Real İnsan


3.1. Rifah

Rifah siyasətimizin hədəfində ölkədə ifrat sosial təbəqələşmənin aradan qaldırılmasını və dayanıqlı orta təbəqənin formalaşdırmasını təmin etmək, insanların yaşayış səviyyəsinin inkişaf etmiş ölkələrin yaşayış standartlarına uyğunlaşdırmağa nail olmaq durur. Avropa sosial xartiyasında nəzərdə tutulan sosial hüquq və təminatlar bütün Azərbaycan vətəndaşlarına şamil edilməklə onların yerinə yetirilməsi təmin ediləcək.

Səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə və digər sosial xidmət siyasətimiz aşağıda sadalanan hədəflərə yönələcək:

– Vətəndaşlarımız sağlam, azad, geniş dünyagörüşü, özünə güvənən, təşəbbüskar, rəqabət qabiliyyətli və cəmiyyət üçün faydalı insan kimi yetişsin;
– Vətəndaşlarımızın həm özü üçün, həm də ölkə və cəmiyyət üçün faydalı resursa – “insan kapitalı”na çevrilməsi təmin olunsun;
– Hər bir insan özünün bilik, bacarıq və qabiliyyətlərini tam, səmərəli və cəmiyyət üçün faydalı reallaşdıra bilsin;
– Hər bir şəxs əmək qabiliyyətini itirdikdə, yaxud təqaüd dövrünü qayğısız yaşaya bilsin;
– Dövlət vətəndaşlarının hüquq təminatçısı, vətəndaşlar isə dövlətinin maddi təminatçısı olsun.

Eyni zamanda dövlət zəif və sosial müdafiəyə ehtiyacı olan insanların (sosial təbəqələrin) müdafiəçisi kimi çıxış edəcək. Cümhuriyyət insanı hökumətdən uman deyil, onu yönəldən olacaq. Vətəndaş dövlətinə, dövlət də vətəndaşına güvənəcək.

Əhalinin yaşayış səviyyəsi. Əhalinin yaşayış səviyyəsi yalnız onların gəlirlərinin səviyyəsi ilə yox, hər bir insanın, hər bir ailənin keyfiyyətli yaşayış standartlarına əlçatanlıq dərəcəsi ilə qiymətləndiriləcək. Bunun üçün hökumət tərəfindən davamlı olaraq şəraitə uyğunlaşdırılan “minimum və orta yaşayış standartları” müəyyən ediləcək. Ölkədə “yoxsulluq səviyyəsinin” qiymətləndirilməsi üçün istifadə edilən minimum istehlak büdcəsi bu standartlar əsasında müxtəlif yaş qrupları, ayrı-ayrı sosial təbəqələr və ərazilər üzrə hesablanacaq.

Hökumətin sosial siyasəti ölkədə həm yoxsulluğun aradan qaldırılmasına, ilk növbədə isə dayanıqlı orta təbəqənin formalaşdırılmasına yönəldiləcək.

Dövlət vətəndaşların malik olduqları potensial bacarıq və qabiliyyətlərinin səmərəli və faydalı reallaşdırılması üçün yüksək məşğulluq səviyyəsini təmin edəcək, insanlar “tapa bildikləri” işlərdə deyil, istək və bacarıqlarına uyğun işlərdə çalışa biləcəklər. Qanunvericiliyə “ləyaqətli əmək haqqı” anlayışı gətiriləcək. Həmin anlayışa uyğun olaraq əməkhaqqının minimum yolverilən elə səviyyəsi məqbul sayılacaq ki, həmin məbləğ işləyən hər bir kəsin minimum yaşayış standartlarını əldə edə bilməsinə təminat versin.

Ölkənin neft resurslarından gələcək nəsillərin də faydalanması üçün neft gəlirləri hesabına “Gələcək Nəsillərin Sosial Təhlükəsizliyi Fondu” (GNSTF) yaradılacaq. Hər il Dövlət Neft Fonduna daxil olan vəsaitlərin ən azı 30%-i GNSTF-ə transfer olunacaq. Həmin Fondun təyinatı dövlət maliyyə sistemində böhran yarandığı hallarda dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin, resurs gəlirləri tükəndiyi dövrdə yoxsul əhali qruplarının mənzil, təhsil və sağlamlıq problemlərinin həlli ilə bağlı layihələrin icrasına sərf olunacaq.

Təqaüd sistemi. Ölkənin pensiya sistemi əsasən icbari sosial sığorta – fərdi yığım modeli əsasında qurulacaq. Pensiya sisteminin maliyyə bazasının dayanıqlığını və təhlükəsizliyini təmin etmək üçün ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsi və leqallaşdırılması hesabına Dövlət Təqaüd Fondunun gəlirlərinin ən azı 80%-nin məcburi sığorta haqlarından formalaşması təmin olunacaq.

Pensiyaların minimum məbləği pensiyaçılar üçün hesablanmış minimum istehlak büdcəsinin (minimum yaşam standartlarının) dəyəri məbləğində müəyyənləşdiriləcək. REAL inkişaf etmiş Avropa ölkələrində olduğu kimi ölkəmizdə də əməkhaqqının pensiyaya bağlanma əmsalının səviyyənin 60%-ə çatdırılmasını hədəf olaraq müəyyən edib. Əmək pensiyalarının məbləğinin davamlı olaraq həm inflyasiyaya, həm də ölkə iqtisadiyyatı üzrə orta aylıq əməkhaqqının səviyyəsinə uyğun indeksləşdirilməsi təmin olunacaq.

Pensiyaların idarə olunmasının çevikliyini və funksionallığını artırmaq üçün idarəetmə sistemi dəyişdiriləcək. İndiki Dövlət Təqaüd Fondunun fiskal funksiyası ləğv olunacaq. Əməkhaqlarından ödənən sosial sığorta haqları “sosial vergi” kimi vergi orqanları tərəfindən yığılacaq. Fərdi uçotla bağlı məlumat bazasının təşkili, sosial sığortaya cəlb olunanlar haqqında məlumatların qəbulu, məlumat bazasının idarə olunması, pensiyaların təyin olunması və ödənilməsinin təşkili məqsədilə Əmək Nazirliyinin nəzdində Təqaüd Agentliyi yaradılacaq.

Özəl pensiya fondlarının yaradılması və fəaliyyətinə şərait yaradılacaq, beynəlxalq reytinqi olan xarici investisiya fondları milli özəl pensiya fondlarının vəsaitlərini idarəetməyə götürdükdə, həmin vəsaitlərin sığortalanması üçün hökumət maliyyə dəstəyi təklif edəcək.

Əmək bazarını sağlamlaşdırmaq və cavanlaşdırmaq üçün qanunvericiliklə vətəndaşlara erkən təqaüd hüququ veriləcək. Həmin hüquqa görə, bunun üçün müəyyən edilən maksimum yaşdan (kişilər üçün də qadınlar üçün də 65 yaş) 2 il öncə təqaüdə çıxmağa imkan veriləcək. Amma bu halda həmin şəxslər onlar üçün hesablanmış pensiyaların 70%-ni ala biləcəklər. Müvafiq yaş həddinə çatdıqda isə həmin şəxslərin pensiyası yenidən hesablanmaqla tam həcmdə ödənilməyə başlanacaq.

