Nüşabə Məmmədli: “Şəhərimizin adının Kirovabad olmasını təhqir bilirdim”

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Dekabrın 30-u Gəncənin adının özünə qaytarılmasının 30 illiyidir. 1989-cu ilin 29 noyabrında Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub, Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edib. Qərarda deyilirdi: “Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq “Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”. 1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirilib və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşılayıb. Ümumiyyətlə, Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Sovet vaxtı Gəncə adının bərpası bir neçə dəfə gündəmə gəlsə də, nəticə olmamışdı. Növbəti belə bir təşəbbüs “Kirovabadskiy raboçiy” qəzetininin əməkdaşı Nüşabə Məmmədlidən gəlir. 1987-ci ilin fevralında jurnalistlərin qurultayında ona tapşırılır ki, jurnalistlər üçün Zaqulbada ev tikilməsini təklif etsin. O, isə çıxışında jurnalistlərə ev tikilməsini deyil, çoxdan arzusunda olduğu istəyini, Gəncə adının bərpa olunmasını təklif edir. İstər qurultayda, istərsə də qurultaydan sonra o, ciddi təzyiqlərə məruz qalır. Nüşabə xanım “Alternativ”ə müsahibəsində o günləri xatırlayıb.

Nüşabə xanım, öncə sizin jurnalistika seçiminizdən başlayaq. Jurnalist olmaq istəyiniz hardan yarandı?

Balaca qız idim, 4-cü sinifdə oxuyurdum. Qardaşım, “istiqlalçı deputat” Mürşüd Məmmədli Nəsrəddin Tusi adına Pedoqoji İnstitutda oxuyurdu, tətilə gəlmişdi. Qonşumuz rus qadın var idi, soruşdu ki, Mürşüd, sən nə oxuyursan? Mürşüd, “tarix fililoji fakültədə oxuyuram” deyəndə, həmin qadın dedi ki, mən elə bilirdim sən jurnalistikada oxuyursan. Mən də jurnalistikanın nə olduğunu başa düşmürdüm. Mürşüddən soruşdum ki, jurnalist nə deməkdir? O, da məni başa saldı, ancaq tam başa düşə bilmədim. Bircə o yadımda qaldı ki, xarici ölkələrə çoxlu səyahətlər edirlər. Elə oldu ki, səhərisi məktəbdə “Böyüyəndə nə olacağam” mövzusunda sərbəst inşa yazası olduq. Jurnalistika elə beynimə batmışdı ki, yazdm ki, mən böyüyəndə jurnalist olacam. Müəllim mənə “3” qiyməti yazdı. Rus sektorunda oxuyurdum. Müəllimdən soruşdum ki, niyə mənə “3” yazmısan. Dedi ki, sənin xəttin gör nə pisdir, elə bil toyuq ayaqları ilə yazıb. Ancaq çox israrlıydım jurnalist olum. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum. Hamı mənə deyirdi ki, havayıdır, orda oxumaq çox çətindir, biz də çox kasıb idik. Pul rol oynamırdı, ancaq tapşırıq var idi. Bizim də qabağa çıxan heç kimimiz yox idi.

 

Ali məktəbi bitirindən sonra jurnalist fəaliyyətinə harda başladınız?

