Real Cümhuriyyət


1.1. Hakimiyyətin təşkili

Hakimiyyət elə təşkil olunacaq ki, onun bir əldə cəmləşməsi, hansısa şəxs, ya da qrup tərəfindən mənimsənilməsi, cəzasız sui-istifadəsi mümkün olmasın. Bunun üçün bir neçə vacib ayırmalar edəcəyik.

Mülkiyyəti hakimiyyətdən ayıracağıq. Özəl mülkiyyət fərdi və ictimai inkişafın təməlidir, hakimiyyətin qanunsuz müdaxilələrindən azad olunmalıdır. Hakimiyyət isə xalqındır, ona görə də varlı adamların əlində alətə çevrilməməlidir. Hakimiyyətdə olanlar sahibkarlıqla heç bir şəkildə məşğul ola bilməyəcəklər, vəzifə maaşından, sosial təminatından və qanunla nəzərdə tutulduğu hallarda, vəzifə borclarını yerinə yetirmək üçün verilən imtiyazlardan başqa heç bir maddi qazancları olmayacaq. Çox imkanlı mülkiyyətçilərin sosial məsuliyyətini təşviq edən siyasət yürüdüləcək, müvafiq qaydalar və təsisatlar yaradılacaq.

Siyasəti idarəetmədən ayıracağıq. Siyasi məsuliyyəti və icra intizamını təmin etmək üçün siyasi funksiyalarla inzibati funksiyalar arasında sərt bölgü olacaq. Siyasi vəzifələri inzibati vəzifələrdən ayıracağıq ki, eyni adamlar həm siyasətlə, həm də idarəetmə ilə məşğul ola bilməsinlər. Hakimiyyətin mənbəyi xalq olduğu üçün, siyasi vəzifələr ancaq müxtəlif səviyyəli və mərhələli seçkilər vasitəsilə əldə oluna biləcək. Siyasi vəzifələrin hamısı müvəqqəti (növbəti seçkiyədək) olacaq. Siyasi vəzifələr seçkiləri qazanmış partiyaların siyasətini yürütmək üçündür. Siyasi vəzifələri tutanların məsuliyyəti seçicilərinə verdikləri vədlər və həmin vədlərdən doğan öhdəliklər çərçivəsində müəyyən olunacaq. İnzibati vəzifələrin məqsədi tam başqadır. Onlar idarəetməni həyata keçirmək üçündür. İnzibati vəzifələri tutanlar siyasi partiyaların üzvü ola bilməyəcəklər və heç bir siyasi məsuliyyət daşımayacaqlar. İnzibati vəzifələr daimi olacaq. Siyasi hakimiyyətin dəyişməsi inzibati vəzifələri tutanların dəyişdirilməsinə səbəb olmayacaq, bəhanə verməyəcək, imkan yaratmayacaq. İnzibati vəzifələri tutanlar siyasi iradəyə və ya ictimai rəyə deyil, yalnız qanuna tabe olacaqlar. Beləliklə, dövlət aparatı siyasi partiyaların və ideologiyaların hökmranlığı ehtimalından sığortalanmış olacaq. Dövlətin mülki və hərbi xidmətləri qərəzsiz olacaq.

Dini siyasətdən ayrı tutacağıq. Cümhuriyyət mütləq dünyəvi olacaq. Müxtəlif dini inancları və dinə münasibətləri olan vətəndaşların vergiləri hesabına yürüdülən siyasət heç bir dinə üstünlük verməməli, dini icmalar arasında ayrı-seçkilik etməməlidir. Hakimiyyət dini məsələlərə qarışmayacaq, qərarlarını dini mülahizələrə görə deyil, dünyəvi qanunların tələblərinə görə verəcək. Dövlət büdcəsindən heç bir dini tədbir, mərasim və/və ya təşkilat maliyyələşdirilməyəcək. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və layihələrdə dini təbliğata yol verilməyəcək. Dini etiqad məsələsi hər bir vətəndaşın təklikdə və ya başqaları ilə birlikdə etdiyi seçimdir. Hər kəs dinə münasibətini rahat ifadə edə biləcək. Dövlət hamınındır, ona görə də dövlət xidmətində heç kəsdən dinə münasibət soruşulmayacaq, heç kəs dini etiqadına görə dəyərləndirilməyəcək. Dövlət xidmətində çalışan vətəndaşlar arasında dinə münasibətini açıq ifadə etməyə üstünlük verən olacaqsa, onlara, dövlət xidmətinə xələl gətirmədən, dini etiqadlarından doğan ayinlərə riayət etmək azadlığı veriləcək.

Mərkəzi hakimiyyəti yerli hakimiyyətdən ayıracağıq. Dövlətin ədalətli, səmərəli və dayanıqlı olması üçün hakimiyyətin şaquli bölgüsü vacibdir. Mərkəzi hakimiyyətin səlahiyyətləri milli səviyyəli və beynəlxalq əhəmiyyətli məsələlərə aid olunacaq. Yerli səviyyəli məsələlər isə yerli seçkili hakimiyyətlərə həvalə olunacaq. Səlahiyyət mübahisələri, ehtiyatların kəskin çatışmazlığı, maliyyə böhranı, fövqəladə vəziyyət və ya müharibə hallarında mərkəzi hakimiyyət öz təşəbbüsü və ya yerli hakimiyyətlərin müraciəti əsasında yerli hakimiyyətlərin işlərinə müdaxilə edə biləcək. Müdaxilənin həcmi, müddəti və kəskinliyi yaranmış vəziyyətdən doğan zərurətdən asılı olacaq. Yerli hakimiyyətlər yerli büdcələr çərçivəsində işləyəcəklər. Yerli büdcələr əsasən yerli vergi və rüsumların yığımından formalaşacaq. Ellər (yeni inzibati ərazi vahidləri) arasında iqtisadi imkanların fərqliliyi sosial ədalətsizlik yaratmaması üçün milli büdcədən maliyyə müdaxilələri edilə biləcək. Ellərin inkişafı üçün milli büdcədə xüsusi maliyyə ayırmaları nəzərdə tutulacaq, amma həmin vəsaitlər yerli hakimiyyətlərə həvalə olunmayacaq. Milli büdcədən ayrılmış vəsaitlərin xərclənməsi mərkəzi hakimiyyətin səlahiyyətində olacaq, həmin səlahiyyətlər isə ayrılmış vəsaitlərin həcminə düz mütənasib olacaq. Qanunların qəbulu, insan haqları, məhkəmə quruluşu və icraatı, xarici işlər, ictimai asayiş, milli təhlükəsizlik və müdafiə məsələləri – mərkəzi hakimiyyətin müstəsna səlahiyyətində olacaq və yerli hakimiyyətlərə heç bir halda həvalə olunmayacaq. Təhsil, səhiyyə, sosial təminat və təbiətin qorunması məsələləri əsasən mərkəzi hakimiyyətin səlahiyyətində olacaq, amma maliyyə imkanları olan ellər öz hesablarına bu məsələlərin inkişafı istiqamətində əlavə tədbirlər görə biləcəklər. Milli əhəmiyyətli layihələr istisna olmaqla, kommunal xidmətlər, yerli təsərrüfat, bölgə mədəniyyəti, şəhər və kənd tikintisi, turizm və əyləncə, yerli əhəmiyyətli yol və digər altyapı, ictimai nəqliyyat məsələləri yerli hakimiyyətlərin səlahiyyətində olacaq.

