Real Güvənc


2.1. Silahlı qüvvələr

Respublikaçı Alternativ Partiyası real güvəni Cümhuriyyətimizi və vətəndaşlarımızı qoruyacaq peşəkar və çevik silahlı qüvvələrin yaradılmasında görür. Ordu bizə təkcə Qarabağ siyasətinin aləti kimi deyil, daha strateji, mövcudluq və maraqlarımızın müdafiəsi üçün də lazımdır. Bu məqsədlə orduda əsaslı islahatlar həyata keçiriləcək.

Silahlı Qüvvələr quruculuğuyla bağlı strateji sənəd qəbul ediləcək. REAL hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin aydın quruculuq strategiyası olmalı və cəmiyyət bu barədə məlumatlandırılmalıdır. Strateji Müdafiə İcmalı hazırlanacaq və cəmiyyətə təqdim olunacaq. Bu sənəddə nəzərdə tutulan müddətdə orduda həyata keçirilən islahatlar, dəyişikliklər öz əksini tapacaq.

Silahlı qüvvələrimiz tamamilə NATO standartlarına keçəcək. REAL hesab edir ki, Azərbaycanda hərbi sahəni nizamlayan bir sıra rəhbər sənədlərə, xüsusilə də Milli Təhlükəsizlik Konsepsiyasına və Hərbi Doktrinaya ciddi düzəlişlər və dəyişikliklər ediləcək. NATO standartlarına keçid ardıcıl və sürətlə həyata keçiriləcək. Bu keçid iki mərhələdən ibarət olacaq: birinci mərhələdə struktur, kadr və maddi təminat sahəsində, ikinci mərhələdə isə silahlanma və hərbi texniki təchizat sahəsində islahatlar aparılacaq. NATO ilə əməkdaşlıq sahəsində mövcud olan sənəd, plan və proqramlar yenidən işləniləcək və eyni zamanda hərbi sahədə əməkdaşlığımızı gücləndirəcək yeni formatlar hazırlanacaq.

Silahlı qüvvələrimiz tamamilə peşəkar olacaq. REAL Silahlı Qüvvələrin çevikliyini və professionallığını artırmaq məqsədilə məcburi (mükəlləfiyyətli) hərbi xidmətdən imtina edərək, Ordumuzu müqaviləli (peşəkar) əsaslarla təşkil edəcək. Bu keçid iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Silahlı Qüvvələr yarı peşəkar olacaq və hərbi xidmətə çağırış və səfərbərlik mexanizmi təkmilləşdiriləcək. Bu halda çağırış yaşı qaldırılaraq yalnız 20 yaş üzərindən həyata keçiriləcək. Hərbi qulluqdan imtina edən şəxslər Müdafiə Nazirliyinin tərkibində yeni yaradılacaq Silahlı Qüvvələrin Sosial Fonduna qanunla müəyyən ediləcək məbləği ödəməklə hərbi mükəlləfiyyətdən qismən və ya tamam azad olunacaqlar. İkinci mərhələdə hərbi çağırış tamamilə ləğv olunacaq və ordu yalnız peşəkar əsaslarla formalaşacaq. Hər iki mərhələdə ölkədə səfərbərlik ehtiyatlarının tənzimlənməsi ilə bağlı müasir standartlara uyğun tədbirlər görüləcək.

Müdafiə naziri mülki şəxs olacaq. Orduda idarəçilik qaydaları tam olaraq NATO standartlarına uyğunlaşdırılacaq. REAL hesab edir ki, orduya vətəndaş nəzarəti mexanizmi tətbiq olunmalı və hərbi qulluqçular üzərində nəzarəti mülki aparat həyata keçirməlidir. Bu məqsədlə Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyinin Aparatından ayrılacaq. Hərbi əməliyyatların keçirilməsi, döyüşlərin planlaşdırılması tamamilə Baş Qərargah tərəfindən icra olunacaq. Bununla yanaşı, Quru Qoşunlarının Komandanlığı yaradılacaq. Müdafiə Naziri mülki şəxs olacaq və əsasən xarici əlaqələrlə ordu büdcəsinin tənzimlənməsi məsələlərilə məşğul olacaq. Qısa zaman kəsiyində həm Müdafiə Nazirliyinin aparatında, həm də ümumilikdə Silahlı Qüvvələrdə mülki vəzifələrin sayı artırılacaq. Müdafiə Nazirliyi aparatında ciddi ştat-struktur islahatları aparılacaq, mövcud idarə və şöbələr NATO standartlarına uyğunlaşdırılacaq.