Universiteti bitirəndən sonra “Kirovabadskiy raboçiy” qəzetində işə başladım. Redaktorumuz çox gözəl insan idi. Çox namuslu insan idi. Atamla həmyaşıd idi. Anam israrla dedi ki, işləsən, ancaq onun yanında işləyəcəksən. Çünki onlar da çox namuslu, qeyrətli ailə idi. Mən 1995-ci ilə kimi, 25 il, orda işlədim. Sonralar o qəzet 90-cı illərdə “Novosti Gənci” oldu. Sonra mən o qəzetin redaktoru oldum. Əslində, redaktor olmaq istəmirdim. Ona görə ki, yaradıcılığım var idi. Pyeslərim tamaşaya qoyulurdu. Pyesim əsasında film çəkilmişdi, Xocalıya həsr olunmuş “Haray” filmi. Redaktorumuz dedi ki, sən istəyirsən kimsə gəlsin və sən onun tabeliyində işləyəsən? Dedim heç vaxt. Məndən əvvəlki redaktor Rauf Rəcəbli də çox ləyaqətli adam idi. Çox demokratik, insan adamlar idi. Bəxtim çəkmişdi o barədə. O, dedi ki, qəzetə redaktor ermənini təyin edirlər. Tapşırmışdılar da. Sən onunla işləyərsən? Dedim yox. Mənə pis təsir elədi ki, mən elə adamın əlinin altında işləyəcəm. Çingiz Sadıxov var idi, “ispalkom”un (sovet dövründə şəhər (rayon) icraiyyə komitəsinin sədri – B.N) sədri. Məni 1991-ci ildə redaktor təyin elədi. Qarkom məcbur oldu məni təsdiqlədi. Başqa çıxış yolları da yox idi. Mən bilirdim ki, onlar məni istəmirlər. Çünki mən kommunizmə inanmırdım, kommunistlərin ideyalarını dəstəkləmirdim, sovet rejimini xoşlamırdım. Mən onu repressiv rejim bilirdim. İndi də elə sayıram. Fikrimi açıq bildirirdim, qəzetdə sensasion yazılar verirdim. Şeyxülislam Allahşükür Paşazadənin 20 Yanvar qırğınından sonra xalqa müraciəti oldu. Deyəsən, onun bacısı oğlu da şəhid oldu. Onu ancaq bizim qəzet, rəhbərlik etdiyim “Novosti Gənci” qəzeti çap elədi. Teleqüllənin partladılması barədə xəbəri də bizim qəzet çap elədi. Və ümumiyyətlə, milli istiqlal hərəkatına çox yer verdik və Məmməd Əmin Rəsulzadə barədə oçerk yazdım, təsəvvür edin sovet dönəmində. Hacı Hacıyevə Allah rəhmət eləsin, Jurnalistlər İttifaqının sədri idi. O, həmin məqaləyə görə mənə “İlin ən yaxşı publisisti” adı verdi. O mükafata ölkə rəhbəri Ayaz Mütəllibov qol çəkmişdi. Yaxşı adamlar olub hər zaman və mən onların dəstəyini görmüşəm. İlk sırada Hacı Hacıyevi qeyd edirəm. Çox layiqli insan idi, Allah rəhmət eləsin.

Gələk, sizin jurnalistlərin qurultayında iştirakınıza. Siz jurnalistlərin qurultayına Gəncədən seçildiniz?

Bəli. Gəncədə Azərbaycan, erməni və rus dilində 3 qəzet çıxırdı. Mən rus dilindəki qəzetdən idim. Gəncədə 3 qəzetin jurnalistlər təşkilatı bir idi. Qəzetlərin birgə iclası keçirildi və mən də qurultaya seçildim. Məndən başqa Əhməd İsayev, Rəfiqə Sadıxova, Vaqif Tarverdiyev, Hamlet Qasımov da seçilmişdi.

Qurultayda sizin çıxış nəzərdə tutulurdumu?