Qaydaların qəbulunu onların icrasından və mübahisələrin həllindən ayıracağıq. Cümhuriyyətin təməl şərtlərindən biri hakimiyyətin üfüqi bölgüsüdür. Cümhuriyyətimizin gələcəyini parlament respublikası şəklində görürük. Siyasi sistemi təməldən dəyişdirəcək, köklü konstitusiya islahatlarını aparacağıq. Dövlət Başçısı və İcra Hakimiyyəti funksiyalarını ayıracağıq. İcra hakimiyyətində təkbaşınalığa son qoyacağıq, bu hakimiyyət kollegial olacaq. Bir-birinin işini təkrarlayan qurumları, süründürməçiliyə və korrupsiyaya yol açan yersiz nəzarət səlahiyyətlərini ləğv edəcəyik. Məhkəmə hakimiyyətinin müstəqilliyinin və qərəzsizliyinin təsisat təminatlarını quracağıq.

Milli Məclis. Qanunverici hakimiyyəti, xalq tərəfindən 5 il müddətinə seçilən, Milli Məclis həyata keçirəcək. Milli Məclis 200 millət vəkilindən ibarət birotaqlı parlament olacaq. Qanunverici hakimiyyətdə həm milli, həm də yerli mənafelərin təmsilçiliyini təmin etmək üçün Milli Məclisin yarısı mütənasib, yarısı isə majoritar qaydada seçiləcək. Mütənasib seçkilərdə bütün ölkə ərazisi vahid seçki dairəsi olacaq, seçicilər ayrı-ayrı namizədlərə deyil, siyasi partiyalara səs verəcəklər. Partiyaların parlamentdə qazandığı yerlərin sayı, seçkilərdə aldığı səslərin sayına mütənasib olacaq. Mütənasib seçki qaydasında parlamentdə formalaşan yerlərin sayı 100 olacaq. Partiyaların siyahılarında yer almayan, amma partiyalar tərəfindən dəstəklənən namizədlər (partiya üzvləri və ya bitərəflər), həmçinin müstəqil namizədlər majoritar seçki qaydasında seçkilərdə iştirak edə biləcəklər. Majoritar seçkilərdə seçicilər öz seçki dairələrindən olan və həmin dairələri parlamentdə təmsil etmək iddiasında olan namizədlərə səs verəcəklər. Majoritar seçkilərlə parlamentdə formalaşan yerlərin sayı da 100 olacaq (ölkə ərazisi 100 seçki dairəsinə bölünəcək). Beləliklə, Milli Məclisdə milli və yerli təmsilçilik bərabər olacaq. Milli Məclis qanunları qəbul etməklə yanaşı, onların icrasına nəzarət edə biləcək. Parlamentin hökumətə təsir etmək imkanları yetərli və təsirli olacaq. Parlamentin daxilində siyasi iş partiyaların və müstəqil millət vəkillərinin qrupları şəklində təşkil olunacaq. Parlamentin sahə üzrə komitələri olacaq və onlara böyük səlahiyyətlər veriləcək. Parlament azlığının çoxluq tərəfindən qəbul olunan qərarlardan Konstitusiya Məhkəməsinə şikayət etmək səlahiyyəti olacaq (şikayət ancaq Konstitusiyaya uyğunluq məsələsinə dair verilə bilər). Qanunların qəbulu Milli Məclisin müstəsna səlahiyyəti olacaq.

Referendum. Qanunvericilik – xüsusi biliklər, təcrübə, siyasi mənsubiyyət və məsuliyyət tələb edən işdir. Bu işi yalnız xalqın seçdiyi Milli Məclis görə biləcək. Referendumla qanunların qəbulu təcrübəsinə son qoyacağıq. Referendumla ancaq siyasi qərarlar veriləcək. Referendumlar milli və yerli səviyyədə keçirilə biləcək. Milli referendumla qəbul olunmuş qərarların qanuna bərabər hüquqi qüvvəsi olacaq, icra üçün icbari sayılacaq, heç bir hakimiyyət onları dəyişdirə bilməyəcək. Referendumla qəbul olunmuş qərarları ancaq referendumla dəyişdirmək mümkün olacaq. Yerli referendumlar ancaq yerli əhəmiyyətli siyasi məsələlərə dair keçirilə biləcək, onlar vasitəsilə qəbul olunan qərarlar ancaq yerli hakimiyyətlər üçün icbari sayılacaq və ölkə qanunlarına zidd ola bilməyəcəklər. Yerli referendumlarda qəbul olunmuş qərarların ölkə Konstitusiyasına və ya qanunlara zidd hesab olunacağı təqdirdə, Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq. Milli referendumla qəbul olunmuş qərarlardan Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olmayacaq, Konstitusiya Məhkəməsinin rəyi öncədən alınacaq. Konstitusiya Məhkəməsinin rəyi olmadan, həmçinin mənfi rəyi olduqda, heç bir məsələ milli referenduma çıxarıla bilməyəcək. Milli referendumu – Milli Məclis, yerli referendumları isə, səviyyəsindən asılı olaraq, müvafiq El Məclisləri və bələdiyyələr təyin edə biləcəklər. Yerli referendumlar ancaq yerli büdcə hesabına keçirilə biləcək. Referendumlardan və onlara xərclənən büdcə vəsaitlərindən populist məqsədlərə istifadəsini əngəlləmək üçün, referenduma çıxarılmış (keçirilməsi qanunla tələb olunan referendumlar istisna olmaqla) məsələyə dair mənfi qərarın qəbul olunması (xalq tərəfindən rədd edilməsi) referendumun təşəbbüskarı olmuş məclisin (Milli Məclisin, El Məclisinin və ya bələdiyyənin) buraxılması ilə nəticələnəcək (növbədənkənar seçki keçiriləcək). Referendumlar vətəndaşların təşəbbüsü ilə də keçirilə bilər, amma belə halda müsbət qərar (xalq tərəfindən qəbul edilməsi) müvafiq məclisin buraxılması ilə nəticələnəcək.