Uşaqlara münasibət. Bütün uşaqların sağlam, yaradıcı və təminatlı mühitdə böyüməsi və inkişafı dövlətin diqqətində olacaq. Məktəbəqədər təhsil icbari olmaqla dövlət 3-6 yaşlı uşaqların belə təhsillə tam əhatə olunması üçün bütün yaşayış məntəqələrində məktəbəqədər (bağça) təhsilin təşkilinə təminat verəcək.
16 yaşınadək bütün uşaqların dövlət tərəfindən icbari tibbi sığortası təmin ediləcək. Təbii-iqlim şəraiti əlverişli olan ərazilərdə uşaq yay düşərgələrinin geniş şəbəkəsi yaradılacaq.

Əlillərə münasibət. Dövlət əlillərin sosial müdafiəsi və reabilitasiyası istiqamətində davamlı proqramlar həyata keçirəcək. Uşaqlıqdan əlillərin, vətən uğrunda döyüşlərdə və dövlət qulluğunda xidməti vəzifəsini həyata keçirərkən əlil olanların sosial müdafiəsi və tibbi təminatı tam dövlətin üzərində olacaq.

Xəstəlikləri xüsusi sanitar-kurort müalicəsi tələb olunan əlillik növlərinin siyahısı qanunvericiliklə müəyyən ediləcək və ildə bir dəfədən az olmayaraq həmin şəxslərin sanitar-kurort müalicəsinin təşkilini dövlət öz üzərinə götürəcək. Əlilliyi olan insanlar üçün ixtisaslaşdırılmış reabilitasiya mərkəzləri yaradılaraq, onların cəmiyyətin bütün sahələrinə inteqrasiyası intensivləşdiriləcək.

Şəhər və nəqliyyat infrastrukturu bütün növ əlilliyi olan insanların ehtiyaclarına uyğunlaşdırılacaq və bu sahədə aidiyyəti qurumların və şəxslərin dəqiq məsuliyyəti müəyyən ediləcək.

Əlilliyi olan insanlar dövlət hesabına müasir tələblərə cavab verən və fərdi hərəkət müstəqilliyini təmin edən vasitələrlə: aktiv tipli əlil arabaları, elektrik mühərrikli əlil arabaları, müasir protezlər, eşitmə və görmə problemi olan insanlar üçün xüsusi vasitələr və eləcə də əlilliyi olan insanlara qulluğu asanlaşdıran vasitələrlə təmin ediləcək. Başlanğıcda həmin vasitələrlə təminatı tezləşdirmək məqsədilə uzunmüddətli və faizsiz bank kreditlərinin ayrılması məsələsi nəzərdən keçiriləcək.

Əlilliyi olan insanların dövlət qulluğuna qəbul edilməsi üçün kvota müəyyən ediləcək və əlilliyi olan insanlar arasında müsabiqə keçirməklə kvota üzrə dövlət qulluğuna qəbul həyata keçiriləcək.

Əlilliyi olan insanların məşğulluq probleminin həll edilməsinə dəstək məqsədilə işəgötürənlərə iş yerlərində müvafiq şərait yaratması üçün müəyyən güzəştlər nəzərdə tutulacaq.

İmkansız ailələrin mənzil təminatı. Hökumətin dəstəyi ilə sosial mənzil fondunun yaradılması məqsədilə geniş proqram işləniləcək. Proqram maksimum 10 il ərzində ölkədəki mövcud mənzil fondunun heç olmazsa 10%-i həcmində sosial mənzil fondunun yaradılmasına təminat verəcək. Hökumətin mərkəzi büdcədən ayırdığı vəsait hesabına sosial mənzil fondunun yaradılmasını bələdiyyələr həyata keçirəcək və bu fond tamamilə bələdiyyələrin mülkiyyətinə veriləcək. Sosial mənzil fondu ölkənin bütün ərazilərində yaradılacaq. Bu fond mənzil almaq imkanı olmayan yoxsul ailələrin mənzil təminatı üçün əsas mexanizm kimi istifadə olunacaq.

Gənclərin mənzil təminatı üçün tətbiq edilən ipoteka mexanizmi təkmilləşdiriləcək. Gənclərə, hərbçilərə və təhsil, səhiyyə və elmi sferada çalışanlara ilkin ödənişsiz ipotekanın verilməsi, həmin təbəqədən olan şəxslərin ipoteka ilə aldığı mənzillərin qiymətləndirmə və sığortalanma xərclərinin hökumət tərəfindən kompensasiya edilməsi təmin olunacaq.

3.2. Sağlamlıq

REAL hesab edir ki, hər bir vətəndaşın sağlamlığı, bütövlükdə ölkə əhalisinin sağlamlığının mühüm şərti olmaqla, insanın tam dəyərliliyinin (mükəmməlliyinin) və imkanlar potensialının müəyyənedici amilidir. Ölkə əhalisinin sağlamlıq vəziyyətinin səviyyəsi isə ölkənin sosial-iqtisadi, mədəni və industrial inkişafının həlledici göstəricilərindən biridir. Buna görə səhiyyə həm də dövlətin iqtisadi tərəqqi doktrinasının ayrılmaz hissəsidir.

Əhalinin sağlamlığının təmin edilməsi dövlətin qarşısında duran başlıca vəzifələrdən biri olmaqla, onun həllinə görə məsuliyyət dövlət, biznes, vətəndaş cəmiyyəti və ailə (hər bir vətəndaş) arasında bölünür. Bunun üçün ölkəmizdə hələ sovet dövründən qalma mövcud səmərəsiz və bədxərc səhiyyə sistemi köklü şəkildə dəyişdiriləcək. Ölkədə icbari tibbi sığorta modelinə və zəruri dövlət təminatına əsaslanan elə bir səhiyyə sistemi formalaşdırılacaq ki, tibbi xidmətlərin ümumi əlçatanlığı, keyfiyyəti, vaxtında göstərilməsi və varisliyi təmin edilsin. Ölkədə geniş iştirakçılıq şəraitində vahid səhiyyə və sağlamlıq siyasəti işlənib hazırlanacaq və hökumət tərəfindən həyata keçiriləcək.

Ölkənin səhiyyə sistemi və səhiyyə siyasəti xəstəliklərin müalicəsi ilə yanaşı ölkədə xəstəliklərin baş vermə hallarının qarşısını ala biləcək qabaqlayıcı-profilaktik işlərin gücləndirilməsinə və əhaliyə vaxtında keyfiyyətli ilkin, təcili tibbi yardımın göstərilməsinə yönləndiriləcək. Tibb elminə qayğıya xüsusi önəm veriləcək.

Ölkənin səhiyyə sistemi dəlil və sübutlara söykənən tibbi xidmətlərin təşkili və icbari tibbi sığorta modelinə uyğun maliyyələşdirmənin tətbiqi əsasında qurulacaq. Əhaliyə göstərilən tibbi xidmətlərin dəyəri müvafiq xidmətlərin xarakteri, keyfiyyəti və dəyəri nəzərə alınmaqla tibbi sığorta sistemi vasitəsilə ödəniləcək.

İcbari tibbi sığorta əsasında ödənilən və dövlət təminatı verilən pulsuz tibbi xidmətlərin siyahısı (dəsti) dəqiq müəyyən ediləcək və bütün vətəndaşlara bərabər şərtlərlə təqdim ediləcək. Bütün işləyənlər işəgötürənlərin vəsaiti və özlərinin (işçilərin) əldə etdikləri gəlirləri hesabına icbari sığortalanacaq. İşləməyən vətəndaşların, uşaqların, təqaüdçülərin, əlillərin və yoxsulluğa meyilli sosial qrupların tibbi sığortası dövlət tərəfindən təmin edilir. Xüsusi (sosial) xəstəlik və əlillik qrupları üzrə dövlət təminatında olan vətəndaşlar üçün əlavə xidmətlər siyahısı (dəsti) müəyyən ediləcək. Hərbi qulluqçuların, müharibə əlillərinin və vətən qarşısında xüsusi xidmətləri ilə fərqlənən şəxslərin, 16 yaşınadək uşaqların bütün tibbi xidmətləri tam dövlət təminatına (sığortasına) alınacaq.

Dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılan vəsaitin məbləği illik ÜDM-in 5%-dən az olmayacaq və bu normativ hər ilin dövlət büdcəsinin planlaşdırılmasında mütləq gözləniləcək.

İdarə səhiyyəsi (ayrı-ayrı nazirliklərin və dövlət qurumlarının tabeliliyində olan səhiyyə) ləğv ediləcək. Yalnız xüsusilə ağır və çox xərc tələb edən xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdırılmış-elmi tibb müəssisələrinə xüsusi status veriləcək.

Ölkədə tibbi kadrların hazırlığı və yenidən hazırlığı sistemi tamamilə yenidən qurulacaq. Bu iş qabaqcıl ABŞ, Avropa və Türkiyə universitetləri və tibbi təhsil müəssisələri ilə geniş əməkdaşlıq və birbaşa iştirak əsasında qurulacaq.

Tibb işçilərinin əməyinin ödənişi müqavilə əsasında, ədalətli şəkildə həyata keçiriləcək. Tibb mütəxəssislərinin fəaliyyəti lisenziyalaşdırma əsasında həyata keçiriləcək. Lisenziyaların verilməsi tədricən İxtisaslaşdırılmış Ekspert Şuraları (bunlar Səhiyyə Nazirliyinə tabe olmayacaq) tərəfindən həyata keçiriləcək.

Tibb müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası həyata keçiriləcək. Bütün səhiyyə müəssisələrinin idarəetmə və maliyyə muxtariyyəti təmin ediləcək. Dövlət və özəl səhiyyə müəssisələrinin fəaliyyətinin bərabər şərtləri təmin ediləcək. İdarəetmədə şəffaflığın təmin edilməsi üçün vətəndaş cəmiyyətinin (icmaların) iştirakçılığı təmin ediləcək.

Əhali arasında sağlam həyat tərzinin təbliği üçün ictimai səhiyyənin və profilaktika işlərinin gücləndirilməsi təmin ediləcək. Profilaktika və peyvənd işləri xüsusi proqramlar əsasında dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək.

3.3. Elm və Təhsil

Azərbaycan insanı ölkənin ən başlıca resursu və kapitalıdır. Bu ölkə onundur, onun üçündür və ondan asılıdır. Azərbaycan insanının inkişafı ölkənin inkişafı deməkdir. Bilikli insanlardan formalaşmış cəmiyyət davamlı inkişafın əsas şərtidir. Bilikli insan həm də təminatlı insandır. Buna görə də Azərbaycan cəmiyyətinin maariflənməsi REAL-ın əsas prioritetlərindəndir. Bu zaman 3 strateji məsələnin həlli ümdə önəm daşımaqdadır:

– Keyfiyyətli Azərbaycan milli təhsil sisteminin formalaşması;
– Əhalinin bütün sosial, etnik, gender, dini və s. qruplara bu keyfiyyətli təhsil prosesinə eyni cəlbetmə imkanlarının yaradılması;
– Təhsilin və beləliklə ölkənin elmi və texnoloji cəhətdən qabaqcıllığının təmin edilməsi.

Bu strateji məqsədlərə yetişmək üçün ölkənin indiki tənəzzül vəziyyətində olan təhsil sisteminin köklü islahatlara ehtiyacı vardır.

Akademik azadlıqlar təmin ediləcək. Akademik azadlıq təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə, təhsil alan şagird və tələbələrə, eləcə də təhsil müəssisələrinə verilən azadlıqlardan ibarətdir. Akademik azadlığın əsas elementləri sərbəst seçim (və ya seçim azadlığı), sərbəst ifadə (ifadə azadlığı) və sərbəst fəaliyyətdir. Bu azadlıq çərçivəsində müəllimlərə, şagirdlərə, tələbələrə və təhsil müəssisələrinə aşağıdakı azadlıqlar veriləcək:

Müəllimlər öz mövqelərini sərbəst ifadə etmək hüququna malik olacaqlar. Onların istədikləri siyasi partiyaya üzv olmaq və siyasi mövqe daşımaq hüquqları təhsil müəssisələri tərəfindən hörmətlə qarşılanacaq, onlar vətəndaş mövqelərinə görə təzyiq və təqiblərə məruz qalmayacaqlar. Lakin müəllimlər onlara verilən bu azadlıqdan sui-istifadə etməməli, öz mövqelərini şagirdlərə məcburiyyət və ya mütləq mövqe kimi təqdim etməməli, öz mövqelərinin tədris prosesinə sirayət etməsinə imkan verməməlidirlər. Müəllimlərin təhsil müəssisələri tərəfindən təşkil edilmiş tədbirlərdə mövqelərinə zidd olduğu üçün iştirakdan imtina etmək azadlığı var. Müəllimin əsas vəzifələrindən biri şagird və tələbələrə sərbəst düşünməyi öyrətmək, onların tənqidi və intellektual düşüncələrini inkişaf etdirməkdir;

Şagird və tələbələrin siyasi mövqelərini seçmək, dünyagörüşlərini formalaşdırmaq azadlığı təmin olunacaq və təhsil aldıqları təhsil müəssisələrində siyasi mövqelərinə, yaxud fərqli dünya baxışlarına görə təzyiq, təqib və ayrı-seçkiliyə məruz qalmalarına imkan verilməyəcək. Şagird və tələbələrin təhsil müəssisələrində sərbəst toplaşmaq, müxtəlif mövzularda müzakirələr aparmaq, tədbirlər təşkil etmək azadlığı təmin olunacaq;

Təhsil müəssisələri dövlət tədbirlərində iştirak etmək və iştirakdan imtina etmək azadlığına malik olacaq. Bu təhsil müəssisələrinin dövlət tərəfindən istismar edilməsi hallarının qarşısını alacaq və təhsil müəssisələrinə müstəqil qərarvermə imkanı yaradılacaq.

Əhalinin təhsil imkanları genişləndiriləcək. Dövlət vətəndaşların təhsil almaq hüquqlarını məhdudlaşdırmayacaq. Tələbə qəbulunu birbaşa məhdudlaşdırmaq əvəzinə, aşağı keyfiyyətli proqramlarda təhsilin keyfiyyətini artırmaq üçün müxtəlif vasitələrdən, o cümlədən akkreditasiyadan və nəticələrə yönəlmiş maliyyələşdirmə mexanizmlərindən səmərəli istifadə ediləcəkdir.

Bundan əlavə, qəbul zamanı abituriyentlərin istəmədiyi fakültələrə yönləndirilməsi praktikasından imtina ediləcəkdir. Bakalavr pilləsində eyni zamanda iki ixtisas almağa şərait yaradılacaqdır. Magistr təhsilini almaq üçün bakalavrlara geniş ixtisas seçimi imkanları veriləcəkdir.

Təhsil sahəsində əyalətlərlə paytaxt arasında kəskin fərqlərin, o cümlədən əhalinin ali təhsil almaq imkanları baxımından mövcud olan ciddi qeyri-bərabərliyin aradan götürülməsi üçün dövlət bir tərəfdən əyalətlərdə müasir universitet kampuslarının yaradılmasına önəm verəcək, digər tərəfdən də əyalətlərdən Bakıya təhsil almağa gələn tələbələr üçün adekvat şərait yaradacaqdır.