Xeyr. Mən rus dilində danışa bildiyim üçün Rəyasət Heyətində oturmuşdum. Hacı müəllim Kamran Bağırovun yanında oturmuşdu. Moskvadan da mətbuat sektorunun rəhbərliyindən nümayəndələr gəlmişdi. Hacı müəllim mənə dedi ki, istəyirik Zaqulbada jurnalistlər evi olsun. Siz bunu təklif edə bilərsinizmi? Mən razılıq verdim. Rəyasət Heyətində oturub düşünürdüm. Birdən yadıma düşdü ki, həmişə istəyim olub ki, şəhərimizin adı özünə qaytarılsın, Kirovabad olmasını təhqir bilirdim. Yenidən Gəncə olmasını istəyirdim. Fikirləşdim ki, Zaqulbada jurnalistlərə ev təklifini hamı deyə bilər. Lap azərbaycanca deyərlər, tərcümə də olunar. Amma bunu heç kim deməyəcək. Yanımda da tanınmış jurnalistlərdən biri oturmuşdu. Soruşdular ki, siz hardansınız, Tiflisdənsiniz? Bu birisi də soruşur, İrəvandan? Deyirəm yox. Mən də istəmirəm köhnə adı deyim. Dedilər onda Stepanakertdənsiniz. Dedim dəxli yoxdu, jurnalistəm. Yəni ki, heç nə soruşmayın. Sonra mənə söz verdilər. Mən o zaman “Kirovabadskiy raboçiy” qəzetinin redaktor müavini idim. Dedim ki, dünya ədəbiyyatına Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbülüla Gəncəvi kimi şəxsləri verən, yəni, hər birinin soyadı Gəncəvi, ancaq şəhərin adı dünya xəritəsində yoxdu. Dedim ki, Kirovun adına xəstəxana var, Bakıda böyük heykəli ucalır, prospektlər var, amma Gəncə adı bizim mənəvi abidəmizdi. Yaxşı olardı ki, qədim şəhərimizin adı özünə qaytarılsın. Çıxışdan sonra zalda gurultulu alqışlar qopdu. Zal dağılırdı. Hamı əl çaldı. Birdən Kamran Bağırov ayağa qalxdı, əlini stola çırpdı ki, siz kimə əl çalırsınız. Bilirsiniz, mən onun da vəziyyətini başa düşürəm. Moskvadan gələnlər orda oturmuşdular. Dedi ki, bəs kimə əl çalırsınız, o xalq düşmənidi, bizim içimizdə əyləşib. Çöndü arxaya dedi ki, belələrinə qarşı mübarizə aparmaq lazımdı. Hamılıqla sizi mübarizəyə çağırıram. Uzun danışdı, qıpqırmızı olmuşdu. Soruşdu ki, siz jurnalistlə razısınız? Sonra hamı lap gurultulu alqışladı. Birdən çönüb Hacı müəllimə dedi ki, mən düz demirəm? Hacı müəllim qaraqabaq adam idi. Bir dəfə adamın üzünə “xoş gəlmisən” deməyib. Kamran Bağırov belə deyəndə əlindən tutub dedi ki, sakit olun. Hacı müəllim dedi ki, sən bilirsən, o, necə ağıllı qadındır. Onun əksinə getdi. Mən heyrət elədim. Bilirsiniz, bunu ancaq ata, qardaş edə bilərdi. Ondan sonra da çıxışçılar oldu. Onlar başladı mənim əksimə danışmağa ki, Nizami sağ olsaydı, o, da tələb edərdi ki, şəhərin adı Kirovun adına olsun. Belə zayıl çıxışlar oldu. Çıxışlar qurtarandan sonra fasilə vaxtı Şirməmməd müəllim, rəhmətlik Nəsir İmanquliyev gəlib mənim əlimi sıxdılar, çox yaxşı sözlər dedilər. Sonra bir nəfər bizim yazıçımız da, Hidayət Orucov da dəstəklədilər. Hidayət müəllim, mənə dedi ki, sizin kitab nəşriyyatda gələn ilin planındadı. Dedi ki, mən onu indi nəşr etdirəcəm. Sağ olsun. Məmməd İsmayıl ordaydı.

Çıxışda dedilər?

Nə danışırsınız. Çıxışda məni öldürürdülər. Bir xalq yazıçımız da mənə dedi ki, ayıb olsun qızım, bizim böyük qurultayın üstündən böyük qara xətt çəkdin.

Kim idi?

İstəmirəm adını deyim. Mən ona dedim ki, sizin pyesiniz bizim teatrda qoyulmuşdu. Həyat yoldaşım Çingiz müəllimin də anası Rəmziyə Veysəlova xalq artistiydi. Həm də Əşrəf Yusifzadə müqtədir aktyorlarımızdandı, o da baş rolda oynayıb. Mən də resenziya yazmışdım. Yazıçıya dedim ki, evə gedən kimi haqqınızda yazdığım resenziyanı cırıb tullayacam.