Prezident. Dövlətin Başçısı Prezident olacaq. Dövlət Başçısı və İcra Hakimiyyəti funksiyalarını ayıracağıq. Prezidenti parlament seçəcək. Prezidentin partiya mənsubiyyəti olmayacaq. Prezident siyasi məsuliyyət daşımayacaq və fövqəladə səlahiyyətlər istisna olmaqla, öz təşəbbüsü ilə qərarlar verə bilməyəcək. Prezidentin parlament seçkilərindən dərhal sonra yaranan siyasi konyunktur dəyişikliyindən asılı olmaması üçün, Prezidentin səlahiyyət müddəti 7 il olacaq. Milli Məclisin qəbul etdiyi qanunlar yalnız Prezident tərəfindən imzalandıqdan və dərc olunduqdan sonra qüvvəyə minəcək. Prezidentin nisbi veto səlahiyyəti olacaq. Prezidentin qanunvericilik təşəbbüsü səlahiyyəti olmayacaq. Hökumət və ya büdcə böhranı zamanı Prezidentin Milli Məclisi buraxıb, yeni parlament seçkilərini təyin etmək səlahiyyəti olacaq. Prezident Ali Baş Komandan səlahiyyətlərini həyata keçirəcək. Silahlı qüvvələr, kəşfiyyat və əks-kəşfiyyat xidmətləri Prezidentə tabe olacaq. Bu səlahiyyətlərin tətbiqini səmərələşdirmək, eləcə də sui-istifadə fürsətlərini azaltmaq məqsədilə Prezidentin yanında Milli Təhlükəsizlik Şurası yaradılacaq. Milli Təhlükəsizlik Şurasının sədri Prezident olacaq. Fövqəladə və ya hərbi vəziyyət zamanı ölkənin idarəsi (icra hakimiyyətinin rəhbəri funksiyası) müvəqqəti olaraq Prezidentə veriləcək. Bu haqda qərarı Milli Məclis qəbul edəcək.

Nazirlər Kabineti. İcra hakimiyyətini Nazirlər Kabineti həyata keçirəcək (hökumət). Nazirlər Kabineti parlament seçkilərində qalib gəlmiş partiya tərəfindən formalaşdırılacaq. Heç bir partiyanın parlamentdə yetərincə yer qazana bilmədiyi təqdirdə parlamentdə yer almış partiyaların müştərək hökuməti qurulacaq. Müştərək hökuməti qurmaq üçün danışıqları aparmaq səlahiyyəti, ilk olaraq, Prezident tərəfindən parlamentdə hamıdan çox yer almış partiyaya veriləcək. Danışıqları aparmaq səlahiyyəti ilə görəvləndirilmiş partiya, bunun üçün ayrılmış müddət ərzində müştərək hökuməti qura bilməsə, Prezident bu səlahiyyəti parlamentdə sıra ardıcıllığı ilə yer almış digər partiyaya verəcək. Partiyalar müştərək hökumətin qurulmasına dair anlaşmaya gələ bilməsələr, Prezident parlamenti buraxacaq və yeni seçki təyin edəcək. Nazirlər Kabineti – kollegial icra hakimiyyəti orqanı olacaq. Nazirlər Kabinetinin rəhbəri Baş nazir olacaq. Baş nazir Nazirlər Kabinetinə təşkilatı rəhbərlik edəcək, amma təkbaşına qərar verə bilməyəcək. Baş naziri Prezident rəsmən təyin edəcək, amma onun seçim hüququ olmayacaq. Baş nazir vəzifəsi seçkilərdə qalib gəlmiş və ya müştərək hökuməti qurmaq səlahiyyəti ilə görəvləndirilmiş partiyanın rəhbərinə veriləcək. Digər nazirləri də rəsmən Prezident təyin edəcək, amma Baş nazirin təqdimatı əsasında. Prezidentin Baş nazir tərəfindən təqdim olunmuş namizədləri rədd etmək səlahiyyəti olmayacaq. Nazirlər Kabinetinin üzvləri ancaq millət vəkilləri arasından təyin olunacaqlar, parlamentdən kənar hökumət üzvlüyü mümkün olmayacaq. Beləliklə, parlament seçkiləri, həm də, dolayı hökumət seçkiləri olacaq. Nazirlər Kabinetinin siyasi kimliyi və kollektiv məsuliyyəti olacaq. Hər hansı bir nazirin yanlışlığına görə bütün kabinet məsuliyyət daşıyacaq və bu məsuliyyət, yanlışlığın dərəcəsindən asılı olaraq, hökumətin istefası ilə də nəticələnə biləcək. Nazirin, hər hansı bir səbəbdən, partiya mənsubiyyətini və ya millət vəkili statusunu itirməsi, avtomatik olaraq nazir vəzifəsinin itirilməsi ilə nəticələnəcək. Beləliklə, hər bir nazir və bütövlüklə Nazirlər Kabineti üzərində həm partiya, həm də parlament nəzarəti gücləndirilmiş olacaq. Baş nazirin istefası Nazirlər Kabinetinin istefası ilə nəticələnəcək. Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini parlamentə vaxtında təqdim edə bilməsə və ya parlament bu layihəni yekun səsvermə nəticəsində rədd edərsə, Nazirlər Kabineti avtomatik istefaya gedəcək. İstefaları Prezident qəbul edəcək. İstefa vermiş hökumətin yerinə parlamentin içindən yeni hökumət qurula bilməzsə, Prezident parlamenti buraxacaq və yeni seçkiləri təyin edəcək.