Güc strukturlarının bütün hərbi tərkibləri Müdafiə Nazirliyində cəmləşdiriləcək. Müdafiə Sənayesi Nazirliyi ləğv olunaraq funksiyası Müdafiə Nazirliyinə keçəcək. Eyni zamanda Sərhəd Qoşunlarının və Daxili Qoşunların hərbi tərkibləri də Müdafiə Nazirliyinə birləşdiriləcək. Ümumilikdə Silahlı Qüvvələrdə şəxsi heyətin idarəedilmə sistemi təkmilləşdiriləcək. Hər bir ştat üzrə dəqiq funksiyaları, hər vəzifədə xidmət müddəti, ehtiyata göndərilənə qədər rütbədə olma müddəti ilə bağlı dəqiq prosedurlar hazırlanacaq.

Hərbi təhsil sistemi təkmilləşdiriləcək. Ali Hərbi Məktəblərdə hərbi tədrisin səviyyəsi qaldırılacaq, hərbi sahədə kadr hazırlığı sahəsində NATO-ya üzv ölkələrlə əməkdaşlıq gücləndiriləcək. Silahlı Qüvvələrin dünyagörüşlü, bilikli və NATO standartlarına uyğun zabitlərlə təmin olunması istiqamətində təxirəsalınmaz işlər görüləcək. Silahlı Qüvvələrin idarə olunmasında çavuşların rolu və bu məqsədlə çavuş hazırlığı mərkəzlərinin sayı və keyfiyyəti artırılacaq.

Hərbçilərin sosial rifahı təmin olunacaq. Hərbçilərin tutduqları vəzifələrə, rütbələrinə, xidmət durumlarına, məsuliyyətlərinə müvafiq yeni, müasir standartlara uyğun məvacib cədvəli yaradılacaq və əmək haqlarının artırılması yeni prinsiplərlə müəyyən olunacaq. Məvaciblər və ödənişlər hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi hədəfinə uyğun olacaq. Hərbçilərin cəmiyyətdəki statusu daima yüksək tutulacaq. Ehtiyatda və istefada olan hərbi qulluqçuların, hərbçilərin ailə üzvlərinin, şəhid ailələrinin, itkin və girov düşmüş vətəndaşların ailələrinin sosial təminatının yüksəldilməsi, problemlərinin həlli əsas prioritetlərdən olacaq.

Ordu üzərində parlament nəzarəti olacaq. Parlamentin və onun Təhlükəsizlik və Müdafiə Komitəsinin Silahlı Qüvvələrə yönəlik səlahiyyətləri və məsuliyyətləri artırılacaq. Yeni əsaslarla formalaşacaq silahlı qüvvələrimizin üzərində şəffaf büdcə nəzarəti həyata keçiriləcək. Parlament qarşısında müdafiə xərclərinin əsaslandırılması və Müdafiə Nazirliyinin hesabatlılığı proseduru tətbiq olunacaq. Bu məqsədlə Parlamentdə hərbi quruculuq işlərinə nəzarət edəcək etimad qrupu yaradılacaq.

Ordu üzərində ictimai nəzarət olacaq. Silahlı Qüvvələrdə insan haqlarının qorunması məsələsində ictimai nəzarət təmin olunacaq. İctimai nəzarət mexanizmləri ayrıca olaraq qanun şəklində işlənib həyata keçiriləcək və orduda islahatlarla bağlı cəmiyyəti intensiv məlumatlandırma konsepsiyası yaradılacaq.

