KOBİA: “Bu günədək 27 sahibkarlıq subyektinə startap şəhadətnaməsi verilib”

“Son illərdə gənclər xüsusi olaraq rəqəmsal texnologiyalara əsaslanan məhsul və xidmətlərə daha çox meyillidirlər”.

“Report”un məlumatına görə, bunu bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Gənc sahibkarların II Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb: “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır”.

O qeyd edib ki, bugünədək 27 sahibkarlıq subyektinə şəhadətnamə verilib: “Startap şəhadətnaməsi əldə edənlərin 50 %-ə qədəri gənc startaplardır”.

Xatırladaq ki, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslər bu meyarlara cavab verməlidir: mikro və ya kiçik sahibkarlıq subyekti olması; orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 %-dən çox olmaması; rezident vergi ödəyicisi olması.

12 dekabr, 2021, 11:58