Məhkəmə hakimiyyəti. Məhkəmə hakimiyyətini vahid məhkəmə sistemini təşkil edən məhkəmələr həyata keçirəcəklər. Məhkəmə hakimiyyəti parlament respublikası quruluşuna uyğunlaşdırılacaq. Məhkəmələrin təsisat müstəqilliyi, prosessual qərəzsizliyi və maddi təminatı təşkil olunacaq. Mübahisələrə, bir qayda olaraq, ümumi məhkəmələrdə baxılacaq. Mübahisələrin mahiyyətindən, mənafelərin xüsusiyyətindən, maraqlı tərəflərin arasında münasibətlərin gərginliyindən və işlərin həcmindən asılı olaraq, ixtisaslaşdırılmış məhkəmələr yaradıla bilər. Məhkəmələrdə baxılan adi işlərdə, icraatı dayandırıb, Konstitusiya Məhkəməsindən təfsir almaq kimi uzunçu təcrübəyə son qoyulacaq. Bütün məhkəmələrin, baxdıqları işlərə aidiyyəti olan Konstitusiya müddəalarını birbaşa tətbiq etməsi təşkil olunacaq. Təfsir mübahisələrinə, aidiyyəti üzrə, yuxarı instansiyalar tərəfindən baxılacaq. Konstitusiya Məhkəməsinin təfsiri ən yüksək hüquqi qüvvəyə malik olacaq. Məhkəmələr – sosial kompromis vasitəsidir. Onların rolu – yaranan bütün narazılıqları insanlararası münasibətlərdən çıxarmaq və bütün məsuliyyəti dövlətin üzərinə qoymaqdır. Məhkəmələrin hakimiyyətə çevrilməsi üçün, qərarları, qanuna uyğun olmaqla yanaşı, sosial ədalət və barış məqsədlərinə xidmət etməlidir. İlkin mərhələdə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri dərhal ömürlük (pensiya yaşına qədər) təyin olunacaqlar. Zəruri təsisat hazırlıqları başa çatdırılandan sonra aşağı instansiya məhkəmələrin hakimləri də ömürlük təyin olunacaqlar. Konstitusiya Məhkəməsinə birbaşa şikayət imkanları genişləndiriləcək və asanlaşdırılacaq. Fiziki və hüquqi şəxslərə Konstitusiya Məhkəməsinə mücərrəd şikayət (actio popularis) hüququ veriləcək. Birinci və apelyasiya instansiyaları məhkəmələrində sədr vəzifələri ləğv olunacaq. İşlərin nömrələnməsi və hakimlər arasında bölünməsi, ərizələr təqdim olunarkən, xüsusi proqramlaşdırılmış texniki avadanlıq vasitəsilə dərhal həyata keçiriləcək. Mərhələli imtahanvermə sistemindən imtina olunacaq və subyektiv qiymətləndirməyə imkan verən imtahan mərhələlərinin namizədin taleyinə təsiri azaldılacaq. Hakimliyə namizədlərin verdiyi imtahanlar vahid qiymətləndirmə sisteminin tərkib hissəsini təşkil edəcək, hər imtahan üçün minimum keçid balları müəyyən edilərək, bütün imtahanlar prosesin sonuna vahid ballar müəyyən ediləcək. Həmin ballar əsasında namizədlərin təyin etmə növbəlik siyahısı müəyyən ediləcək.

Prokurorluq. Prokurorluğun hüquq mühafizə sistemində hazırkı, qeyri-müəyyən yeri ləğv olunacaq. Prokurorluq Ədliyyə Nazirliyinə tabe ediləcək, Dövlət ittihamının müdafiəsi prokurorların müstəsna və yeganə funksiyası olacaq. Prokurorların statusu dövlət qulluğuna uyğunlaşdırılacaq. Prokurorluğun cinayət işi başlama səlahiyyəti saxlanılacaq. İstintaq prokurorluqdan ayrılacaq (vahid müstəqil istintaq qurumu yaradılacaq) və prokuror nəzarəti ləğv ediləcək. Prokurorlara, işə baxılarkən, transaksiya tətbiqetmə səlahiyyəti veriləcək.

Vəkillik. Vəkillik sahəsində beynəlxalq sənədlər birbaşa tətbiq olunacaq. Vəkillər Kollegiyasının rəhbər vəzifələrinə seçilmək üçün qanunda nəzərdə tutulan mücərrəd və məhdudlaşdırıcı maneələr (üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan) götürüləcək. Vəkilliyə qəbulu həyata keçirən İmtahan Komissiyasının tərkibində vəkillərin sayı artırılacaq. Vəkilliyə qəbul şərtləri sadələşdiriləcək, şifahi imtahanın yoxlama kriteriyaları dəqiqləşdiriləcək, bütün imtahan mərhələləri üçün vahid qiymətləndirmə sistemi tətbiq olunacaq. Namizədlər üçün nəzərdə tutulan 3 illik hüquq stajı şərti, bir il vəkilin yanında məcburi staj keçmə şərti ilə əvəz olunacaq. İkili vətəndaşlığı olan şəxslərin vəkil olması üçün məhdudiyyət götürüləcək. Vəkillərin intizam məsuliyyətinin və tənbehin tətbiq edilməsi və intizam icraatının prosedurları dəqiqləşdiriləcək. Vəkillərin qurum daxili və prosessual hüquqları genişləndiriləcək.

1.2. Effektiv Hökumət

Effektiv hökumətin qurulması islahatların mərkəzində dayanacaq. REAL minimum resurslarla maksimum nəticələr əldə etməyi bacaran hökuməti "effektiv hökumət" hesab edir. Yüksək funksionallığa, sayca məhdud təsisatlara və məmur aparatına malik, çox az məbləğdə büdcə vəsaitləri hesabına saxlanılması mümkün olan hökumət modeli effektiv hökuməti formalaşdırmaq üçün başlıca şərtdir. Belə hökumətdə nazirliklər yalnız siyasi tənzimləmə vəzifələrini həyata keçirəcəklər.

REAL, ictimaiyyət qarşısında hesabatlı hökuməti "effektiv hökumət" hesab edir. Hökumətin hesabatlılığını təmin etmək üçün xüsusi "hesabatlılıq" standartları işlənəcək. Bu standartlar həm kollegial orqan kimi hökumətin, həm də onun ayrı-ayrı strukturlarının parlament, vətəndaş cəmiyyəti, media qarşısında hesabatlılığını, cəmiyyətə atdığı hər bir addım üçün hesab sormaq imkanının tanınmasını təmin edəcək.