Təhsilin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılacaq. Bütün pillələrdə təhsilin keyfiyyətinin təmin olunması, statistika naminə saxtakarlıqlardan imtina edilməsi, verilən diplomların müvafiq təhsil pillələrinə uyğun real bilik və bacarıqları əks etdirən etibarlı sənədə çevrilməsi qarşımızda duran mühüm vəzifələrdəndir. Təhsil prosesinin təşkili, mühazirələrdən tutmuş qiymətləndirməyə qədər dünyanın qabaqcıl universitetlərinin təcrübəsi əsasında qurulacaqdır. “Milli mənəvi dəyərlər”, “özünəməxsusluq” bəhanələri ilə təhsilin keyfiyyətinə xələl gətirəcək improvizasiyalara yol verilməyəcəkdir.

Təhsil və Korrupsiya. Təhsil müəssisələrinin son 40 ildə korrupsiyaya bulaşması onun inkişafı qarşısında əsas maneələrdəndir. Buna görə təhsildə yerlibazlıq, qohumbazlıq, dostbazlıq kimi bəlalar bilik, savad, yetkinlik, liderlik, təşəbbüskarlıq kimi meyarlarla əvəz olunacaqdır.

Korrupsiya ilə mübarizədə əldə edilən uğurlar qəbul prosesinin universitetlərə qaytarılmasına imkan verəcəkdir. Lakin universitetlərin qəbul prosesində ümumi sxolastik bilikləri yoxlayan imtahan nəticələri meyar kimi nəzərə alınacaqdır. Bu imtahanlar bütün ölkə üzrə səlahiyyətli quruma həvalə ediləcəkdir. Stresin və təsadüflərin fəsadlarını aradan qaldırmaq üçün bu imtahanları bir dəfə deyil, bir neçə dəfə vermək imkanı yaradılacaq, imtahan göstəriciləri içərisindən abituriyentlərin ən yaxşı nəticələri təhsil müəssisələrinə göndəriləcəkdir.

Ümumən universitetə qəbul nisbətən asanlaşdırılsa da, oxumaq və bitirmək çoxlu zəhmət tələb edən bir prosesə çevriləcəkdir.

Qiymət inflyasiyasına qarşı mübarizə aparmaq məqsədilə biliklərin qiymətləndirməsinin adekvatlığını təmin edən və beynəlxalq praktikada istifadə edilən üsullar tətbiq olunacaqdır.

Təhsil müəssisələrinin maddi-texniki təchizatı və maliyyələşməsi. Universitetlərin büdcəsi şəffaf və ictimaiyyətə açıq olacaq. Gəlir və xərclər kateqoriyalar üzrə şəffaf şəkildə göstəriləcəkdir.

Mərkəzi hakimiyyətin ali təhsil müəssisələrinə yardımı müxtəlif dövlət sifarişlərinin maliyyələşməsinə, ölkədə ümumi təhsil səviyyəsinin yüksəldilməsinə, əhalinin aztəminatlı hissəsinin, həmçinin təhsildən nisbətən kənarda qalmış təbəqələrinin prosesə cəlb olunmasına yönəlik tədbirlər çərçivəsində həyata keçirilən ümum Azərbaycan proqramları vasitəsilə olacaqdır.

Universitetlərin məqsədlərinə görə, ayrıca dövlət tələbatına uyğun elmi araşdırmalara görə büdcədən pul ayrılacaqdır.

Dövlətdən maliyyələşən universitetlərə “uğura görə maliyyələşmə” modeli tətbiq ediləcək. Uğur göstəriciləri sırasına məzunların sayı, onların işlə təmin olma faizi, elmi araşdırmaların sayı və keyfiyyəti, həmçinin ali məktəbin yaratdığı iqtisadi təsir kimi amillər daxil ediləcəkdir.

Müəllimin əməkhaqqı həm onun cəmiyyətin elitası kimi qəbul edilməsini təmin edən əsas şərtlərdəndir, həm də cəmiyyətin müəllimlik peşəsinə verdiyi dəyərin göstəricisidir. Buna görə də təhsil işçisinin maaşının həcmi onun yuxarı orta təbəqə səviyyəsində təminatına şərait yaradacaqdır.

Təhsil müəssisəsi həm də qabaqcıl texnologiya mənbəyidir. Təhsil müəssisələrinin maddi-texniki bazası daim müasir tələblərə cavab verəcəkdir.

Kitabxanalar sürətlə təhsil müəssisəsinə adekvat səviyyəyə çatdırılacaqdır. Təhsil müəssisələri beynəlxalq kitabxana sistemlərinə qoşulacaqdır.

Təhsil müəssisələrinin binalarında pulsuz simsiz İnternet təchizatı təmin ediləcəkdir.

Universitetlərin IT imkanları maksimum genişləndiriləcəkdir. Universitetlər korporativ müqavilələrlə tələbələrinə və işçilərinə istər kompüterlərin, istərsə də lisenziyalaşdırılmış proqramların güzəştlə alınmasında yardımçı olacaqdır.

Təhsil müəssisələri işçilərinin tibbi sığorta əldə etməsi də müəssisə tərəfindən bağlanan korporativ müqavilələrlə xeyli yüngülləşdiriləcəkdir.

Dövlət təhsil müəssislərinin maliyyələşməsi bələdiyyə ayırmaları, təhsil müəssisələrinin istehsalatla əlaqələri, dövlət qrantları, xarici təhsil haqları və ianələr vasitəsilə həyata keçiriləcəkdir.

Özəl ali təhsil müəssisələrində hüquq və tibb fakültələrinin təşkilinə qadağa aradan götürüləcəkdir.

Ali təhsil sisteminin keyfiyyəti üçün ən vacib şərtlərdən olan müstəqil və etibarlı milli akkreditasiya sistemi təşkil olunacaqdır.

Universitetin əsas müvəffəqiyyət göstəricilərindən biri tələbələrin məzun olduqdan sonra əmək bazarında ixtisasına uyğun işlə təmin olunmasıdır. Buna görə də bütövlükdə məzunların iş həyatına maksimum dərəcədə hazırlıqlı olması üçün universitet tələbələrinin təhsil müddətində praktik iş təcrübəsi qazanması təmin ediləcək, əmək bazarı yaxından öyrəniləcək, təhsil prosesi əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılacaq, işəgötürənlərlə sıx əlaqələr qurulacaq, universitet nəzdində Karyera Mərkəzləri təsis edilərək tələbələrə iş tapmaqda köməklik göstəriləcəkdir.

Universitetlərdə magistr və doktor təhsili alan tələbələr məvacib müqabilində müvəqqəti tədris prosesinə cəlb olunacaqdır.

Universitetlərdəki texniki iş yerlərinə (məsələn, kitabxanalarda) əsasən tələbələr cəlb ediləcəkdir.

Dövlət məktəblərinin şagirdlərin sayına uyğun olaraq maliyyələşməsi prinsipi tətbiq ediləcəkdir.