2.2. Təhlükəsizlik

Təhlükəsizlik sahəsində islahatlar hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivləşdirilməsi və ictimai etimadının bərpa edilməsi məqsədilə həyata keçiriləcək. Bu baxımdan geniş struktur dəyişikliyi, funksiyaların yenidən bölüşdürülməsi və iş prinsiplərinin müasirləşdirilməsi həyata keçiriləcək. Bu qurumların əhali arasında yaranmış güvənilməyən, zora dayanan və effektiv işi olmayan obrazının dəyişdirilməsi islahatın əsas məqsədi olacaq. İslahat hüquq-mühafizə orqanlarının fəaliyyətinin hər dörd istiqamətinə (ictimai asayiş, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq) aid olunacaq.

Milli təhlükəsizlik. Milli Təhlükəsizliyi siyasi fəaliyyətdən ayıracağıq. Bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşımayacaq. Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılacaq. Bu qurumlar birbaşa Prezidentə tabe olacaqlar. Lakin bu qurumlar hökumətlə işgüzar əməkdaşlıq edəcək və Milli Məclis qarşısında hesabat verəcəklər.

İctimai asayiş. İctimai asayişin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi, Dövlət Yol Polis İdarəsi və Post Patrul Xidmətinin bazasında Daxili İşlər Nazirliyinin (DİN) yeni qurumu Jandarma İdarəsi yaradılacaq. İctimai etimadı bərpa etmək məqsədilə əhali ilə ən çox təmasda olacaq Jandarma İdarəsinin formalaşmasında gender məsələsinə xüsusi önəm veriləcək.

Təhqiqat və istintaq. Təhqiqat və ibtidai istintaq sahəsində fəaliyyət göstərən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, İnsan Alverinə qarşı mübarizə idarəsi, Baş narkotiklərlə mübarizə idarəsi, Baş prokurorun yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin bazasında, müxtəlif masaları olan Vahid və Müstəqil İstintaq və təhqiqat orqanı və həmin orqanın regional qurumları yaradılacaq. Həmin qurum birbaşa Prezidentə tabe olacaq. Bu qurum ağır və xüsusi əhəmiyyətli cinayətlərin ibtidai araşdırılması ilə məşğul olacaq.

Əməliyyat-axtarış fəaliyyəti. Əməliyyat-axtarış fəaliyyətinin insan hüquq və azadlıqlarını pozan şəkildə istifadəsi, həmçinin istintaqdan siyasi təzyiq vasitəsi kimi istifadə təcrübəsinə son qoyulacaq. Bu sahədə pozuntuları önləmək üçün əməliyyat-axtarış fəaliyyətinə effektiv məhkəmə nəzarəti həyata keçiriləcək. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərin dairəsi məhdudlaşdırılacaq. Əməliyyat-axtarış fəaliyyəti ilə ibtidai istintaq fəaliyyətinin tədricən unifikasiyası aparılacaq və vahid ibtidai təhqiqat anlayışı yaradılacaq. Əməliyyat-axtarış fəaliyyətini və ibtidai istintaqı həyata keçirən subyektlərin analitik imkanlarının artırılması üçün onların taktiki hazırlığı yüksəldiləcək. Əməliyyat-axtarış fəaliyyətində istifadə olunan xüsusi texniki vasitələr bazası yaradılacaq.

Daxili İşlər Nazirliyi. DİN-in strukturu sadələşdiriləcək. Əməliyyat-axtarış, təhqiqat və istintaq fəaliyyəti DİN-dən ayrılacaq. Bu məqsədlə DİN-in Təhqiqat və İstintaq, Əməliyyat-axtarış sahəsində fəaliyyətini həyata keçirən strukturları ləğv olunacaq. İnterpolun Milli Mərkəz Bürosu DİN-in tərkibindən çıxarılacaq. Cinayətkarlığın statistikasının aparılması ilə bağlı olan və informasiya dəstəyini təmin edən struktur DİN-in tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tərkibinə veriləcək. Məlumatların onlayn bazası yaradılaraq cinayət təqibini həyata keçirən orqanlara açıq olacaq.

Mühafizə fəaliyyəti. Mühafizə fəaliyyəti özəl olacaq. DİN-in Baş Mühafizə İdarəsi ixtisar olunacaq. Yalnız xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi dövlət inhisarında saxlanılacaq.

