Ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsi təsdiq edilib

“Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi” Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiq edilib.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yol xəritəsi ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi üzrə 4 tematik sahədə – “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillərin və qiymətləndirmələrin aparılması”, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması”, “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin olunması” və “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılması” məqsədilə, ümumilikdə 25 tədbirin icrasını nəzərdə tutur.

Adıçəkilən Yol Xəritəsi Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən 5-ci Milli Prioritetə (təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi) uyğun olaraq, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrupun üzvlərinin məhsuldar və geniş müzakirələri, ətraflı təhlilləri nəticəsində özəl sektorun nümayəndələrinin yaxından iştirakı ilə hazırlanıb. Ekoloji təmiz nəqliyyat vasitələrindən geniş istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.

Məlumat üçün qeyd edək ki, Komissiyanın “Sərhəddə ticarət” işçi qrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.

“Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”nin tam mətni ilə Komissiyanın internet portalında tanış olmaq mümkündür (https://azranking.az/action- plans).

3 yanvar, 2022, 18:26