REAL, öz fəaliyyətində şəffaflığı ali prinsip kimi bəyan edən hökuməti "effektiv hökumət" hesab edir. Dövlət sirri sayılan son dərəcə məhdud informasiyalar istisna olmaqla bütün hökumət sənədləri ictimaiyyət üçün açıq və əlçatan olacaq. Eyni zamanda, məmurlar hər ilin sonunda gəlirləri və əmlak vəziyyəti haqqında bəyannamə təqdim edəcəklər. Bu bəyannamələrin ictimaiyyət üçün açıqlığı məcburi olacaq.

Dövlət satınalmaları açıq və şəffaf elektron hərraclar vasitəsilə həyata keçiriləcək. Büdcə sifarişçisi olan bütün təşkilatların saytında "dövlət satınalmaları” adlı xüsusi bölmədə müntəzəm olaraq satınalınmalarla bağlı bütün məlumatlar əks etdiriləcək. Dövlət Satınalınmaları üzrə Dövlət Agentliyi ildə bir dəfə parlamentə hesabat təqdim edəcək.

REAL, fəaliyyətinin nəticələri hər bir cəmiyyət üzvünün asanlıqla qiymətləndirə bildiyi hökuməti "effektiv hökumət" hesab edir. Bunu təmin etmək üçün hökumətin səlahiyyət dairəsinə daxil olan hər bir istiqamət üzrə "effektivlik göstəriciləri" müəyyən olunacaq. REAL üçün "effektivlik göstəricisi" nə qədər çox pul xərclənməsi deyil, xərclənən pullardan cəmiyyətin hər bir üzvünün nə dərəcədə töhfə görməsidir. REAL-ın təklif etdiyi "effektiv hökumət" nəticəli büdcə mexanizmlərinə keçid sayəsində təmin olunacaq. Nəticəli büdcə mexanizmi hökumətin hər bir strukturu üçün dəqiq işlənmiş strateji hədəflər və bu hədəflərə uyğun fəaliyyətlər üzrə büdcə ehtiyaclarının müəyyən olunmasını, büdcə sifarişçisi olan hər bir hökumət təsisatının parlament qarşısında fərdi hesabatlılığını ehtiva edir.

Dövlət işinin cazibəsi və səmərəliliyi artırılacaq. Dövlət məmurlarının əməkhaqqı özəl sektorda mövcud olan ən yüksək adekvat əmək haqlarına uyğunlaşdırılacaq, məmurlar tam sosial sığorta paketilə təmin ediləcək.

Elektron hökumətin qurulması sürətləndiriləcək. Elektron xidmətlərin miqyası genişləndiriləcək. Dövlət satınalmaları, dövlət maliyyəsinin formalaşması və istifadəsi, hökumət qurumlarının fəaliyyəti və qərar qəbuletmə üzrə detallı məlumatlar şəffaf vəinternetdə əlçatan olacaq. Şəffaflıq və hesabatlıq üzrə beynəlxalq təşəbbüslərdə iştirakın effektiv nəticələr verməsi üçün müvafiq hüquqi baza yaradılacaq.

Korrupsiya əleyhinə mübarizə effektiv aparılacaq. Korrupsiyanı yaradan səbəblər, normativ hüquqi bazadakı boşluqlar aradan qaldırılacaq. Kölgə iqtisadiyyatının və ikili mühasibatlığın ləğvi üçün ciddi mübarizə aparılacaq.

1.3. Ərazi bölgüsü

Ölkənin inzibati ərazi sisteminin dəyişdirilməsi REAL-ın prioritetləri sırasında olacaq. Regional və yerli idarəetmədə mərkəzi hakimiyyətin təyinatı ilə formalaşdırılan icra hakimiyyəti strukturlarının iştirakçılığına tamamilə son veriləcək. Hazırda mövcud olan rayonlar regional prinsip üzrə daha böyük inzibati ərazi vahidində birləşdiriləcək və bu yeni inzibati ərazi vahidləri "El” adlanacaq. İndiki rayonlar yerli özünü idarə hüququ olmadan coğrafi ərazi vahidi kimi saxlanılacaq və "Oba” adlandırılacaq. Əhalinin sayından asılı olaraq bir neçə "Oba” bir "El”in inzibati ərazi sərhədlərinə daxil ediləcək. Hər "El”də birləşən "Oba”ların sayı, həmçinin "El”lərin son sayı ilə bağlı yekun qərarlar ölkənin tarixi ənənələri nəzərə alınmaqla akademik dəyərləndirmələr də daxil geniş ictimai müzakirələrin nəticələri olaraq qəbul ediləcək. Konstitusiyada ölkənin inzibati ərazi vahidləri kimi Ellər, şəhərlər və kəndlər təsbit olunacaq.

Ellərə yerli özünü idarəetmə hüququ veriləcək. Elin ali hakimiyyət orqanı bilavasitə El əhalisinin seçdiyi Məclis olacaq. Məclis öz növbəsində El Başçısını seçəcək. Bütün Obaların El Məclisində təmsilçiliyini təmin etmək üçün seçki qanunvericiliyində təmsilçilik norması müəyyən olunacaq və həmin normaya müvafiq olaraq Məclis üzvlərinin seçkisi həyata keçiriləcək.

El yerli özünüidarəetməsi 2 pilləli olacaq. Ellər daxilində əhalisinin sayı 75 min nəfərdən az olan şəhər və kəndlər birinci pilləni təşkil edəcək və onların hər biri yerli özünü idarə hüququna malik olacaq, şəhər və kənd bələdiyyələrinə ayrıca olaraq seçkilər keçiriləcək, onları seçkilər vasitəsilə formalaşan kənd və şəhər bələdiyyə məclisləri və məclis tərəfindən seçilən bələdiyyə başqanları idarə edəcək. Kənd və Şəhər bələdiyyələri ikipilləli idarəçiliyə uyğun olaraq El yerli özünü idarəetməsi ilə tabeçilik əlaqələrinə malik olacaq. Bələdiyyələrin formalaşdırılması üçün əhalinin minimum sayına məhdudiyyət qoyulacaq və əhalisi 2000 nəfərdən az kəndlərin qonşu bələdiyyələrlə vahid bələdiyyədə birləşdirilməsi nəzərdə tutulacaq.