Kiçik cinayətkarlıqla mübarizə. Az ağır hesab edilən cinayətlərin ibtidai araşdırması yerli jandarmeriyaların kompetensiyalarına aid olunacaq. Həmin cinayətlərin ibtidai araşdırılmasına sadələşmiş icraat qaydası tətbiq olunacaq. Orqanlar arası cinayət təqibi ilə bağlı səlahiyyət məsələsi məhkəmə qaydasında həll olunacaq. Məhdud şəkildə əməliyyat axtarışı fəaliyyətini həyata keçirəcək özəl istintaqa (detektiv fəaliyyəti) icazə veriləcək.

Sərhəd və Miqrasiya fəaliyyəti. Sərhəd xidməti sahəsində fəaliyyət iki hissəyə ayrılacaq. Sərhədin mühafizəsi sahəsində fəaliyyət Silahlı qüvvələrə həvalə olunacaq. Sərhəd keçid məntəqələrində pasport nəzarəti funksiyasını isə Jandarmeriya (polis) həyata keçirəcək. Miqrasiya sahəsində fəaliyyət unifikasiya olunacaq.

2.3. Xarici siyasət

Cümhuriyyətimizin xarici siyasətinin əsas hədəfləri – ərazi bütövlüyümüzün bərpası, milli təhlükəsizliyimizin təmin edilməsi, xarici ölkələrdə yaşayan, işləyən, səfərə gedən vətəndaşlarımızın hüquqlarının qorunması, ölkəmizin iqtisadi və texnoloji inkişafının təmin edilməsi, demokratik dəyərlərin təşviqidir.

REAL dünyanın ictimai rəyində “Azərbaycan” sözünü sülh, demokratiya və inkişaf sözlərinin sinoniminə çevirməyi xarici siyasətinin başlıca məqsədi hesab edir. Buna nail olmaq üçün məzmunsuz balanslaşdırma siyasətindən imtina ediləcək.

REAL Azərbaycanın gələcəyini və təhlükəsiz inkişafını Avroatlantik məkana inteqrasiyada görür.

NATO-ya üzvlük haqqında rəsmi müraciət ediləcək. REAL Azərbaycanın NATO-ya üzv olmasını regional və qlobal səviyyələrdə təhlükəsizliyimizin zəmanəti hesab edir. Azərbaycan rəsmi şəkildə NATO-ya üzvlük üçün müraciət edəcək və bununla bağlı NATO rəhbərliyi ilə danışıqlara başlayacaq. Ölkəmizin NATO ilə imzaladığı "Sülh Naminə Tərəfdaşlıq" proqramı və digər proqramlar çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri sürətlə həyata keçirəcək və ilk növbədə "Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı"nda əksini tapan islahatları yerinə yetirəcək və bu çərçivədə əməkdaşlığın daha da genişləndirilməsi niyyətini ortaya qoyacaq. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə yaxından iştirak edəcək.

Avropa Birliyinə üzvlük haqqında rəsmi müraciət ediləcək. REAL hesab edir ki, daimi inkişafın təmin edilməsi və sülh yolu ilə ərazi bütövlüyümüzün bərpası Azərbaycanın Avropa Birliyinə (AB) üzv olmasından keçir. Ölkəmiz Avropa Birliyinə üzv olmaq məqsədilə AB-ylə rəsmi danışıqlara başlayacaq. AB-yə tam hüquqlu üzv olmaq yolunda "Şərq Tərəfdaşlıq Sazişi" çərçivəsində Avropa Birliyi ölkələrilə daha sıx əməkdaşlıq siyasəti həyata keçirəcək, "Assosiasiya Sazişinin" imzalanmasına yönələn azad ticarət məkanının qurulması, enerji təhlükəsizliyi və demokratiya sahəsində əməkdaşlığı dərinləşdirəcək. Azərbaycan birtərəfli olaraq Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları üçün vizanı ləğv edəcək. Ölkə qanunvericiliyi Avropa Birliyi qanunvericiliyinə uyğunlaşdırılacaq.

