Ticarət Sazişinin (DCFTA) imzalaması üçün gərək olan islahatlar (o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi) və ölkələrlə iki tərəfli sazişlər bir il ərzində başa çatdırılacaq.

Azərbaycan Avropa və Mərkəzi Asiya, həmçinin Rusiya, Türkiyə, İran, BƏƏ arasındakı yerüstü ticarət tranzitindən böyük gəlirlər əldə etmək imkanındadır. Bunun üçün Azərbaycanın sərhəd-gömrük məntəqələri yenilənəcək, yük avtomobillərinin sürətli keçidi təmin ediləcək, həmçinin Xəzər dənizindən Gürcüstan sərhədi, Rusiya sərhədi və İran sərhədi istiqamətlərində avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidənqurulması iki il ərzində başa çatdırılacaq. Yük avtomobillərinin hərəkətinə əngəl törədən süni maneələr aradan qaldırılacaq.

Ölkə ərazisində təkrar ixrac məqsədilə avtomobil, maşın və avadanlıq, texnologiya bazarlarının təşkil edilməsinə dəstək veriləcək. Eyni zamanda xarici vətəndaşların Azərbaycandan aldığı mallara “Vergidən azad” rejimi tətbiq ediləcək və gömrük keçidlərində malların üzərinə əlavə edilmiş dövriyyə vergiləri geri qaytarılacaq.

4.5. Çevrə

Dövlətin əsas prioritetlərindən biri “yaşıl iqtisadiyyat” prinsipinin tətbiqi, bu sahədə ciddi islahatların aparılması olacaq.

Ekoloji problemlərin həlli üçün qısa müddətdə qanunverici bazaya mütərəqqi əlavə və dəyişikliklərin edilməsi ilə yanaşı köklü ekoloji problemlərin həlli istiqamətində uzunmüddətli dayanıqlı ekoloji siyasət yürüdüləcək.

Ekoloji siyasətin əsas məqsədləri aşağıdakılar olacaq:

– insanların sağlamlığı üçün təhlükəsiz çevrə şərtlərinin təmin edilməsi;
– dayanıqlı iqtisadi sistemin qurulması;
– biomüxtəlifliyin qorunması;
– insanların mənalı istirahətinin təmin edilməsi.

Tullantıların idarə edilməsi. Bütün yaşayış məntəqələri kanalizasiya sistemi ilə təmin ediləcək və kanalizasiya sularının yalnız təmizləndikdən sonra su hövzələrinə axıdılmasına və ya təsərrüfat məqsədi ilə istifadə edilməsinə icazə veriləcək. Qısamüddətli dövr üçün bütün yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi mərkəzləri yaradılacaq. Uzunmüddətli dövr üçün bütün bölgələrdə məişət tullantıların toplanması, çeşidlənməsi və idarə edilməsi infrastrukturu yaradılacaq, bu məsələlər bələdiyyələr vasitəsi ilə həyata keçiriləcək. Neftlə çirklənmiş ərazilərin təmizlənməsi və çevrə bərpa işləri üçün layihələr həyata keçiriləcək. Neft istehsalı ilə məşğul olan şirkətlər qarşısında ciddi ekoloji tələblər qoyulacaq. Bütün istehsal, təsərrüfat sahələrində tullantıların idarə edilməsi, aztullantılı texnika və texnologiyaların tətbiqi ilə bağlı ciddi tələblər qoyulacaq. Məişət tullantıları ilə çirklənmiş ərazilərin, çay dərələrinin, çimərliklərin, meşələrin təmizlənməsi həyata keçiriləcək.

İçməli su və su hövzələri. Qısamüddətli dövr üçün içməli su problemi olan hər bir yaşayış məntəqəsində su təmizləyici qurğular quraşdırılacaq, uzunmüddətli dövr üçün hər bir vətəndaşın içməli su ilə davamlı təminatı üçün infrastruktur yaradılacaq. Qısamüddətli dövr üçün Bakı buxtasının, Abşeron çimərliklərinin suları təmizlənəcək, daha sonra isə Xəzər dənizinin suyunun təmizlənməsi üçün uzunmüddətli irimiqyaslı layihələr həyata keçiriləcək. İrimiqyaslı layihələr üçün Xəzərsahili ölkələr əməkdaşlığa dəvət ediləcək. Təbii göllərin qorunub saxlanması, təmizlənməsi və çevrə bərpa işləri həyata keçiriləcək. Xüsusilə şirinsulu dağ göllərinin qorunması təşkil ediləcək. Təsərrüfat fəaliyyəti nəticəsində yaranmış süni göllər qurudulacaq və çevrə bərpa işləri həyata keçiriləcək.