Əhalisinin sayı 75 min nəfərdən ibarət olan şəhərlərə Böyük Şəhər statusu veriləcək və muxtar yerli özünü idarə tətbiq olunacaq. Muxtar yerli özünüidarə hüququ böyük şəhər bələdiyyələrinin Ellərin tabeçiliyinə daxil olmadan birbaşa mərkəzi hökumətlə münasibətlərə malik olmasını nəzərdə tutur. Böyük Şəhər Bələdiyyələrini əhalinin bilavasitə seçdiyi Mer və Bələdiyyə Məclisi idarə edəcək;

Bakı şəhərinə xüsusi yerli özünüidarə statusu veriləcək və Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılacaq. Bakı Meri və Məclisi birbaşa əhali tərəfindən seçiləcək. Bakı qəsəbələrinin bələdiyyələri paytaxt yerli özünü idarəetməsinin 1-ci pilləsini təşkil edəcək və Bakı Böyük Şəhər Bələdiyyəsi ilə tabeçilik münasibətlərinə malik olacaq. Bakı Böyük Şəhər Bələdiyyəsinin statusu və səlahiyyətlərilə bağlı məxsusi qanun qəbul ediləcək. Bakı Böyük Şəhər Bələdiyyəsinin Məclisinin orta hesabla 100 nəfərdən təşkil edilməsi nəzərdə tutulur. Paytaxtın bütün ərazilərinin maraqlarının Bakı Böyük Şəhər Bələdiyyəsinin Məclisində təmsil olunması üçün Bakı əraziləri və qəsəbələri üçün onların əhalisinin sayına proporsional olaraq təmsilçilik norması müəyyən ediləcək;

Bələdiyyə Məclisləri majoritar qaydada keçirilən seçkilər, El və böyük şəhər bələdiyyələri isə ümumrespublika sisteminə uyğun olaraq qarışıq, yəni həm mütənasib, həm də majoritar üsulla keçirilən seçkilər vasitəsilə təşkil olunacaq.

Müxtəlif səviyyəli bələdiyyələr arasında səlahiyyət bölgüsü ayrıca müəyyən ediləcək. El yerli özünü idarəetməsi və Böyük Şəhər Bələdiyyələrinin maliyyə müstəqilliyi təmin olunacaq. Konstitusiyada El yerli özünü idarəetməsi, şəhər və kənd bələdiyyələri dövlət hakimiyyətinin tərkib hissəsi kimi müəyyən olunacaq. Mərkəzi hakimiyyət yerli və regional xarakterli bütün məsələlərin məsuliyyətini yerli seçkili orqanların üzərinə qoyacaq. Regional səviyyədə ərazi inkişafının planlaşdırılması, şəhərsalma planlarının hazırlanması, regional əhəmiyyətli təhsil və səhiyyə sistemlərinin idarə olunması, yerli səviyyəli iqtisadi qərarların qəbulu Ellərin məsuliyyət çərçivəsinə daxil ediləcək, Ellər bu səlahiyyətlərin icrası üçün zəruri maliyyə resursları ilə təmin olunacaq. Ellərin ərazisində fəaliyyət göstərən hüquqi şəxslərin mənfəət və dövriyyə vergiləri mərkəzi büdcə və El büdcələri arasında bölüşdürüləcək. Mərkəzi hökumət El yerli özünüidarəetməsinə konkret dövlət səlahiyyətlərinin icrasını həvalə etdikdə, onlara mərkəzi büdcədən məqsədli transfertlər ayıracaq.

Bir şəhərin və kəndin inzibati sərhədləri ilə hüdudlanan lokal xarakterli bütün sosial-iqtisadi və ekoloji məsələlərin həlli ilə bağlı qərar qəbulu bələdiyyələrin məsuliyyət çərçivəsinə daxil ediləcək. Həmin səlahiyyətlərin icrasını təmin etmək üçün dayanıqlı vergi mənbələri və minimum büdcə təminatlılığı mexanizmləri hesabına bələdiyyələrin zəruri maliyyə potensialının formalaşdırılmasına şərait yaradılacaq. Şəffaf və aydın meyarlar əsasında bələdiyyə büdcələrinə mərkəzi hökumətin maliyyə yardımlarının ötürülməsi mexanizmləri hazırlanacaq.

Ərazi idarəetməsinin effektivliyini təmin etmək üçün xüsusi təsisatların formalaşdırılması təmin olunacaq. Hökumətin tərkibində regional inkişafla bağlı dövlət siyasətini koordinasiya edən xüsusi struktur yaradılacaq. Bu qurum Ellər və bələdiyyələrlə mərkəzi hökumət arasında siyasətə dair koordinasiya funksiyasını yerinə yetirərək, regional inkişaf sahəsində dövlət siyasətini formalaşdırmağa məsuliyyət daşıyacaq. Ərazi inkişafının təşviqi üçün dövlət büdcəsinin tərkibində Regionların İnkişafı Məqsədli Büdcə Fondu yaradılacaq. Bu fond vasitəsilə mərkəzi büdcədən El, şəhər və bələdiyyə büdcələrinə transfertlər olunacaq, yerli və regional layihələrin dəstəklənməsi üçün qrantlar ayrılacaq.

1.4. Seçkilərin təşkili

Ölkədə azad və ədalətli seçkilər vasitəsilə dinc və qanuni hakimiyyət dəyişikliyi ənənəsinin yaradılması REAL-ın əsas hədəflərindən olacaq. REAL hesab edir ki, cəmiyyətdə davamlı inkişaf yalnız açıq və dürüst siyasi rəqabət nəticəsində mümkündür. Bu məqsədlə yeni seçki qanunu qəbul olunacaq, Parlament və bütün səviyyələrdə bələdiyyə seçkilərinin açıq, şəffaf və rəqabətli şəkildə keçirilməsi təmin ediləcəkdir. Seçkilər tək turlu majoritar və mütənasib seçki sisteminin tətbiqi ilə həyata keçiriləcək. Siyasi partiyalar üçün seçki barajı tətbiq olunacaq və bu hədd 5% təşkil edəcək. Seçkilərdə iştirak edəcək siyasi partiyaların və müstəqil namizədlərin maksimal sayda seçici ilə ünsiyyətini təmin etmək üçün seçki kampaniyalarının müddəti ən azı 3 ay təşkil edəcək.

