Qərbin yeni Rusiya, post-sovet strategiyası

Natiq Cəfərli

Avropada, ABŞ-da səfərlərdə olan, onların “beyin mərkəzlərinin”, “strateji araşdırma mərkəzlərinin” toplantılarında,  konfranslarında iştirak edənlər bilirlər ki, bu ölkələrin elitalarının, mütəxəssislərinin problemlərə baxışında zaman  duyumu bizlərdən köklü şəkildə fərqlənir. Onlar üçün 5-10 il çox qısa zaman kəsiyidir, onlar “gələcək dövr”  deyəndə, ən azı, 20-30 illik zaman kəsimini nəzərdə tuturlar.

 Son dövrlər Qərbin (əsasən ABŞ-ın) Rusiya və post-sovet məkanı ölkələrə münasibətdə müəyyən dəyişikliklərin  olduğu sezilir. Sanki Qərb bu coğrafi məkanı və ona qonşu ölkələri Rusiyaya təhvil verib. Kremlin Suriyada  diplomatik uğuru, Ukraynada müvəqqəti də olsa qalib gəlməsi, Ermənistanda tam hegemon olmağı, Gürcüstana və  Azərbaycana ciddi təzyiqləri və bu ölkələrdən müəyyən güzəştlərin qoparılması, İran məsələsində önə çıxması, məhz belə düşünməyə əsas verir.

Məncə, məsələ bu qədər bəsit deyil. Qərb çox incə və düşünülmüş bir strategiya izləyir. Bütün bu diplomatik həmlələr və startda önə çıxması Rusiyaya ciddi maliyyə itkiləri gətirir. Rusiyanın iqtisadi vəziyyəti çox pis durumdadır, ÜDM azalır, xərclər artır, amma, Rusiyanın hələ 600 milyarda yaxın pulu var. Bu vəsaitə güvənir, bu pula görə aqressiv olub. Qəbrin əsas məqsədlərindən biri məhz bu vəsaitin mədəni şəkildə əridilməsidir. SSRİ-nin çökməsindən öncə də (70-ci illərdə) xeyli valyuta ehtiyatı var idi, silahlanma yarışı və Əfqanıstan işğalı xərcləri elə artırdı ki, ölkə sonda çökdü.

İndi nə baş verir?

Ukrayna: Ölkənin xarici borcu 60 milyard dollardır, ticarətinin 3/2-i Rusiya və MDB ölkələri ilədir. Yəni, Avropa, Qərb belə bir yükü öz üzərinə almaq istəmir, ona görə də, qeyri-rasional tələblərlə, Timoşenkonun azad olunması tələbi ilə çıxış etməklə, demək olar ki, öncədən bu prosesi bilərək uduzdu. Qərb anlayır ki, Ukrayna Rusiya üçün önəmlidir, amma ölkə iqtisadi problemlər içindədir, 3-5 illik Ukraynanı Rusiyaya verməklə, Kremlin hesabına ölkənin bir çox problemlərini həll ediləcəyini düşünür. Kreml isə artıq 10 milyard dollar Kiyevə güzəştə getdi, 25-30 milyardlıq investisiya qoymağa hazırlaşır, hətta, Çinlə danışıb, bu ölkənin də Ukraynaya 8 milyardlıq yatırım etməyinə razı salıb. Beləliklə, 3-5 illik pauza ilə, Qərb Rusiya hesabına Ukraynanın problemlərinin böyük bir qismini həll edəcək, həm də, Rusiya o boyda ölkəni yedəyinə almaqla, iqtisadi cəhətdən zəifləyəcək.

Suriya: Rusiya son 2 ildə, Suriyada vətəndaş müharibəsi başlayandan Dəməşqə təmənnasız olaraq 10 milyard dollarlıq yardım edib. Kimya silahlarının ləğvinin də əsas xərcini, məhz Rusiya çəkir, hətta, ABŞ ordusunun gəmisində bu işin həyata keçirilməsinə görə, ABŞ-a pul da ödəyir. Yəni, ABŞ Kremlə təşəbbüsü ələ almağa imkan verməklə, hesabı ona ödətdirir. Putinə quru-quru “dünyanın ən nüfuzlu adamı” adı verməklə qoltuğunun altına qarpız verir, amma pul Rusiyadan çıxır. Həm də, Suriyada Qəbrin iki düşməni – Əsəd rejimi və radikal dini qruplar qırırlar bir-birlərini, hər iki tərəf zəifləyir ki, bu da Qərbə sərf edir. Bir sözlə, çox ağıllı, amma, insani olmayan yanaşmadır, real-politik, yəni…

