İşğal müstəqilliyə görə ödədiyimiz qiymətdir

Erkin Qədirli

Türkiyənin Today’s Zaman qəzetinin məlumatına görə, Türkiyənin Xarici İşlər Naziri, Ahmet Davutoğlu, İsveçrədən  xahiş edib ki, Ermənistanla danışıqlarda vasitəçilik etsin. Bildirilir ki, guya Ermənistan işğal olunmuş rayonların  beşindən çıxmağa razılığını verib.

Aydındır ki, İsveçrənin Ermənistana bu məsələdə təsir etməyə imkanı yoxdur. Digər tərəfdən, Ermənistan sərbəst  qərar verəcək durumda deyil. Ermənistan, deyildiyi kimi, 5 rayondan çıxmağa razılaşıbsa, bu işdə mütləq Rusiyanın  əli var. Rusiya isə bunu təmənnasız edəsi deyil. Məsələnin burasını da hamı anlamalıdır. Rusiya bunun əvəzini  Ermənistandan da çıxası deyil. Bu da aydındır. Əvəzini bizdən istəyəcəklər. Rusiya bizdən nə istəyə bilər?

Rusiyadan bizə “ərazi əvəzinə siyasi güzəştlər təkliflər”i əvvəllər də olub. Hələ 90-ların başlanğıcında, Rusiya bizdən 2 şeyi istəyirdi – 1) qoşunların qaytarılması və 2) neftin Qərbə birbaşa deyil, Rusiya vasitəsilə satılması (Bakı-Ceyhan kəmərinə qarşı idi Rusiya). Rusiyanın bu təklifini nə Əbülfəz Elçibəy qəbul etdi, nə də Heydər Əliyev. Doğru strateji qərar idi.

Bakı-Ceyhan neft kəməri gerçəkləşəndən sonra, bu tələb keçərliliyini itirdi. Amma Rusiya qoşunlarının qaytarılması, Azərbaycanın Qərbə inteqrasiyasının əngəllənməsi tələbləri bu gün də Rusiya üçün gündəmdədir. “5 rayonun qaytarılması” söhbəti yeni deyil. Heydər Əliyev buna həmişə belə cavab verirdi – biz işğal olunmuş rayonları müzakirəyə çıxarmırıq və onların hissə-hissə qaytarılmasını qəbul etmirik. Bəli, 5 rayonu bizə çoxdan qaytarardılar, biz Rusiyanın şərtlərini qəbul etsəydik. Heydər Əliyev buna getməməklə, doğru strateji qərar vermişdi.

Qarabağ münaqişəsinin strateji nəticəsini aydın görə bilməliyik. Ermənistan Qarabağ üzərində nəzarəti qazandı, amma müstəqilliyini itirdi. Azərbaycan Qarabağ üzərində nəzarəti itirdi, amma müstəqillik qazandı. Zaman göstərdi ki, strateji olaraq qazanan Azərbaycan oldu. Çünki, müstəqillik – çox böyük resursdur və çox şey bu resursdan asılıdır. Ermənistanın müstəqilliyinin olmaması, onu özü üçün həyati əhəmiyyət kəsb etdiyi Qarabağ məsələsində də qərar vermək imkanından məhrum etdi.

Ermənistanın sərhədləri Rusiya sərhəd qoşunları tərəfindən mühafizə olunur. Yeri gəlmişkən, elə bu səbəbdən də Türkiyə-Ermənistan sərhədlərinin açılmamasından qazanan tək tərəf Rusiya oldu. Ermənistanın ərazisində Rusiya qoşunları hələ də var və bundan sonra 49 il ərzində orada olacaqlar. Yerevanın beynəlxalq hava limanı (Zvartnots) da FSB-nin (Federal Təhlükəsizlik Xidmətinin) rəsmi nəzarət məntəqəsi var. Təsəvvür edirsiniz, sizin ərazinizdə başqa dövlətin əks-kəşfiyyat xidməti rəsmən vətəndaşlarınızı saxlaya, dindirə, üzərində axtarış apara bilsin? Bunun nəyi müstəqillikdir? Dahası da var. Ermənistanın müstəqillik gününə həsr olunmuş hərbi paradda Rusiya əsgərləri marş edir. Bütün bunlar bizim üçün problem yaratmasaydı, anekdot hesab etmək olardı. Üstəlik, Ermənistan iqtisadiyyatının əsas hissəsi Rusiyanın dövlət şirkətlərinə məxsusdur. Heç şübhəsiz ki, müqayisədə, Azərbaycanın strateji üstünlükləri göz qarşısındadır.