Universitetlərin satdığı xidmətlər. Həm təhsil prosesinin tərkib hissəsi olaraq, həm də tələbələrin gələcək iş həyatına hazırlığı məqsədilə, universitetlərin öz nəzdində hüquq firma və məsləhətxanaları təsis etməsi üçün şərait yaradılacaq. Bu firma və məsləhətxanaların fəaliyyəti nəticəsində:

– Xüsusən əhalinin aztəminatlı hissəsi üçün güzəştli və ya qiymətdə daha münasib hüquqi xidmətlər göstəriləcəkdir;
– Təhsil müəssisələri əhalinin ədalətli mühakimə hüququnun təmin edilməsinə öz töhfəsini verəcəkdir;
– Universitetin professor-müəllim heyətinin və kənardan cəlb olunmuş peşəkar hüquqşünasların rəhbərliyi altında hüquq fakültəsinin tələbələri universitetdən məzun olana qədər dəyərli iş təcrübəsi və maddi qazanc əldə edəcəkdir;
– Universitetlər sahibkarlıq fəaliyyətindən müəyyən gəlir əldə etmiş olacaqlar.
– Universitetlərdə tibb fakültələri və onların klinikalarının təşkili üçün şərait yaradılacaqdır.

Pedaqoji fakültələr nəzdində də məktəbəqədər və ibtidai təhsil xidmətləri göstərən müəssisələr təşkil olunacaqdır.

Universitetlərin öz atributlarını əks etdirən geyim və digər əşyaları istehsal edib, satması ənənəsi yaradılacaqdır.

Universitetlərin şəhərcik (kampus) komplekslərinin yaradılmasına xüsusi önəm veriləcəkdir. Universitetlərin yerləşdiyi məkanın həyat və biznes mərkəzinə çevrilməsi ənənəsinin yaradılmasına səy göstəriləcəkdir.

Universitet həm təhsil, həm tədqiqat müəssisəsidir. Dövlət ali təhsil müəssisələri dövlət maliyyəsi hesabına tədqiqat çəkisi ağır olan təhsil müəssisələrinə çevriləcəkdir.

Ali təhsil müəssisələrinin işçilərinə tədqiqatlar aparmaq üçün 3 il tədris fəaliyyətindən sonra məvacibi ödənilməklə birillik akademik məzuniyyətlər veriləcəkdir (bu mexanizm, sadəcə, nümunə kimi göstərilir, prosesi tənzimləmək universitetlərin özlərinə həvalə ediləcəkdir).

Elmi ezamiyyətə gedənlərə maddi vəsaitin ayrılması bərpa ediləcəkdir.

Təhsilin əldə olunma pillələri:

– Dörd pilləli məktəb təhsili: Məktəbəqədər (6 yaşına qədər), ibtidai (1-4-cü siniflər), orta (5-8-ci siniflər) və yuxarı (9-12-ci siniflər);
– Köməkçi mütəxəssis diplomu ilə yanaşı bakalavr pilləsini 3-cü kursdan başlamağa imkan verən ikiillik kolleclər;
– Bakalavr, magistr və doktor pilləli ali təhsil sistemi.

Təhsil müəssisələrinin növləri:

– İctimai (Dövlət);
– Özəl.

Təhsil müəssisələrinin akkreditasiyası. Təhsil müəssisələrinin keyfiyyətinin artırılması məqsədilə onların idarəçilik məsuliyyəti yerli səviyyəyə həvalə ediləcəkdir.

Yalnız El məclisləri, şəhər və kənd bələdiyyələri dövlət təhsil müəssisələrinin təsisçisi və idarəçisi kimi çıxış edəcəkdir. Bu cür yanaşma təhsil müəssisələrinin prioritetlərini müəyyənləşdirərkən regional tələblərin daha optimal nəzərə alınmasına, yerli özünüidarənin səlahiyyəti dairəsində olan təhsil müəssisəsinin imicinə görə məsuliyyət daşımasına imkan verəcəkdir.

Təhsil müəssisələrinin akkreditasiyası ilk dövrlərdə beynəlxalq akkreditasiya agentliklərinə həvalə olunacaqdır. Müəyyən müddət təcrübə topladıqdan sonra müstəqil, özünün direktorlar şurası olan, mümkün qədər çox sayda maraqlı tərəflərin iştirak etdiyi (o cümlədən özəl sektor, müstəqil QHT-lər, müstəqil ekspertlər, Təhsil Nazirliyi və sair) yeni bir akkreditasiya təşkilatı yaradılacaqdır.

Akkreditasiyalar iki tipli olacaqdır: təhsil və ixtisas standartları əsasında.

Hər universitetin və fakültənin məqsədilə missiyası aydın olacaqdır. Bu missiyanı yerinə yetirərkən məqsədlərinə necə çatacağı aydın göstəriləcəkdir. Bunun üçün öyrənmə işinin effektivliyi yoxlanılacaqdır.

İdarəetmə. Təhsil müəssisələrinin idarəolunması təcrübəli təhsil menecerlərinə həvalə olunacaqdır.

Ali təhsil müəssisələrində təhsilin idarə olunması üzrə mütəxəssislər hazırlayan “executive” magistr proqramları təşkil olunacaq. Buna qədər kadr çatışmazlığını aradan qaldırmaq üçün ilkin dövrdə namizədlər təhsil menecmenti sahəsində dünyanın aparıcı təhsil müəssisələrinə birillik “executive” magistr proqramlarına göndəriləcəkdir.

Dövlət orta təhsil məktəblərinin rəhbərlərini El və şəhər təhsil departamentləri təyin edəcəkdir.

Orta məktəblər hüquqi şəxsə çevriləcəkdir.

Ali təhsil məktəbləri və ikiillik kollecləri Hamilər Şurası idarə edəcəkdir. Hamilər Şurası ali məktəbin rəhbərini təyin edəcəkdir. Hamilər Şurasına namizədləri universitetin daxilində yaradılan komissiya seçəcəkdir. Şuraya həmçinin regiondan Milli Məclisə seçilən deputatlar, El, İcra Hakimiyyətinin, bələdiyyələrin rəhbərləri, bu təhsil müəssisələrinə böyük ianələr vermiş xeyriyyəçilər də avtomatik olaraq kooptasiya olunacaqdır.

Universitetlərin daxilində idarəetmə strukturu təkmilləşəcək, tələbələrin, müəllimlərin və digər işçilərin birlik qurub idarəetmə prosesinə təsir göstərməsinə şərait yaradılacaqdır. Rektor qərarvermə prosesində bu qrupların rəyini nəzərə alacaqdır.

Hər universitetin akademik və professional kvalifikasiya standartları olacaq. Akkreditasiya qurumu bu standartların necə yerinə yetirildiyini yoxlayacaqdır.

Ali təhsil qurumlarında müəllimlər ilk əvvəl sınaq müddətinə işə götürüləcək. Bu sınaq müddəti əsasən 5 ili əhatə edəcəkdir. Həmin müddətdə onlardan tələb edilən elmi və pedaqoji fəaliyyət göstəriciləri müqavilələrində aydın göstəriləcəkdir. Bu müddəti uğurla keçən müəllimlər təqaüdə çıxana kimi daimi işlə təmin ediləcəklər. Müəllimlərin hər 5 ildən bir seçkiyə getməsi praktikası ləğv ediləcəkdir.

Aktual elm sahələrinin inkişafını stimullaşdırmaq üçün maaşların ixtisasa görə müəyyənləşməsi praktikasından istifadə ediləcəkdir.

Hərbi məktəblər istisna olmaqla bütün nazirliklərin və dövlət şirkətlərinin təhsil müəssisələri ləğv olunacaqdır.

Təhsil Nazirliyi Cümhuriyyətin ümumi təhsil siyasəti, strateji və metodiki məsələlərlə məşğul olacaq, bilavasitə inzibati idarəçilik problemlərinə qarışmayacaqdır. Bununla belə, Təhsil Nazirliyi təhsilin ölkə üzrə koordinasiyasını həyata keçirəcəkdir.

