Alternativ Dərgisinin Baş redaktorundan

Bugünədək, Respublikaçı Alternativ olaraq, çeşidli təşəbbüslərimiz və layihələrimiz olub. Diqqətli izləyicilərimiz, üzvlərimiz, tərəfdar və təəssübkeşlərimiz onları internetdən yazı və videoçəkiliş şəklində görə bilib. Sosial şəbəkələr üzərindən canlı yayımlanan mühazirələrimiz və başqa müzakirələrəmiz bundan sonra da davam edəcək. Aldığımız suallardan və təkliflərdən anlayırıq ki, layihələrimizə maraq getdikcə böyüyür. Bu, bizi sevindirməklə yanaşı, üzərimizdə olan məsuliyyəti də artırır.

Məqsədimiz sizə sadəcə fayda vermək deyil. Biz daha böyük amallar uğrunda çalışırıq. İşlərimizi, belə demək olarsa, aydınlatma (maarifçi) ruhunda görməyə çalışırıq. Toplumda təməl siyasi, sosial və başqa anlamlar oturuşmayıb. Belə anlamların bir çoxunun yeri yanlış düşüb, onlardan yersiz (kontekstdən qoparılmış şəkildə) istifadə olunur. Açıq siyasi müzakirələrin olmaması dilimizin ifadə imkanlarınının inkişafını əngəlləyir. Nəticədə, mədəni ünsiyyət çətinləşir. Respublikaçı Alternativin bütün layihələri həm də bu problemin çözülməsinə yönəlib.

Gördüyümüz işlər istədiyimiz keyfiyyətdədirmi? Əlbəttə, yox. Biz özümüz iş görə-görə öyrənirik. Sizinlə və sizdən öyrənirik. Sosial şəbəkələrdə və şəxsi görüşlərdə sizdən aldığımız tənqidi şərhlərə diqqətlə yanaşır, onlar üzərində düşünürük. Bunu kənardan görməyə bilərsiniz, amma biz özümüz onlardan xeyli faydalanmışıq, bir sıra yanlışımızı düzəltmişik. Doğrudur, elə mövzu və məsələlər var ki, biz oradakı təməl anlamları təslim etmirik, mövqeyimizdən dönmürük. Bu, bəzilərini məyus edə bilər. Edir də. Nə etməli? Həyat belədir. Siyasətdə anlamları çəpərləmək gərəkdir. Çəpərin o biri tayında buraxılmış anlamlar, seçilmiş siyasi yönün və inanaraq gedilən siyasi yolun məqsədlərinə uyğun olmur.

Biz respublikaçıyıq. Dünyagörüşümüz dünyəvidir. İqtisadiyyata baxışımız liberaldır. Hökumətə yanaşmamız minimalistikdir. Toplumu pluralistik görürük, amma onun siyasi homogenliyini qorumağa çalışırıq. Bu və buna bağlı olan anlamları təslim etmədən, seçdiyimiz siyasi yolla gedirik. Yolun yönünü bilmək üçün, onun yanlarını görmək gərəkdir. Düşüncə dünyasında yolun yanları – anlayışların çərçivələridir.

Çərçivələrimizi sizə göstərmək üçün bu jurnalı yaratdıq və bugündən onu ayda bir dəfə buraxmağa başlayırıq. “Alternativ Jurnal” REAL-a dolayı bağlı olsa da, REAL-ın açıq təbliğatıyla məşğul olmayacaq. Üstəlik, burada siyasətdənkənar mövzulara (bölümlərə uyğun) yer veriləcək, bizi tənqid edən fikirlərə imkan yaradılacaq, çeşidli ictimai, siyasi, sosial, iqtisadi, fəlsəfi və mədəni mövzulara dair elmi-publisistik yazılar olacaq.

Hər bir iddialı başlanğıc kimi, jurnalımızın ilk buraxılışları istədiyimiz keyfiyyətdə olmaya bilər (guman ki, olmayacaq da). Diqqətli oxucularımız yanlışlarımızı bizə göstərərsə (tənqidi fikirlərini göndərərsə), bu, hamının ümumi faydasına olar. Qədim Romalıların belə bir deyimi vardı – qui scribit, bis legit (yazan, iki dəfə oxuyur). Biz həm də oxumağı öyrənmək üçün yazırıq. Bizi oxuyun ki, biz də sizdən öyrənə bilək.

Çox sağ olun!

Erkin Qədirli

Baş redaktordan

31 may, 2017, 17:19