Eşitdiyimə görə, sovet vaxtı şəhərin adı Kirovabad ola – ola hamı Gəncə deyirmiş…

Qardaşım, Mürşüd Məmmədli əsgərlikdən yazdığı məktublarında ünvan olaraq Gəncə, mötərizədə Kirovabad yazırdı. Biz də geriyə yazanda eyni qaydada.

Məktublar qalırmı?

Təəssüf ki, qalmayıb.

Bildiyim qədər Bəxtiyar Vahabzadə də sizi dəstəkləyib…

Bəxtiyar Vahabzadə o hadisədən sonra Gəncəyə gəldi, məni müdafiə etməyə. Çünki şəhər rəhbərliyi məni sıxırdı. Hətta atamın məzarını eksqumasiya (meyidin qəbrdən çıxarılıb yenidən daxili baxış keçirilməsi və sairdir-B.N) etmək istəyirdilər.

Uşaqlığınızda Gəncə adını evdə, küçədə eşitmişdinizmi?

Əlbəttə. Gəncəyə Kirovabad deyilməsi bizim ən böyük dərdimiz idi. Kirovabad deyəndə ətim ürpəşirdi.

Qurultaydan sonra qayıtdınız Gəncəyə…

Gəncəyə gələndə əlüstü jurnalistlər ittifaqının iclasına çağırdılar ki, məni üzvlükdən çıxartsınlar. Bu vaxt İlham İsmayıl gəldi. Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi. Onun qardaşı Yusif İsmayılov Məmməd İsmayılın “Gənclik” jurnalında mənim haqqımda oçerk yazmışdı. Məni müdafiə etmişdi. Allah ona rəhmət eləsin. Gördüm hamı yığışır. Bir nəfər mənə dedi ki, sizin jurnalistlər ittifaqından çıxarmaq məsələniz qoyulur. Mən də dedim ki, çıxarırlar çıxarsınlar. İlham müəllim mənə dedi ki, sizi çıxartmaq istəyirlər, ancaq narahat olmayın. Getdi orda nə dedisə, müzakirə dayandı. O iclas dağıldı, baş tutmadı. Sonra Gəncədə birinci katib var idi, Ramiz Bağırov, o, iclas çağırdı. Mənim bir xəstə bacım var idi. Tək qalırdı evdə. Heç kimin evinə getmirdi ki, atam, anam harda ölüb, mən də orda öləcəm. 12 nəfər milis göndəriblər ki, guya mənim atam sağdı, Qazaxıstana gedib. O vaxtı Qazaxstan hadisələri təzə olmuşdu. Almatıda 16 tələbə öldürülmüşdü. Mənim çıxışımı onunla bağlamaq istədilər.

Sizin çıxış 1987-də olub…

Almatıdakı hadisələr isə 1986-cı ilin dekabrında yaşandı. İki ay fərq vardı, mənim çıxışım fevralda oldu. Birinci katib Ramiz Bağırov dedi ki, indiyə qədər təqib etmişik, lakin bundan sonra qəti tədbir görəcəyik. İclasdan çıxanda Ramiz Bağırov dedi ki, Kirova iki güllə atıldı, biri Leninqradda atıldı, biri də çox biabırçı hadisə oldu ki, ikinci güllə də Kirovabaddan atıldı, onu da bizim jurnalist Məmmədova atdı. İclas dağılandan sonra erməni qadın redaktor dedi ki, Nüşabə xanım, siz Ermənistanda olsaydınız sizə heykəl qoyarlardı, amma bunlar deyir ki, sizin haqqınızda qəti imkan tədbiri görəcəyik. Bəxtim onda gətirdi ki, hakimiyyət dəyişdi, Vəzirov gəldi. Mənə bir az rahatlıq oldu. Amma ona qədər 4-5 ay çox təqib elədilər. İmamzadədə dəfn olunan atamın qəbrini eksqumasiya etmək istəyirdilər ki, görək həqiqətən də ölüb, ya yox. Çox ayıb idi. İmkan vermədik. Mən akademik Lixaçova teleqram vurdum. Mənə ağır gələn o oldu ki, rusa, Kirova qarşı çıxış elədim, amma rusdan kömək istədim. Lixaçov rus elminin vicdanı idi. Qorbaçova teleqram vurdum. Yeznəm də milis rəisi idi. Eksqumasiyaya gələn milislərə ağzına gələni demişdi ki, kim göndərib sizi. Sən demə şəhərdən təşkil etmişdilər. Prokurorluğa vermişdilər ki, mənim anketimdə atamın 1907- ci ildə doğulduğu yazılıb, bacımın anketində isə 1906-cı il. Qardaşımla getdim prokuror müavini Qrusinin yanına. Gürcüstan rusuydu. Mən də inzibati yerlərə tək getməmişəm. Hətta müsahibə alanda ya yoldaşımla, ya da qardaşımla getmişəm. Ümumiyyətlə, mühafizəkar ailədə böyümüşəm. Prokurorluqda Qrusin dedi ki, şəhər rəhbərliyindən tapşırıq almışıq. Amma mən sizin atanızın qarşısında baş əyirəm ki, belə övladlar böyüdüb.

