“Avroqonşuluq” və ya, Ermənistanı Kremlin qucağına necə itələdik

Natiq Cəfərli

Son günlər bölgənin, eləcə də dünyanın əsas gündəmi “Şərq Tərəfdaşlıq” proqramına daxil olan ölkələrlə Avropa  Birliyi arasında imzalanan sazişlər, Vilnüs sammiti və onun nəticələridir. Gürcüstan və Moldova öz seçimini etdi,  paket sazişi imzaladı; Ukrayna imzalamağı ertələdi, xalq küçələrə çıxdı; Ermənistan və Belarus Rusiyanı, Gömrük  İttifaqı və Avrasiya İttifaqını seçdi; Azərbaycan isə, hələ də aydın mövqe ifadə etməyə çəkinir, balans saxlamağa çalışır, bununla da ölkənin gələcəyini qeyri-müəyyənliyə sürükləyir.

Bir ölkənin gələcək inkişafı üçün onun qonşularının mövqeyi, tutduqları yol, gələcəyə baxışları önəmli rol oynayır.  Baltik ölkələrinin AB və NATO-ya tez inteqrasiya olmaqlarında digər amillərlə yanaşı, öz aralarında “vizyon”  birliyinin olmağı da önəmli rol oynadı. Azərbaycanın qonşularından tək Gürcüstan və qardaş Türkiyə sivil dünya ilə  inteqrasiya yolunu tutublar.

Ermənistanın Avropadan uzaqlaşıb Rusiyanın qucağında daha möhkəm oturmasının günahı, həm də, bizdə – Azərbaycanın apardığı siyasətdədir. İllərdir səhv yanaşma olub, Ermənistanı regional layihələrdən təcrid etmək, sərhədlərini bağlı saxlamaq siyasəti bizə bir qarış torpaq belə qazandırmadı, Ermənistan acından ölmədi, diz çökmədi, əvəzində daha çox Kremlə sığınmağa məcbur oldu.

Bir neçə il öncə, 2009-da Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması gündəmə gələndə bunu açıq şəkildə dəstəkləyən tək qüvvə, o vaxt təzəcə yaranmış REAL Hərəkatı oldu. Biz gələcəyə baxmağı, düşünməyi təklif etdik. Türkiyə ilə sərhədlər açılarsa, qardaş ölkənin Ermənistana təsiri güclənəcək, iqtisadiyyatında gücü, önəmi artacaq, bu da, Rusiyanın mövqelərini zəiflədəcəkdi. Onsuzda Türkiyə ilə Ermənistanın Gürcüstan üzərindən ticarət əlaqələri var, illik ticarət dövriyyələri 250-300 milyon dollar civarındadır. Birbaşa sərhədlər açılarsa, bu dövriyyə, maksimum, 500 milyona qədər artacaq. Ermənistan iqtisadiyyatının həcmini, əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq, yaxın illərdə bundan artıq artım mümkün deyil. Amma sərhədlər açılsa Türkiyə Ermənistanda iş yerləri yaradan “patron” ölkə durumuna gələcəkdi, erməni əhalisini işlə, əmək haqqı ilə təmin edəcək türk şirkətləri yaranacaqdı ki, bu da orta və uzun vədədə bizim maraqlarımıza tam cavab verirdi.

Sərhədlərin bağlı qalmasında ən maraqlı qüvvə Rusiya, Kreml idi. Ona görə də, Kreml bütün vasitələrdən istifadə edərək Azərbaycanın hakimiyyətindən İstanbul sammitinə getməməyi, Türkiyəyə isterik cavabların verilməsini tələb etdi, və Türk Şəhidliyindən Türkiyə bayraqlarını götürülməsinə qədər bu iş uzandı. Türkiyə Azərbaycanın belə reaksiyasına görə sərhəd məsələsini ertələdi. Azərbaycan hakimiyyəti perspektivi görə bilmədi, Kremldən çəkindi və regionda ciddi proseslərin, o cümlədən, Rusiyanın təsirinin azalmasının qarşısı alındı.

