Azərbaycanda daşınmaz əmlak idarəçiliyi vahid quruma həvalə oluna bilərmi?

Hazırda Bakıda daşınmaz əmlak idarəçiyi üzrə bir neçə qurum fəaliyyət göstərir. Bunlar SSRİ dövründən qalmış, JEK kimi tanınan, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan Mənzil İstismar Sahələri (MİS), paytaxtın rayonlarının İcra Hakimiyyətlərinin kənd və qəsəbələr üzrə fəaliyyət göstərən icra nümayəndəlikləri, 1999-cu ildən yaradılmış bələdiyyələr, eləcə də son bir neçə ildə yeni tikilmiş yaşayış binaları üzrə yaradılmış Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləridir (MMMC). Bəs Azərbaycanda daşınmaz əmlak idarəçiliyi vahid quruma həvalə oluna bilərmi?

İqtsadçı ekspert Rəşad Həsənov hesab edir ki, adları çəkilən qurumları bir ad altında birləşdirməkdənsə, əmlak sahiblərinin hamısını MMMC kimi birləşdirmək daha yaxşı olar: “Dünyada daşınmaz əmlak idarəçiliyi təcrübəsi daha çox müstəqilləşmə istiqamətindədir. Yəni xarici ölkələrdə MMMC-lərə meylilik daha artıqdır və bu daha effektiv yoluhesab olunur. Yaxşı olar ki, gələcəkdə həyət evləri və dövlət binalarında da bu mexanizm tətbiq edilsin. Hazırda daşınmaz əmlakın idarəçiliyi üzrə ən optimal mexanizm MMMC-lərdir. Yəni insanlar qərar verir, özləri idarəetmə seçir, xidməti satın alır və bu yolla daha keyfiyyətli və rəqabətli mühit formalaşa bilir. Qeyd olunan qurumların bir qurum halında birləşdirilməsi yenidən xidmətlərin dövlətə verilməsinə, dolayısıyla yenidən bu istiqamətdə qeyri-effektiv MİS təcrübəsinin yayılmasına gətirib çıxarar”.

Onun sözlərinə görə, bir neçə növ üzrə mülkiyyətçiləri bir MMMC-də birləşdirmək də qənaətbəxş olar: “Fərdi yaşayış evlərində də məhəllələr şəklində bu mexanizmi tətbiq etmək olar. Bir neçə məhəllə birləşib bir MMMC yarada bilər. MMMC nə qədər böyük olarsa, onun xidmətləri müəssisələrdən satın alması da bir o qədər ucuz başa gələ bilər. Mülkiyyət növünün formasından asılı olmayaraq mülkiyyətçilər MMMC halında birləşə bilər. Düzdür, burda tarif fərqliliyi yarana bilər. Həyət evləri üçün başqa, bina evləri üçün kvadrat/metr əsaslı başqa tariflər ola bilər. Amma istənilən halda bunların üzərində düşünməkə daha keyfiyyətli idarəetmə mexanizmi yaratmaq olar.

Bu günkü şərtlər daxilində müəyyən mənada MİS-lərin fəaliyyəti, onların xidmət haqqı və digər tarifləri köhnə binalarda yaşayan sakinlər üçün daha əlverişli görünür. Çünki xərc çox azdır. Ona görə də müəyyən mənada cəmiyyətin özündə də qeyd edilən istiqamətdə ikili münasibət var. Yəni MMMC-nin idarəetməsi xərclərin müəyyən qədər artmasına gətirib çıxarır. Çünki burda keyfiyyətli xidmətlərin alınmasından söhbət gedir.

23 dekabr, 2021, 20:37