Aqrar sahədə müasir suvarma sistemlərindən istifadə genişləndiriləcək

“Kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi qaçılmazdır”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlayır: “Bilirsiniz ki, dövlət müasir suvarma sistemlərindən istifadəni stimullaşdırır, artıq təsərrüfatlarda quraşdırılan damcı sulama və digər müasir suvarma sistemlərinin dəyərinin 40 %-i dövlət tərəfindən ödənilir. Eyni zamanda, fermerlər bu ildən suvarma sistemlərinin quraşdırılmasına görə ödənişləri “Fermer kartı”na köçürülmüş subsidiya məbləği hesabına nağdsız şəkildə ödəyə biləcəklər. Bu sahəyə dövlət dəstəyinin genişlənməsi nəticə etibarilə təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına marağı artırıb”.

V.Hüseynov deyib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 30 %-i ölkə ərazisində, 70 %-i isə qonşu ölkələrin ərazisində formalaşır: “Su balansına əsasən, yerüstü su ehtiyatlarımızın həcmi 36 milyard kubmetrdir. Quraqlıq illərində bu rəqəm 22-24 milyard kubmetrə qədər azalır. Ölkədə təxminən 1,5 milyon hektar ərazi suvarılan torpaqlardır. Suvarılan torpaqların 77,5 %-ini əkin torpaqları, 8,6 %-ini bağlar, 13,9 %-ini isə biçənək yerləri, örüş sahələri, həyətyanı sahələr və s. təşkil edir”.

O bildirib ki, yağıntıların az olduğu illərdə fermerlər suvarma ilə bağlı ciddi çətinliklərlə üzləşirlər, xüsusilə də əkin yerlərinin suvarılmasında ciddi probemlər yaranır: “Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə məhsuldarlıq aşağı düşür. Son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayırlar. Aparılan müşahidələrə görə, havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb, atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8 -10 % azalıb. Ölkədə əkinçilik sahəsinin böyük qisminin, yəni payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq daha kəskin hal alır ki, bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, daha çox məhsul istehsal etməyə mane olur . Bilirsiniz ki, iqlim dəyişmələri ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. Mövcud vəziyyət torpaq və su resurslarının deqradasiyasına şərait yaradır”.

13 yanvar, 2022, 13:50