Mehriban qonşuluq siyasəti həyata keçiriləcək. Azərbaycan qonşuları ilə münasibətini bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və dostluq əsasında quracaq. Türkiyə ilə hərbi-siyasi sahədə əməkdaşlıq genişləndiriləcək. REAL hesab edir ki, Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə Cümhuriyyəti ilə strateji əməkdaşlığımız daha yüksək səviyyədə qurulmalıdır. Türkiyə ilə iş birliyimiz təkcə tarixi-mədəni köklərə və iqtisadi bağlara deyil, daha çox paylaşdığımız çağdaş demokratik dəyərlərə əsaslanacaq. Türkiyənin NATO-nun aktiv üzvlərindən biri olması onun ölkəmiz üçün dəyərini ikiqat artırır. Türkiyəylə xarici siyasətimizi razılaşdırılmış şəkildə həyata keçirmək üçün bütün maneələr aradan qaldırılacaq. Türkiyə vətəndaşları üçün Azərbaycan vizası tələb olunmayacaq.

Ölkəmiz qonşu dövlətlərlə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirməyə, münasibətlərimizdə mövcud olan problemləri aradan qaldırmağa çalışacaq. Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən vətəndaşlarımızın durumu daima diqqət mərkəzində olacaq. Gürcüstanda və İran İslam Respublikasında yaşayan soydaşlarımızla mədəni əlaqələrimizi genişləndirməyə səy göstəriləcək.

Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) üzv olacaq. DTT-ylə danışıqları yekunlaşdıraraq ilk növbədə Azərbaycanın iqtisadi maraqlarını prioritet hesab edərək ölkəmizi bu təşkilata üzv edəcəyik. DTT-yə üzv olmaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətləndiriləcək. Dünyanın aparıcı fondları, bankları və sığorta şirkətləri tərəfindən iqtisadiyyatımıza sərmayə qoyuluşu asanlaşdırılacaq.

İmzalanan sazişlərə əməl ediləcək. Azərbaycan Respublikasının imzaladığı bütün sazişlərə və üzərinə götürdüyü öhdəliklərə əməl ediləcək. Ölkəmiz neft və qaz sahəsində bağlanmış irimiqyaslı müqavilələrə sadiqliyini saxlayacaq. Eyni zamanda, xarici şirkətlərlə, onların mənsub olduğu ölkələrin rəhbərliyilə və beynəlxalq şəffaflıq təşkilatları ilə imzalanmış sazişlərin dünyanın dəyişən mühitinə uyğunlaşdırılması üçün səmimi və xoşniyyətli iş qurulacaq.

2.4. Qarabağ

Qarabağın işğaldan azad edilməsi və işğal olunmuş ərazilərin Azərbaycan dövlətinin nəzarəti altına qaytarılması REAL-ın ən başlıca məqsədlərindəndir. REAL hesab edir ki, ərazi bütövlüyümüzü bərpa etmək üçün ordumuzun güclü və nizamlı, xarici siyasətin yetkin olması ilə yanaşı dünyada Azərbaycanın demokratik dövlət imici təşəkkül tapmalıdır. Bunun üçün cəmiyyətdə sosial-siyasi barışa nail olmaq gərəkir.

REAL Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardır. Qarabağa Azərbaycan konstitusiyası çərçivəsində özünüidarə imkanları tanınacaq və erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinə və haqlarına tam təminat veriləcək. Bununla yanaşı, REAL hesab edir ki, Qarabağ ərazisində hər hansı xarici ölkənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi və Qarabağın Azərbaycandan ayrılması ilə bağlı hər hansı referendumun keçirilməsi danışıqların predmeti ola bilməz. Azərbaycan yalnız Avropa Birliyinin sanksiyalaşdırdığı və bu qurumun öz üzvlərinin formalaşdırdığı yüngül silahlanmış polis funksiyasını yerinə yetirən sülhməramlı qüvvələrin Qarabağ ərazisində yerləşdirilməsinə razı ola bilər. Bu halda da ölkəmiz “sülhməramlı” qüvvələrin bölücülüyün təhlükəsizlik çətirinə çevrilməsinə imkan verməyəcək.