Orta Asiya: ABŞ kimi bir ölkəni, biabırcasına Qırğızıstandan, Manas hərbi bazasından qovdular, yəni, hamı, əsas da Rusiya, bunu belə anladı, özünün qələbəsi kimi qələmə verdi. Söhbət isə ondan gedirdi ki, Rusiya Qırğızıstana 2 milyard dollar bağışladı, enerji daşıyıcılarının qiymətində endirim etdi, kapital qoyuluşunu artırdı, qırğız mallarının Rusiya bazarına girişini asanlaşdırdı. Yəni, ABŞ ağıllı oyun quraraq, öz müttəfiqi olan Qırğızıstana Rusiya vasitəsi ilə xeyli xeyir verdi. ABŞ-ın 2-3 milyardı yox idimi ki, bunun qarşısını alsın? Axı pul kəsən maşın oradadır, 100 dolların çap xərcləri, maya dəyəri isə, cəmi 20 sentdir!

İndi ABŞ Əfqanıstandan çıxır, 2014-cü ildə bu proses yekunlaşacaq. Orta Asiya ölkələrinin sərhədlərinin qorunması zəifləyəcək, oralardan gələn təhlükə Rusiyaya qədər uzanacaq. Bunu nəzərə alan Kreml, artıq qərar verib, 2014-dən Orta Asiya respublikalarının sərhədlərini özü qoruyacaq, bu ölkələrə silah yardımı edəcək. Beləliklə, hər il Rusiya bu məqsədlə 5-7 milyard dollar pul xərcləyəcək.

Qafqazlar: Gürcüstanla məsələ məlumdur, Azərbaycan isə, hələ də yolunu-izini müəyyən etməyib, Ermənistan isə Rusiyanın qucağındadır. Məncə, burada da rasional bir siyasət var. Gürcüstana Qərb bacardığı qədər kömək edərək, islahatları dəstəkləyərək qonşuları üçün örnək yaradır, maliyyə yardımı da edir; Azərbaycanın öz pulu var, özü-özünü maliyyələşdirə bilir; Ermənistanın problemlərini isə Rusiya vasitəsi ilə həll edir. Ermənistana Rusiyanın maliyyə dəstəyi, Rusiyada olan emiqrantların ölkələrinə göndərdiyi vəsaiti də nəzərə almaqla ildə təqribən, 4-5 milyard dollardır.

Beləliklə, Qərbin apardığı siyasət ona hesablanıb ki, Rusiya öz daxili problemlərinin üzərinə yaxın ətrafının da maliyyə problemlərini gələrsə, Kreml bu yükü çəkə bilməyəcək, getdikcə zəifləyəcək. Rusiyaya silah və güc nümayişi ilə qalib gəlmək problemdir, tarix də bunu sübut edir, həm də bu ölkənin 2000 ədəd atom bombası var, ona görə də, birbaşa toqquşma mümkün deyil. Rusiyanın həmişə ən zəif yeri iqtisadiyyatı və absurd idarəetməsi olub (məşhur deyim var, “Rusiyanın 2 qlobal problemi olub həmişə, axmaqlar və yollar”). Buna görə də, Qərb, məncə, SSRİ vaxtı sınaqdan uğurla çıxmış 2 metodla: Rusiyanı əlavə xərclərlə yükləməklə və enerji daşıyıcılarının qiymətini dünya bazarında salmaqla bu ölkəyə dərs verməyi düşünür. Neftin və qazın yaxın 2 ildə qiymətinin enməsi çox böyük ehtimaldır. Qərbdə, əsasən də, ABŞ-da başlayan “slans inqilabı” da buna xidmət edir.

Bir sözlə, yaxın zamanlarda bizi maraqlı hadisələr gözləyir, amma tam əminliklə demək olar ki, “rus ayısı” nə qədər güclü olsa da, artıq yük qaldırmağa qadir deyil…

www.cumhuriyyet.org

9 December, 2013, 21:09