Bacınızın sənədlərindən tapıblar?

Hamımızın sənədlərini töküb yoxlamışdılar, sadəcə bu təvəllüd məsələsinə ilişmişdilər.

Sizin atanız 1907-ci ildə anadan olub. 1906-cı ili kim yazıb?

Kiçik bacım yazmışdı. Özü doldurub anketi. Partiyaya keçəndə tərcümeyihal yazırlar. Bunlar deyirdilər ki, güya mən səhv yazmışam, ona görə partiyadan çıxarılmalıyam. Guya ki, partiyaya üzvlük könüllük əsasında idi. Redaktorumuz o zaman mənə dedi ki, şöbə müdiri vəzifəsi üçün gərək partiyaya üzv olasan. Ali jurnalist təhsilim olsa da, partiya üzvlüyüm yox idi. Vəzirov gələndən sonra hər şey səngidi. Onu deyim ki, indiyə qədər mənə qarşı hələ heç nə dəyişməyib. İnsanların hörmətini görürəm. Amma hakimiyyətdən heç bir yaxşılıq görmürəm. Heç lazım da deyil.

Vəzirov gələndən sonra təzyiqlər dayandımı?

Bəli, dayandı.

Sonra siz Gəncə adının qaytarılmasında iştirak elədinizmi?

Bəs nə. Gəncənin adının bərpasından sonra 1990-cı ilin yanvarında mitinq keçirildi. Orada çıxış elədim, xalqa gözaydınlığı verdim. Artıq mənim çıxışımdan iki il keçmişdi. Mənim çıxışımdan sonra böyük kampaniya getdi. Sabit Bağırov, Tofiq Bağırov Gəncə adının qaytarılması ilə bağlı imza topladılar. Gəncədən minlərlə imza yığılmışdı. İmza kampaniyası səngimirdi. Burada nə iclas olursa olsun, hamı soruşurdu ki, şəhərimizin adı nə vaxt qaytarılacaq. Başlanğıc mənimlə başladı və nəticə də oldu. Şəhərin birinci katibi Səbuhi Abdinov mənə zəng etdi ki, gözünüz aydın. Bu gün axşam televiziyada baxarsınız. Ona kimi xəbərim yox idi. Dedi ki, arzunuz yerinə yetdi. Səhər də iclas çağırıldı, mitinq oldu. Mən orda çıxış edib xalqa gözaydınlığı verdim. İki ildən çox möhtəşəm kampaniya getdi. Bir də maraqlı hadisə oldu. Mən Gəncə adının qaytarılması barədə çıxış edəndə qocaman jurnalistimiz Qulam Məmmədli çıxış edib ağladı. Dedi bizdə 20-ci illərdə Fitnə adlı qız vardı. Bir sözünün üstündə Sibirə sürgün elədilər, bu qızı onun gününə salmayın.

Bəkir Nərimanoğlu

29 December, 2020, 15:43