Beynəlxalq elm-təhsil sisteminə inteqrasiya. Beynəlxalq elm və təhsil sisteminə inteqrasiya Azərbaycanda biliyin və elmin inkişafı üçün mühüm tələbdir. Buna görə də bizim təhsil müəssislərinin xaricdəki aparıcı elm və təhsil müəssisələri ilə formal deyil, real əməkdaşlığının yaradılması məqsədilə əlverişli şərtlər formalaşdırılacaqdır.

Digər ölkələrin elmi müəssisləri ilə əməkdaşlığa, birgə tədqiqat layihələrinə və buna həvəsləndirmə metodlarına xüsusi diqqət ayrılacaqdır.

Elm və təhsil əməkdaşlığı naminə beynəlxalq layihələrdə iştirak edənlərə maksimum imkanlar tanınacaq və imtiyazlar veriləcəkdir.

Mübadilə proqramlarında iştirak istər texniki, istərsə də ictimai elmlər üçün tələbə çevriləcəkdir.

Xaricdə təhsil proqramları genişləndiriləcək, insan kapitalının həlledici əhəmiyyəti nəzərə alınaraq bu məsələ ümdə prioritet olacaqdır.

İlk növbədə xarici ali məktəblərdə fəaliyyət göstərən azərbaycanlıların ən əlverişli şərtlərlə ölkədə təhsil sisteminin quruculuğuna cəlb edilməsi prioritetə çevriləcəkdir.

Ümumiyyətlə, xarici universitetlərdə təhsil almış azərbaycanlı mütəxəssislərin ölkədəki təhsil sisteminə cəlb edilməsinə çalışılacaqdır.

Xaricdən mütəxəssislərin bizim universitetlərə ali təhsil müəssisələrinin öz vəsaitləri hesabına qonaq professor, yaxud qonaq tədqiqatçı qismində cəlb edilməsi praktikası genişləndiriləcəkdir.

Təhsil bazarı xarici universitetlərə açılacaq, xarici təhsil müəssisələrinin Azərbaycanda bölmələrinin açılmasına şərait yaradılacaqdır.

Elm sahəsində əlavə tədbirlər. Azərbaycan Elmlər Akademiyası (AMEA) ali təhsil müəssisəsinə çevriləcəkdir.

Universitet və kolleclərdə siyasi təbliğat naminə deyil, əsl beynəlxalq elmi tədbirlərin keçirilməsinə köməklik göstəriləcəkdir. Qabaqcıl alimlərin özlərinin mütəmadi seminarlarının təşkili üçün şərait yaradılacaqdır.

İkinci doktorluq pilləsi köhnə sistemlə yeni sistemin uğursuz gibridi kimi ləğv ediləcək, post-doc elmi tədqiqat sisteminin tətbiqinə və inkişaf etdirilməsinə xüsusi önəm veriləcəkdir.

İkinci doktorluq pilləsinin aradan götürülməsi PhD-si olan şəxslərin mütəmadi olaraq aktual elmi dərəclərlə çıxış etməsini stimullaşdıracaqdır. PhD-si olan tədqiqatçıların elmi məhsuldarlığında və uğrunda fərqin meyarı, həmçinin də elm və təhsil müəssislərinə işə götürülərkən əsas şərt məhz elmi dərəcələr olacaqdır.
Ali Attestasiya Komissiyası ləğv ediləcəkdir, elmi adların verilməsi məhz təhsil pilləsi kimi məntiqi olaraq birbaşa universitetlərə həvalə olunacaqdır.

Bir ali təhsil müəssisəsindən doktorluq adı almış şəxsin növbəti 3-5 ildə həmin müəssisədə işləməsinə məhdudiyyət qoyulacaqdır. Bu addım elmi ideyaların, iş yerlərinin ölkə daxilində hərəkətliliyini və mübadiləsini təmin etmək, həm də bütün ölkə ərazisində elm və təhsilin eyni dərəcədə inkişafına şərait yaratmaq üçün atılacaqdır.

İndiki qeyri-effektiv Elmi Müdafiə Şuraları sistemi ləğv ediləcəkdir. Bilavasitə müdafiə olunan mövzu üzrə məlumatlı mütəxəssislərdən ibarət maksimum 6-7 nəfərlik birdəfəlik elmi şuralar yaradılacaqdır.

Elmi adların klassifikasiyası və həmçinin bu adların verilməsi üçün nəzərdə tutulan prosedur zamanı ixtisasların fərqliliyi nəzərə alınacaq, formal unifikasiya qətiyyən prioritet olmayacaqdır.

Müdafiə prosesini ifrat dərəcədə uzadan bürokratik sistem ləğv olunacaqdır. Müdafiə üçün elmi dərəcələr tələbi götürüləcəkdir. Yuxarıda qeyd edildiyi kimi dərəcələr yalnız bilavasitə elm və təhsil müəssisələrində işləmək üçün müraciət etmiş doktorluğu olan şəxslərdən tələb edilən başlıca meyara çevriləcəkdir.

Elmin İnkişafı Fondu təkmilləşdiriləcək, fəaliyyətindəki siyasi qərəzə və formallığa son qoyulacaq, yalnız real əhəmiyyəti olan, aktual araşdırmalara ədalətli seçim əsasında kifayətedici həcmdə qrantlar ayrılacaqdır.

3.4. Mədəniyyət

REAL Azərbaycanın mədəni gələcəyini ölkəmizin dünyaya açılmasında görür. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas məqsədi həm milli mədəniyyətimizi dünyaya tanıtmaq, həm də vətəndaşlarımızın mədəni zövqünü inkişaf etdirmək və zənginləşdirmək olacaq. Yaradıcı insanların və müəssisələrin professional fəaliyyətinə dövlətin müdaxiləsi aradan götürüləcək, mədəniyyət sahəsində azad və sağlam rəqabət mühiti yaradılacaq, sahibkarlıq təşviq olunacaq.

Yaradıcılıq azadlığı təmin ediləcək. REAL hesab edir ki, yaradıcılıq azadlığının təmin olunması üçün mədəniyyət siyasətin alətinə çevrilməməlidir. Dövlət mədəniyyət sahəsində fəaliyyət göstərən professional təşkilat və birliklərin fəaliyyətinə müdaxilə etməyəcək, onlardan heç birinə nə formal, nə faktiki xüsusi status tanımayacaq. Dövlət Mədəniyyət yaratmayacaq, mədəniyyəti qiymətləndirməyəcək. Sovet keçmişimizin qalığı hesab etdiyimiz “xalq artisti”, “əməkdar artist”, “əməkdar mədəniyyət işçisi” və bu kimi dövlət adlarının verilməsi təcrübəsi ləğv ediləcək. REAL mədəniyyət siyasətinin əsasını mədəniyyət subyektlərinin dəstəklənməsindən daha çox, onların məhsul və xidmətlərinə tələbatın stimullaşdırılması təşkil edəcək.

Mədəniyyət sahəsinin maliyyələşdirmə siyasəti. Dövlətin mədəniyyət sahəsində büdcə xərcləri Avropada ən yuxarı həddə çatdırılacaq. Lakin REAL-ın mədəniyyət sahəsində maliyyə siyasətinin əsas prioriteti mədəniyyət qurumlarının tədricən bazar iqtisadiyyatı şərtlərinə uyğunlaşmasını təmin etməkdir. Son nəticə olaraq, yalnız prioritet hesab edilən sahələrin milli kitabxana, əsas dövlət muzeyləri və arxivləri, Azərbaycan Opera və Balet Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Simfonik Orkestrinin saxlanması üçün dövlətin birbaşa və tam maliyyələşdirilməsi həyata keçiriləcək.