Seçkilərdə iştirak etmək istəyən müstəqil namizədlərin və partiyaların qeydiyyatı asanlaşdırılacaq. Bütün səviyyələrdə keçirilən seçkilərdə iştirak etmək üçün imzatoplama proseduru ləğv olunacaq. İmza əvəzinə seçkilərdə iştirak edən partiyalar və namizədlər girov olaraq qanunla müəyyən ediləcək məbləği ödəməli olacaqlar. Partiyalar və müstəqil namizədlər üçün bu məbləğ fərqli olacaq. Məbləğin miqdarı seçkilərdə təsadüfi adamların iştirakını mümkünsüz edəcək. Seçicilərin 5% səsini alan partiya və namizədlərə ödədikləri məbləğ geri qaytarılacaq. Namizədlərin elektron müraciəti və qeydiyyatı mümkün olacaq. Namizədliyin qeydiyyatı üçün qanunla müəyyən edilmiş müddətdə müraciət etmiş, girovun ödənilməsini və hüquqi statusunu (vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi, partiyalar üçün qeydiyyat şəhadətnaməsi) göstərən sənədi təqdim etmiş namizədin qeydiyyatından qanunla müəyyən edilmiş çox qısa müddət ərzində imtina edilmədikdə avtomatik olaraq qeydə alınmış sayılacaq.

Seçkilərin ümumi təşkilini, seçkilərdə iştirak edəcək partiyaların qeydiyyatını və seçki xərclərinə nəzarəti Parlament qarşısında hesabatlı olan muxtar səlahiyyətlərə malik üçpilləli seçki orqanları həyata keçirəcək. Mərkəzi seçki orqanının funksiyasına aşağı pilləli seçki orqanlarının normativ və maddi-texniki təminatı, aşağı pilləli seçki orqanlarının tərkibinin müəyyən edilməsi, proporsional seçkilərdə iştirak edən partiyaların qeydə alınması, proporsional seçkilər üzrə nəticələrin elan edilməsi daxil olacaq. Seçki orqanları muxtar səlahiyyətə malik olduqlarından aşağı orqanların yuxarı orqanlara tabeçiliyi ləğv ediləcək və onların fəaliyyətinə məhkəmə nəzarəti həyata keçiriləcək (onların hərəkətindən məhkəməyə şikayət verilə biləcək). Mərkəzi seçki orqanının funksiyasına aid məsələlər (partiyaların proporsional seçkidə iştirakı üçün müraciəti və qeydiyyatı, aşağı seçki orqanlarının tərkibinin müəyyən edilməsi üçün püşkatmanın keçirilməsi, proporsional seçkilər üzrə nəticələrin müəyyən edilməsi) avtomatlaşdırılacağından bu orqan formal səlahiyyətlərə malik olacaq. Bu səbəbdən REAL xüsusi seçki orqanı yaradılması təcrübəsindən imtina edəcək və mərkəzi seçki orqanının funksiyasının həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə ediləcək.

Dairə və məntəqə seçki komissiyalarının tərkibi cari Parlament seçkilərində iştirak edən siyasi partiyaların nümayəndələri arasından bərabər şəkildə formalaşdırılacaq. Dairə seçki komissiyası 9 (doqquz), məntəqə seçki komissiyası 7 (yeddi) nəfərdən ibarət olacaq. Seçkilərdə iştirak edən partiyaların ümumi sayı dairə və ya məntəqə seçki komissiyalarının tərkib sayından (dairədə 9 üzvdən və məntəqədə 7 üzvdən) çox olduğu təqdirdə partiyaların təmsil edəcəkləri dairə və məntəqələr püşkatma yoluyla müəyyən ediləcək və komissiyalarda üzvlük partiyalar arasında bərabər şəkildə bölüşdürüləcək. Püşkatma nəticəsində dairə və məntəqə komissiyalarında təmsil oluna bilməyən partiyalara həmin komissiyalarda məşvərətçi səslə iştirak imkanı tanınacaq. Seçkilərdə iştirak edən partiyaların ümumi sayı dairə və ya məntəqə seçki komissiyalarının tərkib sayından az olduğu təqdirdə bir partiya 1 komissiyada 2 nəfərdən artıq nümayəndə ilə təmsil olunmamaq şərti ilə komissiyalara üzvlük partiyalar arasında püşkatma yolu ilə bölüşdürüləcək.

Dairə seçki komissiyasının funksiyasına majoritar seçkilər üzrə namizədlərin qeydə alınması və həmin seçkilər üzrə nəticələrin elan edilməsi daxil olacaq. Məntəqə seçki komissiyalarının funksiyasına səsvermənin təşkil edilməsi, səslərin sayılaraq xüsusi elektron proqramlara yerləşdirilməsi daxil olacaq. Səsvermənin ümumi nəticələrinin hesablanması xüsusi elektron proqramlarla həyata keçiriləcək. Bu nəticələrin hesablanması Mərkəzi seçki orqanında quraşdırılmış monitorlardan görünəcək.

Bütün səviyyələrdə seçki orqanlarının iclasları mediaya açıq olacaq. Seçkilərdə iştirak edən müstəqil namizədlərin və siyasi partiyaların nümayəndələri müşahidəçi qismində bu iclaslarda iştirak etmək hüququna malik olacaqlar.

Kütləvi İnformasiya Vasitələrinin qanunla müəyyən ediləcək qaydada səslərin hesablanması prosesini bilavasitə müşahidə etmək, foto və video çəkilişləri aparmaq, internet və ya televiziya vasitəsilə canlı yayım həyata keçirmək, seçki protokollarının surətini əldə etmək hüququ olacaq. Seçki komissiyalarının heç bir halda bu hüququ məhdudlaşdırmaq səlahiyyəti olmayacaq.

Seçki iştirakını artırmaq və bununla da seçki saxtakarlıqlarının qarşısını almaq məqsədilə səsvermədə iştirak etməyən seçicilər qanunla müəyyən olunacaq məbləğdə cərimələnəcəklər. Bununla yanaşı, seçki bülletenlərində "hamıya qarşı” səsvermə qrafası olacaq.