Meşələr və ağaclıqlar. Qısa müddətdə bütün yaşayış məntəqələrində qaz təchizatı təmin ediləcək. Kəndlərdə bioqaz qurğuları quraşdırılacaq. Təsərrüfat məqsədilə meşə və ağaclıq fondundan istifadəyə olan qadağaya daha sərt nəzarət ediləcək. Tikinti məqsədilə yaşıllıqların kəsilməsinə yalnız həmin yaşıllıqların başqa ərazilərə köçürülməsi şərti ilə razılıq veriləcək. Bakı və ətraf ərazilərdə, Aran rayonlarında, Kür boyu ərazilərdə böyük yaşıllıq zolaqları salınacaq.

Alternativ enerji. Enerjiyə qənaət edən texnika və texnologiyaların ölkəyə gətirilməsinə diqqət ayrılacaq. Sürətlə alternativ enerji mənbələrindən istifadəyə keçiləcək. 5 il ərzində alternativ enerji mənbələrinin enerji istehsalında payı ən az 20%-ə çatdırılacaq. Atom Elektrik Stansiyası tikilməyəcək.

Qorunan ərazilər. Qorunan ərazilər genişləndiriləcək və daha effektiv idarəetmə nəzarət mexanizmləri tətbiq ediləcək. Bütün Dövlət Qoruqları Milli Parklara çevriləcək. Bütün qorunan ərazilərə vətəndaşların gəzinti və istirahət məqsədi ilə getməsinə şərait yaradılacaq. Milli parklara giriş şərtləri sadələşdiriləcək. Qorunan ərazilərdə könüllülərdən ibarət düşərgələr təşkil ediləcək.

Biomüxtəliflik. Şəhərlərdə küçə heyvanlarına qayğı mərkəzləri yaradılacaq.

İctimai nəqliyyat və ekoloji standartlar. Böyük şəhərlərdə, rayon mərkəzlərində ictimai nəqliyyatı inkişaf etdirməklə fərdi nəqliyyata olan tələbat azaldılacaq. Şəhərlərarası ictimai nəqliyyatın avtobusların və qatarların keyfiyyəti yüksəldiləcək. Rayon mərkəzlərindən bütün kəndlərə mütəmadi ictimai nəqliyyat təmin ediləcək. Taxi, yükdaşıma, avtomobil icarə xidmətləri ilə məşğul olan sahibkarlıq təşviq ediləcək.

Bu sadalananlar insanlarda fərdi nəqliyyata olan tələbatı azaltmaqla yanacaq, material və əmək israfının qarşısını alacaq. Velosipedin nəqliyyat vasitəsi kimi istifadəsinin genişləndirilməsi üçün addımlar atılacaq. Növbəti 5 il üçün velosipedin (onun bütün növlərinin) idxalına tutulan gömrük rüsumu ləğv ediləcək. Velosiped satışı, təmiri, icarə və velosipedlə bağlı digər xidmətlərdən əldə edilən gəlirdən tutulan vergilər ləğv ediləcək. Qısamüddətli dövr üçün böyük şəhərlərdə və uzunmüddətli dövr üçün tələbata uyğun olaraq bölgələrdə velosiped yolları salınacaq, velosiped dayanacaqları quraşdırılacaq. Şəhərlərarası avtobus və qatarlarda velosipedlərin daşınması üçün şərait yaradılacaq.

Çevrə maarifçiliyi. Məktəblərdə ekoloji biliklərin tədrisinin genişləndirilməsi, şagirdlərə təbiətə sevgi və qayğı hisslərinin aşılanması məqsədi ilə mütəmadi ekoturlar, düşərgələr, ekoloji aksiyalar təşkil ediləcək. Təhsil proqramının tərkib hissəsi olaraq o cümlədən ekologiya və digər təbiət elmləri üzrə həm yerli, həm xarici elm mərkəzlərində ixtisaslı kadrlar hazırlanacaq, ixtisas artırma treninqləri təşkil ediləcək. Qorunan və təbii zənginliyi ilə seçilən ərazilərdə yaşayan insanlar bu istiqamətdə məlumatlandırılacaq. Ekoturizmi inkişaf etdirərək insanların gəlir əldə etməsinə şərait yaratmaqla ətraf mühitin qorunmasında yerli əhalinin fəal iştirakı təmin ediləcək. Ekoloji maarifləndirmə ilə bağlı çap materiallarının, lövhələrin, videoçarxların, sənədli filmlərin və s. hazırlanması dövlət tərəfindən maliyyələşdiriləcək

Sosial aktivlik. QHT sektorunun ekoloji proqramların hazırlanmasında, həyata keçirilməsində iştirakı təşviq ediləcək. Dövlət ekologiya ilə bağlı qrant layihələri elan edəcək.




Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.