Paradoks da ondadır ki, bu üstünlükləri biz, illərdir 5 rayonu geri almamaqla əldə etmişik. Üstəlik “beş rayon – indi, qalanları sonra” yanaşması, “qalanları heç zaman” nəticəsinə gətirib çıxara bilər. Ölkəmizin mövqeyi həmişə “rayonlar müzakirə olunmur və hamısı bir yerdə qaytarılmalıdır” olub. Rusiyanın Gürcüstana təcavüzündən sonra, ölkə rəhbərliyinin mövqeyində dəyişiklik baş verdi. Prezident ilk dəfə “5 rayon – indi, 2 rayon – 5 ildən sonra” düsturunu dilə gətirdi. Qarabağın statusu isə daha sonraya saxlanılasıdır, təbii ki. Azərbaycan, öz növbəsində, Rusiya üçün Ermənistanla dəmiryolu bağlantısını bərpa etməyi vəd edirdi. Rusiyanın o vaxtki Prezidenti Medvedevlə çoxsaylı görüşləri nəticəsiz qaldığından, bu mövzu gündəmdən düşdü.

İndi, daxili – siyasi problemlərin ucbatından özünü, şərti olaraq, “Avropa Birliyi – Avrasiya Birliyi” arasında barışmaz ziddiyyətlərin içinə atmış hazırki iqtidarın siyasəti nəticəsində yaranmış vəziyyətdə həmin məsələ yenidən gündəmə qayıtmış kimi görünür. Bunu nə üçün vurğuladım? Çünki, əvvəllər, xüsusilə Heydər Əliyevin Prezidentliyi dövründə, Azərbaycanın Qərbə inteqrasiyası kimi böyük hədəfi də olmasa, mövzusu var idi və hər şey həmin mövzunun içində qavranılırdı, dəyərləndirilirdi. Rusiyadan gələn təklifləri də ona görə əminliklə qəbul etməyə bilirdik. Bu gün biz, ölkə olaraq, həmin mövzudan xeyli uzaqlaşmışıq (bunun çox səbələri var, onlar haqqında ayrıca yazmağa dəyər, amma burada yox). Mövzudan uzaqlaşdığımıza görə də mövqesiz görünürük. Tərəfsiz olanı hər tərəfdən sıxırlar.

Əlbəttə, 5 rayonun qaytarılması, özü-özlüyündə, böyük işdir. İqtidarın bundan qazanacağı aydındır, amma ölkə də qazanacaq. Qazanacaq, amma, əvəzində nə verəcək? Əsas məsələ də budur. Problemlərə özü-özlüyündə deyil, kontekstdə baxmaq lazımdır. Bu sualı görməzdən gəlməyə tarixi haqqımız yoxdur. Ermənistanın gəldiyi nəticədən dərs almalıyıq. Rayonları alıb, müstəqlliyi itirmək perspektivi var. Emosional baxımdan “rayonları alaq” cavabı şübhəsizdir. Amma, siyasət emosiyalar üzərində qurulmamalıdır. Strateji olaraq, itirə biləcəklərimiz az deyil. Məsələnin ən acı tərəfi isə o ola bilər ki, qazanan Ermənistan və Azərbaycan deyil, Rusiya olsun – bizi dalaşdırıb, yenidən özünə qaytarsın. Yenidən, Cəfər Cabbarlının “1905-ci ildə”ki “atan kazaklardır” söhbəti olmasın, yəni.

www.cumhuriyyet.org

12 may, 2013, 20:00