Müddətli hərbi xidmətə çağırılanlar hərbi xidmətləri başa çatana qədər, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılacaq. Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması və ya səyyar qutular vasitəsilə həmin yerlərdə səsvermənin keçirilməsi qanunla qadağan olunacaq. Seçki kampaniyası dövründə seçicilər üçün kommunal xidmətlərin göstərilməsi, səsvermə zamanı seçicilərin toplu şəkildə seçki məntəqələrinə gətirilməsi seçki cinayəti hesab olunacaq. Seçki cinayətlərinə görə cəzalar sərtləşdirilərək, həmin cinayətlər ağır və xüsusilə ağır cinayətlər sayılacaq.

1.5. İnsan haqları

Qanunvericilik siyasətimizi bir qayda olaraq insan hüquq və azadlıqlarının genişləndirilməsi istiqamətində təşkil edəcəyik və bu müddəanı daxili konstitusiya prinsipinə çevirəcəyik. İnsan hüquq və azadlıqlarının təminatını praktikada gücləndirəcəyik. Bu məqsədlə insan hüquqları sahəsində beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların Azərbaycanda birbaşa qüvvəyə minməsi prosesi davam etdiriləcək. İndiki rejim tərəfindən qəbul edilən insan hüquq və azadlıqlarını pozan və ya hüquqların məhdudlaşdırılmasına yönələn qanunların və qanunlara dəyişikliklərin qüvvəsi dayandırılacaq.

İnsan hüquqları müvəkkili. İnsan haqları ombudsmanının statusu gücləndiriləcək və onun fəaliyyəti Paris prinsiplərinə tam uyğunlaşdırılacaq. Ombudsman seçkiləri QHT-lər arasında keçiriləcək və seçkilərin nəticələri formal olaraq Prezident tərəfindən təsdiq ediləcək. Ombudsmanın səlahiyyətləri qanunla dəqiqləşdiriləcək. Ombudsman – insan hüquqlarının vəziyyəti barədə hesabatlar hazırlayacaq, bu barədə ictimaiyyəti, hökuməti və beynəlxalq qurumları məlumatlandıracaq, hökumət qarşısında insan hüquqları sahəsində çatışmazlıqların aradan götürülməsi məsələlərini qaldıracaq. O, İctimai televiziyaya maneəsiz çıxmaq, təhsil ocaqlarında insan hüquq və azadlıqlarını təbliğ etmək, insan hüquq və azadlıqlarına aid qanunvericilik prosesində ictimaiyyət adından hökumətlə danışıqlar aparmaq, qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna malik olacaq. İxtisaslaşmış müvəkkillər institutu tətbiq ediləcək və müvəkkillər bu vəzifəyə yalnız bir dəfə seçilə biləcəklər.

Qeydə alınmamış əmlak hüquqlarının rəsmi tanınması üçün şərait yaradılacaq. Bu mümkün olmadığı xüsusi hallarda mülk sahibinə təzminat ödəniləcək, həmin əmlakların hüquqi statusuna aydınlıq gətiriləcək.

İctimai təşəbbüskarlıq təşviq olunacaq. Birliklərin və assosiasiyaların yaradılmasında dövlət təşviqi siyasəti həyata keçiriləcək. Sosial problemlərin həllində vətəndaş cəmiyyətin rolunu artırmaq üçün dövlət xüsusi qrantlar ayıracaq.

Kütləvi İnformasiya vasitələrinin müstəqilliyi təmin olunacaq. Rəsmi dövlət qəzetindən başqa dövlətin kütləvi informasiya vasitələri olmayacaq. Dövlət televiziyası ləğv olunacaq.

1.6. "Keçid dövrü” qanunu

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra, 70 illik sovet totalitar rejimi ilə hesablaşmaya imkan tapmamış, avtoritarizmə yuvarlanmışdır. Bununla da, ölkənin müasir və demokratik dəyərlərə uyğun inkişaf imkanını uzun müddət əldən buraxılmış, dövlət quruluşu, ictimai münasibətlər sistemi, insani və əxlaqi dəyərlər məhv edilmişdir. Avtoritarizmdən demokratiyaya keçid dövründə insan hüquqları rejiminin bərpası və bir sıra digər məsələlərlə bağlı xüsusi "Keçid dövrü” qanunu qəbul ediləcək.

"Keçid dövrü” qanunu yaşanmış tarixlə üzləşərək və hesablaşaraq, yaşananların unudulmaması və cəmiyyətin bütün təbəqələri üçün ibrətə çevrilməsi, eyni zamanda keçid dövründə cəmiyyətin müxtəlif qrupları arasında münasibətlərin kəskinləşməməsi və cəmiyyətin oturuşmuş barışın saxlanması məqsədilə qəbul ediləcək.

REAL bu hesablaşmanı 5 istiqamətdə (reabilitasiya, arxivlərin açılması, maliyyə amnistiyası, lyustrasiya və tarixi yaddaşın yaradılması) kompleks fəaliyyətin həyata keçirilməsi formasında görür. Reabilitasiyasız amnistiya, amnistiyasız lyustrasiya, lyustrasiyasız arxivlərin açılması mümkün deyil, tarixi yaddaşı yaratmadan isə bunların heç birinin əhəmiyyəti yoxdur.

Reabilitasiya. Rejim tərəfindən yaşamaq hüququnun, mülkiyyət və başqa hüquqları pozulanların, həmçinin pis rəftara məruz qalanların reabilitasiyası qaydaları müəyyən ediləcək. Keçmişdə siyasi təqiblər nəticəsində mühakimə olunmuş, siyasi və vicdan məhbusu olmuş şəxslər tam hüquqi və maddi (könüllülük əsasında) reabilitasiyası təmin ediləcək.

Maliyyə amnistiyası. İki istiqamətdə həyata keçiriləcək maliyyə amnistiyası (kapital və vergi amnistiyası), amnistiyanın subyektləri, kapitalın leqallaşdırılması ilə bərabər leqallaşdırmaya qədərki dövr üçün vergi öhdəliklərindən və vəsaitlərin auditindən azad ediləcəklər.

Lyustrasiya. Keçmiş rejimlə əlaqəsi olan, onun saxlanması üçün ciddi fəaliyyət göstərən, adı kobud hüquq pozuntularda keçən şəxslərə bir sıra fəaliyyətlə məşğulolma və vəzifətutma qadağası gətiriləcək.

Arxivlərin açılması və rejim yaddaşının əbədiləşdirilməsi. Arxivlərin açılmasından öncə vətəndaşlara etirafetmə və öhdəlik götürmə şansı veriləcək. Rejim yaddaşının əbədiləşdirilməsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.


Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.