Azərbaycanda fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib

Azərbaycanda peşəkar fermer təsərrüfatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə dayanıqlı inkişafının təmin edilməsi məqsədilə özündə beynəlxalq tələbləri ehtiva edən AZS 903:2021 (AZS IWA 29:2019) “Peşəkar Fermer Təşkilatı–Qaydalar” adlı yeni dövlət standartı qəbul edilib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin işləyib hazırladığı standartın layihəsini Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyib, Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Dövlət standartı istehsal olunan məhsul və ya becərilən bitki növündən asılı olmayaraq bütün növ fermer təşkilatları tərəfindən istifadə üçün nəzərdə tutulub.

22 noyabr, 2021, 16:23