Umayra Tağıyeva: “Sağlamlıq üçün zərərli çirkləndiricilərin müəyyən olunmasına başlanılıb”

“Hazırda Bakıda, Sumqayıt və Gəncədə insan sağlamlığı üçün zərər verə biləcək çirkləndiricilər təyin olunmağa başlanılıb”.

“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, gündəlik olaraq atmosfer havasına müxtəlif mənbələrdən-sənayedən, nəqliyyatdan və s. birbaşa azot 4-oksid, azot 2-oksid, kükürd qazı, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzol, etil benzol, toluol, kselol kimi qaz birləşmələri atılır: “Bu ildən Dövlət İnvestisiya Layihəsi çərçivəsində alınmış avtomatik rejimdə çalışan 5 stansiya və 1 ədəd Səyyar Laboratoriyanın imkanları hesabına havaya atılan qaz qarışıqları və toz hissəcikləri üzrə fasiləsiz monitorinq sistemi yaradılıb.

Stansiyadan əldə olunan məlumatlara əsasən, ilin isti dövründə qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin qatılıqlarının nisbətən yüksək olduğu müəyyən edilib. Həmin dövlərdə temperaturun yüksəlməsi, dayanıqlı hava şəraitinin tez-tez müşahidə olunması və digər meteoroloji parametrlər avtonəqliyyatdan və sənaye müəssisələrindən atılan tullantıların havada uzun müddət qalmasına şərait yaradıb və atmosfer havasının keyfiyyət göstəricilərin aşağı düşməsinə səbəb olub”.

Xidmət rəisi əlavə edib ki, sentyabr ayından başlayaraq yağıntılı günlərin sayının artması həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin konsentrasiyalarının nisbətən azalmasına və keyfiyyət göstəricilərinin yüksəlməsinə gətirib çıxarıb: “Bakı şəhərinin inzibati rayonları üzrə il ərzində əldə edilən məlumatların qiymətləndirilməsi göstərir ki, şəhər üzrə azot 4-oksid və kükürd qazının orta illik qatılıqları normadan 1.2 dəfə çox olub.

Atmosfer havasının çirklənmə mənbələrindən biri də transsərhəd gətirmələrdir. Son on ildə bu proseslər daha tez-tez müşahidə edilir. İl ərzində aprel, iyun və avqust ayının bəzi günlərində transsərhəd çirklənmə qeydə alınıb. Transsərhəd çirklənmə zamanı əsasən dispers toz hiccəciklərinin (PM10, PM 2.5) miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib”.

29 dekabr, 2021, 14:25