Yerli İdarəetmələr inkişaf etdikcə yerli əhəmiyyətli (diyarşünaslıq) muzeylər, kitabxanalar, yerli teatrların saxlanması üçün birə-bir qarşılıqlı maliyyələşdirmə prinsipi ilə yerli bücələrə məqsədli transfertlər ediləcək.

Digər mədəniyyət sahələrində birbaşa maliyyələşdirmə yalnız ədalətli müsabiqələr nəticəsində udulan qrantlar formasında olacaq. Qrant formasında maliyyələşdirmə mədəniyyət subyektlərinin bazar iqtisadiyyatı şəraitinə uyğunlaşması üçün birə-bir və ya birə-iki prinsipi ilə qismən dövlət, qismən isə müstəqil resurslar hesabına həyata keçiriləcək. Belə qrantlarda dövlət büdcəsindən ayrıla biləcək məbləğin ən yuxarı həddi müəyyən ediləcək.

Bəzi mədəniyyət obyektlərinin (ev muzeyləri, abidələrin və sairə) saxlanması üçün dövlət, yerli büdcələr, bu sahədə maraqlı olan fondların (və ya ictimai təşkilatların) iştirakı ilə birgə maliyyələşdirilməsi siyasəti çəkiləcək. Bu ev muzeylərin, abidələrin saxlanması üçün maraqlı olan fondlara və ya təşkilatlara subsidiyalar ayrılacaq.

Festival, sərgi və digər kütləvi mədəniyyət tədbirlərinin keçirilməsi üçün dövlət və sponsor təşkilatı arasında qarşılıqlı maliyyələşdirmə barədə partnyor sazişi imzalanacaq. Tədbirin keçiriləcəyi ilk ildə (və ya illərdə) maliyyələşdirmə birə-bir prinsipi ilə həyata keçiriləcək, daha sonrakı illərdə dövlətin maliyyələşdirmədəki payı azaldılacaq.

Xüsusi tələbatı olan mədəniyyət sahələrinin inkişafı üçün fondlar yaradılacaq. Bu fondlar tətbiq olunacaq xüsusi vergilər, vergi əlavələri, reklam, lotereya və sairə fəaliyyətlərdən daxilolmalar hesabına formalaşdırılacaq.

Müəllif hüquqları qorunacaq. REAL hesab edir ki, yaradıcı şəxslərin rifahı o cümlədən də müəllif hüquqlarının qorunmasından keçir.

Mədəniyyət qurumlarının kommersiya fəaliyyətinin inkişafı ilə onların maliyyələşdirilməsində dövlət zəmanəti ilə, güzəştli bank kreditlərinin verilməsinə şərait yaradılacaq.

Mədəniyyət sahəsində güzəştlər və təşviq siyasəti. Mədəniyyət sahəsinin inkişaf vəziyyətindən asılı olaraq yaradıcı fəaliyyətlə məşğul olacaq işçilərə vergi güzəştləri (vergidən azad olma, aşağı vergi dərəcələri, vergi növünün seçilməsi və sairə) tətbiq ediləcək. Mədəniyyət sahəsində fəaliyyət göstərən sponsorlara xüsusi vergi siyasəti tətbiq ediləcək. Mədəniyyət sahələrinə dövlət qazanc mənbəyi kimi yanaşmayacaq. Dövlətin mədəniyyət sahəsindən əldə edəcəyi gəlir, yalnız mədəniyyət sahəsinə xərclənəcək.

3.5. Gender bərabərliyi

Qadın və kişilər üçün siyasi, iqtisadi və sosial iştirakçılıqda bərabər imkanların yaradılması REAL-ın siyasi istiqamətlərindən biridir. REAL hesab edir ki, gender bərabərliyinin təmin edilməsi və qadınların sosial, iqtisadi və siyasi sahələrdə rollarının artırılması üçün 4 əsas istiqamətdə fəaliyyət planı həyata keçirilməlidir:

Təhsil. Orta məktəblərdə qızların təhsilinə mane olan məişət, inanc və sosial faktorların araşdırılması, problemlərin önlənməsi, bu sahədə maarifləndirmə və dialoqun dəstəklənməsi vacibdir. Orta və ali təhsilin stimullaşdırılması üçün tədbirlər planı hazırlanaraq həyata keçiriləcək.

Qadın hüquqları və azadlıqlarının təmin edilməsi. Bu istiqamət Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində fəaliyyətin tərkibində ana xətlərdən biri olacaqdır. Bu təminat üçün beynəlxalq təşkilatların gender problemi üçün tövsiyələrinin yerinə yetirilməsi, sensativ problemlərin (məsələn, qadın zorakılığı, qadın alveri, ayrı-seçkilik, selektiv abort və s.) önlənməsi üçün qanunvericiliyə dəyişiklikdən tutmuş qadın təşkilatlarının dövlət tərəfindən dəstəklənməsinədək olan fəaliyyətləri həyata keçiriləcək.

Qadınları sosial-iqtisadi və siyasi cəhətdən gücləndirilməsi. REAL hesab edir ki, bu istiqamətdə işlər qadın hərəkatlarının, vətəndaş təhsilinin, qadınlar üçün kredit və biznes imkanlarının yaradılması, biznes və siyasi liderlik kurs və məktəblərinin dəstəklənməsi kimi önəmli istiqamətləri əhatə edəcək. Eyni zamanda ölkə səviyyəsində və sektorlar üzrə Gender bərabərliyi indeksi hazırlanacaq ki, bu gender təhlilini aparmaq və dəyişiklikləri izləməyə imkan verəcək.

Gender büdcələşdirilməsi. Gender büdcələşdirilməsi gender problemlərinin öyrənilməsi, gender təhlili, dövlət resurslarına bərabər çıxışın təmin edilməsi və gender problemləri üzrə xərclərin prioritet olmasını təmin etmək üçün olduqca vacibdir. Gender büdcələşdirilməsi bir sıra Avropa ölkələrinin təcrübəsinə uyğun olaraq aşağıdan yuxarı tətbiq ediləcək. İlkin olaraq alimlər, dövlət qurumları və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət bir qrup yaradılacaq ki, o da Gender təhlili aparacaq, müvafiq bələdçi hazırlayacaq, maarifləndirmə kampaniyaları və diskussiyalar təşkil ediləcək. İlkin olaraq pilot qaydada bələdiyyə, El və dövlət büdcəsinin bir neçə xərc istiqaməti səviyyəsində gender büdcələşdirilməsi aparılacaq və 5 il müddətində bütün səviyyəli büdcələrdə tam tətbiq ediləcək.

3.6. İnanc

Dünyəvilik, dinin dövlətdən ayrılması və vicdan azadlığı. Cümhuriyyətçilik dinin dövlətdən ayrılmasını, dünyəviliyi təməl prinsipi kimi qəbul etsə də, dini etiqad azadlığını ən optimal surətdə təmin etmək cümhuriyyətimizin bünövrə azadlıqlarındandır. Din və vicdan azadlığı demokratiyanın mütləq atributlarından biridir. Ölkənin təhlükəsizliyi dini azadlıqların boğulması hesabına baş verməməlidir. REAL Azərbaycanın dövləti təhlükəsizliyi ilə dini azadlıqların təmin olunması kimi iki təməl prinsipin optimal balansını yaradacaqdır.