Sülh sazişi imzalandıqdan sonra ağır silahlar ərazidən çıxarılacaq, məcburi köçkünlər daimi qeydiyyat yerlərinə köçürüləcək. Bununla yanaşı, Qarabağ ərazisində azad iqtisadi zona yaradılacaq, müharibə nəticəsində dağıdılan infrastrukturu tez bir zamanda bərpasına dövlət büdcəsindən yetərli maliyyə vəsaiti ayrılacaq, yerli əhaliyə geniş imtiyazlar tanınacaq.

Sülh danışıqlarının tərəfdarı olmaqla yanaşı REAL hesab edir ki, bu danışıqların həm formatı, həm məzmunu dəyişməlidir. ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən danışıqlar tematik olaraq bir-birindən ayrılmalı və hər mövzuya görə siyasi cavabdehliyi olan şəxslər təyin edilməlidir. Beləliklə, REAL iqtidarı danışıqların dörd paralel xətlə aparılmasına çalışacaq.

Bakı və İrəvan arasında danışıqlar. Ölkə başçıları və xarici işlər nazirləri səviyyəsində həyata keçiriləcək Bakı-İrəvan danışıqlarının bircə əsas mövzusu olacaq: Ermənistan ordusunun ölkəmizin işğal altındakı ərazilərindən çıxarılması. Ermənistan bu ifadəyə qarşı olduğu təqdirdə danışıqlar Ermənistanın öz vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərməməyi mövzusunda aparılacaq. Dağlıq Qarabağın gələcək statusunun İrəvanla müzakirədə razılaşdırılması danışıqlar mövzusu olmamalıdır, çünki Qarabağ hüquqi olaraq bizim ərazi hesab olunur.

Azərbaycanın ATƏT-in Minsk qrupu ilə dialoqu. Minsk qrupu ilə rəsmi Bakı Qarabağ münaqişəsi çərçivəsində yalnız regional təhlükəsizlik mövzusunu müzakirə edəcək. Azərbaycan tərəfi olaraq REAL iqtidarı dövründə miqyaslı hərbi əməliyyatlara başlanılmayacağı təminatı veriləcək. Ermənistanın işğalçı siyasətini iqtisadi sanksiyalar vasitəsilə cəzalandırılmasına üstünlük veriləcək.

Ermənistan bizim torpaq ərazilərimizi işğal etsə də, hava məkanımız dövlətimizin nəzarətindədir. Ermənistanın hava məkanımıza daxil olma cəhdi hərbi əməliyyatların başlanması anlamına gələcək və atəşkəsin pozulmasına görə üzərimizdən bütün məsuliyyəti götürəcək. Bununla yanaşı, Xocalı hava limanında yalnız Azərbaycana məxsus nəzarət-keçid sistemi yaradıldığı təqdirdə onun mülki məqsədlər üçün istifadəsi mümkündür.

İcmalararası dialoq. Dağlıq Qarabağda və ümumən tarixi Qarabağ ərazilərində yaşamaq hüququ olan erməni və azərbaycanlı vətəndaşlarımızın icma və digər qurumları arasında barış dialoquna rəsmi Bakı olaraq dəstək və yardımımızı əsirgəməyəcəyik. Rəsmi Bakının Qarabağın erməni icmasıyla danışıqlar aparması yalnız Qarabağdan qovulmuş azərbaycanlı icmasının erməni icmasıyla danışıqlar aparması şərtilə mümkündür.

Qarabağın erməni icması ilə dialoq. Növbəti istiqamət Dağlıq Qarabağın hər iki icması ilə Bakının ayrı-ayrılıqda aparacağı danışıqlardan ibarət olacaq. Bu danışıqları aparmaq məqsədilə Daxili İşlər Nazirliyi, Ədliyyə, İqtisadiyyat və digər nazirlikləri təmsil edən məsul şəxslər təyin ediləcək. Burada danışıqların əsas mövzusu bölgənin statusu və hər iki icmanın təhlükəsizliyinə təminat məsələsi olacaq. XİN bu prosesdə aparıcı mövqedə olmayacaq.

REAL hesab edir ki, yeni biçimdə həyata keçirilən danışıqlar həm şəffaflıq qazanacaq, həm daha böyük sayda cavabdeh şəxsin ictimai məsuliyyətini artıracaq, həm də sivil toplum təmsilçiləri arasında dialoq üçün daha geniş fürsətlər açacaq.


Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.