Ermənistanı Rusiyadan ciddi asılı saxlayan digər amil isə enerji məsələsidir. Ermənistan istehlak etdiyi qazın az qala tamamını Rusiyadan alır. Qaz kranının Kremlin əlində olması Ermənistana ciddi təzyiq vasitəsidir. Bu ölkənin illik qaz istehlakı cəmi 1,8 milyard kub metrdir.

Məncə, ermənilərin Rusiyadan qaz asılılığını azaltmaq üçün danışıqlarda Ermənistana qaz sata biləcəyimizi də təklif etməliyik. Rusiya bu gün Ermənistana qazı 280 dollara satır. Bu qiymətdən xeyli ucuz tariflər təklif etməklə, həm Ermənistana qaz sata, həm də bu ölkənin Rusiyadan asılılığını azalda bilərik. Qazancımız həm iqtisadi olacaq, həm də qaz ventili Kremlin əlindən çıxaraq, Azərbaycanın, Bakının əlinə keçəcək. Qarabağ danışıqlarında bu çox mühüm bir alət ola bilər.

Ermənistanın indiki korrupsiyaya uğramış, klanlar üzərində qurulan avtoritar hakimiyyətinin Kremldən bərk yapışmasının səbəbi həm islahatlara getmək istəməsi, həm də Rusiyadan iqtisadi asılılığıdır. Halbuki, regionda Avropa və dünya ilə ciddi inteqrasiya qura biləcək, bununla da bütün regionun sivil dünya ilə körpü rolu oynaya biləcək ölkə məhz Ermənistandır. Güclü erməni diasporu bu işdə həm Ermənistana, həm də qonşularına ciddi dəstək ola bilər. Bunun üçün isə Ermənistan rəhbərliyi xəstə xülyalardan əl çəkməlidir, həm də, Rusiyanın regiona diktəsi azaldılmalıdır.

Ermənistanın işğalçı siyasəti ona sonunda heç nə qazandırmayacaq, amma, bu siyasət və Kremldə hazırlanan “yol xəritələri” həm Ermənistanı, həm də regionu sivil dünya ilə inteqrasiya proseslərindən kənarda qoydu. Son araşdırmalar onu göstərir ki, erməni əhalisinin böyük əksəriyyəti Avropaya, dünyaya inteqrasiyanın tərəfdarlarıdırlar. Sadəcə, onlara alternativləri vermək lazımdır ki, “Rusiya olmasa Ermənistan batar”, kimi fikirlər cəmiyyətdə dominant olmaqdan çıxsın.

Azərbaycanın üzərinə ciddi iş və görəv düşür. Çaşan, yanılan, səhv yolda olan qonşusuna kömək etməklə, həm də regionun gələcəyində önəmli rol oynaya bilər. Bunun üçün isə Azərbaycanda özgüvəni yüksək, “vizyonu” olan, dünyanı anlaya bilən, islahatlar aparmağa qadir olan bir hakimiyyət formalaşmalıdır. İndiki korrupsiyaya uğramış, düşüncəsi ancaq taxt-qacını qorumaq olan bir hakimiyyətdən bunu gözləmək əbəsdir. Amma bizlər, yeni nəsil siyasətçilər, hər mövzuda danışmağa, müzakirələr aparmağa hazır və qadir olmalı, həm ölkənin, həm bölgənin gələcəyi üçün məsuliyyətimizi dərk edərək, illərdir aparılan siyasətin səhv olduğunu, nəticəsiz qaldığını və işğal altında olan torpaqlarımızdan bir qarış da olsun qaytara bilmədiyini təsbit edib, yeni yanaşmalar axtarmalıyıq. Regionun Lider Dövləti olmağın yolu neft satıb, pul qazanıb sağa-sola xərcləməkdən, mənimsəməkdən deyil də, məhz məsuliyyətli olub, gələcəyə dönük addımların atılmağından keçir.

www.cumhuriyyet.org

2 December, 2013, 21:06