Cümhuriyyətin dünyəviliyi o deməkdir ki, dövlət dini qanunlara görə idarə edilmir, dövlət vətəndaşlarına din və vicdan məsələlərinə aid heç bir rəsmi ideologiyanı qəbul etdirməyəcəkdir.

Dinin dövlətdən ayrılması o deməkdir ki, dövlətin öz dini yoxdur, imtiyazlı din və imtiyazlı dini icma məfhumu yoxdur, şəxsiyyətin dünyagörüşünə, vicdanla bağlı seçiminə aid məsələlər və heç biri dini hüquqi nöqteyi-nəzərdən dəstəkləməyən dövlətə aid məsələlər bir-birindən tamamilə ayrılacaqdır.

Dövlətin dindən ayrılığı həmçinin siyasi-ideoloji mahiyyət daşıyır və ictimai-siyasi sistemin dünyəviliyinə dəlalət edir. Dövlət dinin doqmatik məsələlərinə qarışmayacaqdır və bu məsələlərə aid qanun və qərarlar qəbul etməyəcəkdir. Din azadlığı qanunun müəyyənləşdirdiyi sərhədlər çərçivəsində mövcud olacaqdır. Qanunların təməlini fundamental dəyərlər prinsipi təşkil edir.

Dünyəvilik və dinin kulturoloji təsiri. Bununla belə, dünyəvilik ideologiya deyil, həyata keçirilən konsepsiya olduğundan bu prinsipin həyata keçirildiyi ölkənin dini, ictimai, siyasi xüsusiyyətləri bu anlayışa təsir göstərir. Cümhuriyyətimizin özünəməxsus tarixi, sosial və siyasi mühiti, ölkədə din mədəniyyətinin xüsusiyyətləri burada mövcud olan dünyəvilik anlayışında və onun həyata keçirilməsində nəzərə alınacaqdır. Lakin tarixilik demokratik idarəçilik vasitəsinin və fərdi azadlıqlar məqsədinin məhdudlaşdırılmasına əsas verməyəcəkdir.

Dini dəvət və vicdan azadlığı. Dinlər ona görə yayılır ki, istisnasız olaraq bütün dinlərin əsas prinsiplərindən biri dəvətdir, yəni təlimin təbliğidir. Dinlərin adeptləri onun sıralarının genişləndirilməsini və öz inanclarının yayılmasını bu həyatdakı əsas vəzifələrindən biri kimi görürlər. Dövlət dindarların bu hüququnu tanıyacaqdır.

Dövlət, ümumiyyətlə, hər bir vətəndaşın dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnu qəbul edir. Yəni dini dəvət kimi konkret din əleyhinə, yaxud ümumən ateistik təbliğat da demokratiyanın təməl prinsipi olan vicdan azadlığının tərkib hissəsidir. Fəqət yalnız tolerant olanlara tolerant yanaşmaq mümkün olduğundan, REAL nifrət təbliğatını məqbul hesab etmir.

Dindarlar və müasir dünyəvi vətəndaş cəmiyyəti dəyərləri. Dövlət qarşısında duran əsas məqsədlərdən biri dindarların Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına əməl etməsini təmin etmək, dövlətçiliyinin, dünyəvi quruluşunun, demokratik ictimai-siyasi idarəçilik sisteminin, müasir vətəndaş cəmiyyətinin bərabərhüquqlu tərkib hissəsinə çevirməkdir.

Dövlət hər bir kəsin heç bir ayrı-seçkilik olmadan öz seçiminə uyğun dini inanca sahib olmaq və onu yaşamaq hüququnu tanıyacaqdır, heç bir dini görüşü qadağan etməyəcəkdir, dini baxışlara görə hər cür diskriminasiyaya qarşı çıxacaqdır, hər hansı dindarın törətdiyi qeyri-qanuni hərəkəti bütövlükdə onların mənsub olduğu dini görüşün məsuliyyəti kimi dəyərləndirməyəcəkdir, qanuni vasitələrlə hər hansı bir qanunsuzluğun qarşısını alarkən din azadlığını və yaxud dindarların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmayacaqdır.

Cümhuriyyətimiz din əleyhinə deyil. Bütövlükdə dini dünyagörüşü, dini xüsusiyyətləri, dini hissləri cəmiyyət həyatının ayrılmaz tərkib hissəsi kimi tanıyır, dini cəmiyyət həyatından kənarlaşdırmır, dini icmaları vətəndaş cəmiyyətini formalaşdıran qurumlardan hesab edir. Cümhuriyyət dünyəvi və dini təzahürlərin bir-birinə qarşı qoyulmasını deyil, onların dinc yanaşı yaşamasını təmin edəcəkdir.

REAL iqtidarı:

– Vətəndaşların fundamental və beynəlxalq hüquqla tanınmış vicdan və dini etiqad azadlığı hüquqlarını təmin edəcəkdir;
– Dindarlığın müasir sekulyar vətəndaş cəmiyyətinə münaqişəsiz inteqrasiyası və ölkədə dini həyatın müsbət tendensiyalara dayanan harmonik inkişafı üçün əlverişli şərait yaradacaqdır;
– Ölkədə etiqad azadlığın, vətəndaşların dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əlaqəsini ifadə etmək və yaymaq hüququnu təmin edəcəkdir;
– Dini mərasimlərin yerinə yetirilməsi sərbəstliyini (qanunlara zidd olmadığı halda) təmin edəcəkdir;
– Bütün dinlərə fəaliyyət üçün bərabərhüquqlu şərait yaradacaqdır;
– Din və məzhəb fərqi gözləmədən vətəndaşlara eyni münasibət göstərəcəkdir;
– İstənilən dini qrupun digərlərinə bərabər hüquqlu, lakin fərqli baxışlar sisteminə malik həmvətəndaşlar kimi dözümlü yanaşmasını təşviq edəcəkdir;
– Dini qurumların ölkənin sosial problemlərinin həllinə yönəlmiş xeyriyyəçilik fəaliyyətinin qurulmasına yardım edəcəkdir;
– İanə və dini vergilərin cəmiyyətdə ehtiyacı olanların xidmətinə yönləndirilməsi üçün dini icmalarla koordinasiya işi quracaqdır;
– Mötədil dindarlara və dini qruplara ekstremizmə qarşı fəaliyyətdə dəstək verəcəkdir;
– Cümhuriyyətdə dövlət təhsilinin dünyəviləşdirilməsi təməl prinsipi sayılsa da, dini icmalara özəl ali və orta dini ixtisas məktəbləri təsis etmək hüququ tanıyacaqdır. Bu məktəblərin dövlətin müəyyən etdiyi qanun və standartlar əsasında yaradılıb fəaliyyət göstərməsini təmin edəcəkdir;
– Dini ədəbiyyatın idxalına qoyulan diskriminativ məhdudiyyətləri qaldıracaqdır;
– 1992-ci ildən sonra Din və Vicdan azadlığı haqqında qanuna əlavə edilən düzəlişlərin əksəriyyətini vicdan azadlığına ciddi məhdudiyyətlər qoyduğu üçün ləğv edəcəkdir;
– Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini ləğv edəcəkdir;
– Dini mərkəzlərin və qurumların zorla dindarlara səlahiyyətli dini avtoritet kimi qəbul etdirilməsi praktikasından imtina edəcəkdir. Bunun dindarın öz dini qaydaları ilə müəyyənləşdirilən hüququ olmasını tanıyacaqdır;
– “Ənənəvi və qeyri-ənənəvi” dinlər bölgüsündən imtina edəcəkdir;
– Bağlanmış ibadət yerləri açılıb icmalara qaytarılmasını təmin edəcəkdi.




Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.