Şişmiş hökumət modeli

Azərbaycanın dövlət və hökumət orqanlarında, qurumlarında çalışanların sayı ilbəil artır. Əgər 2003-cü ildə büdcədən maliyyələşən və səhmləri dövlətə, hökumətə məxsus olan təşkilatlarda, qurumlarda çalışanların sayı 600 min nəfər  idisə, bu gün bu rəqəm 1 milyona yaxınlaşıb. Hökumət illərdir lazımlı-lazımsız müxtəlif qurumlar yaradaraq, heç bir  əlavə dəyər yaratmayan minlərlə ştat-iş yeri açıb.

 Prezidentin son fərmanları da sübut etdi ki, hakimiyyət bu yanaşmadan kənarlaşa bilmir, və ya, bunu bacarmır.  Prezident İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin əsasında  İqtisadiyyat və Sənaye Nazirliyi yaradılır. Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılıb. Sərəncamda deyilir ki, Azərbaycanda energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi yaradılır. Yəni, ciddi struktur dəyişiklikləri yenə sistemdaxili yerdəyişmələr edilib ki, buna da islahat demək mümkün deyil.

Son illərdə açıldığı elan edilən 1,2 milyon iş yerlərinin az qala yarısı büdcədən maliyyələşən, və ya dövlətə, hökumətə aid olan qurumların payına düşür. Belə qeyri-effektli idarəetmə gələcəkdə ölkəyə ciddi problemlər yaradacaq. Şişmiş, və ya, bilərək şişirdilmiş ştatlar ölkə büdcəsinə yükdür, belə idarəetmə yanaşması gələcəkdə ixtisarları qaçılmaz edəcək, bu isə, sosial gərginliklərə qapı aça bilər.

Azərbaycan hakimiyyəti dövlət və hökumət strukturlarını şişirtməkdə bir neçə məqsədi var:

1) Ölkədə rəqabətli mühit, azad bazar olmadığından sosial gərginliyi azaltmaq, yeni iş yerləri açmaq üçün dövlət və hökumət aparatı şişirdilir,

2) Ölkədə hakim partiyanın dəyərləri, ideoloji xətti, aydın proqram və məqsədləri olmadığı üçün, aşağıdan yuxarıya loyallıq ancaq maddi asılılıq üzərində qurulur, yəni, hakimiyyət məmurların, büdcə təşkilatlarının işçilərinin loyallığını ya korrupsiya xətti ilə, ya da iş itirmək qorxusu ilə yarada bilir,

3) Büdcə təşkilatı işçiləri hakimiyyətin seçki və digər tədbirlərində aparıcı rol oynadığından, onların sayının artımı siyasi cəhətdən də indiki sistemə sərf edir.

Hökumət mobil, çevik və effektli olmalı, bir sıra dövlət və hökumət orqanları ya ləğv edilməli, ya da təmərküzləşmə yolu ilə birləşdirilməlidir, yəni bir sözlə hökumət effektiv olmalıdır! Effektiv Hökumət modeli həm büdcə vəsaitlərinə ciddi qənaət etməyə, həm də idarəetmənin səmərəliliyini artırmağa imkan verərdi.

“Effektiv Hökumət” modelinə keçid paralel olaraq, biznes üçün bütün süni əngəlləri aparan qaldırmaqla, korrupsiya və inhisarçılığı sıfıra endirməklə müşayiət olunmalıdır. Yəni, qaçılmaz olan kadr ixtisarlarından nəsibini alanlar, öz bacarıqlarını biznesdə, xüsusi sektorda göstərməyə şans qazanacaqlar. Bunun üçün hökumət hesabına ixtisas artırma və dəyişmə kursları, kiçik və orta biznesə ciddi təşviq proqramları, sərfəli kredit siyasəti həyata keçirilməlidir.

Məsuliyyətini dərk edən, dəyərlərə sahib olan, “vizionu”, proqramı, planı olan siyasi təşkilatlar indidən bu problemlərə ciddi fikir verməli, müzakirələr açmalıdırlar ki, indiki hakimiyyət siyasi səhnədən gedəndən sonra, ciddi struktur və idarəetmə islahatlarına başlamaq mümkün olsun. Tam əminəm ki, “şişmiş”, “şişirdilmiş” hökumətin həm qazının, həm də şişinin alınması zəruridir, gələcək tərəqqi üçün əsas şərtlərdən biridir.

Natiq Cəfərli

www.cumhuriyyet.org

29 October, 2013, 20:13